Əsas Səhifə > Mədəniyyət / Son Dəqiqə > Mərhum rejissor Rövşən Almuradlının son tamaşası -

Mərhum rejissor Rövşən Almuradlının son tamaşası -


14-05-2019, 21:28.
title}
Mərhum rejissor Rövşən Almuradlının son tamaşası -


Kamal Almuradlı: “Dedi “yox, “İblis”in dövrü getdi; ömür vəfa etsə, Anarın “Səhra yuxuları”nı hazırlayacam”



Mayın 18-də Sumqayıt Dövlət Dram Teatrında fransız yazıçısı Marsel Berkye-Marinyenin “Oğru” əsəri əsasında, rejissor Rövşən Almuradlının eyniadlı tamaşası təqdim ediləcək. Tamaşa mərhum rejissor Rövşən Almuradlının xatirəsinə ithaf olunur. Bu barədə “Yeni Müsavat”a rejissorun oğlu Kamal Almuradlı məlumat verib.

Ötən ay qəfildən dünyasını dəyişən və onu sevənləri sarsıdan Rövşən Almuradlının hazırladığı sonuncu tamaşa olan “Oğru” komediya janrındadır. Səhnə əsərinin süjetində bütün tarix boyu mütəfəkkirlər tərəfindən cavabı axtarılan əsl məhəbbətin qiyməti ön plana çəkilir, gərgin yaşanan dramatik hadisələrin fonunda sevgi və pul dilemması müzakirəyə qoyulur. Tamaşada əməkdar artist İzaməddin Bağırov, aktyorlardan Şəmistan Süleymanlı, Elmir Mehdiyev, Vəfa Qurbanova, İlahə Səfərova rol alıblar.

Tamaşa 18 may, saat 19:00-da nümayiş etdiriləcək. K.Almuradlı bildirdi ki, tamaşa üçün “Açıq qapı” elan olunub. Eyni zamanda mərhum rejissorun sənət dostlarının, ziyalıların iştirakı gözlənilir.

K.Almuradlı “Yeni Müsavat”ın suallarını cavablandırdı:

-Kamal bəy, Allah Rövşən bəyə rəhmət eləsin! Onunla yubiley müsahibəsi edəcəkdik, qismət olmadı...

- Allah hər birinizdən razı olsun! Yubileyi ərəfəsində danışmışdıq. Demişdi ki, “Yeni Müsavat”a danışmaq istəyirəm. Demək istədikləri var idi. Ona görə də zəng etdim, xatırlatdım Rauf bəyə. O da sağ olsun, məni qırmadı, dedi mütləq müsahibə edəcəyik. Qismət deyək... İndi Tanrıdan bircə istəyim var ki, oradakı dostlarından ayrı salmasın, onlarla bir yerdə olsun! Tanrı geridə qalan dəyərli insanlara can sağlığı versin!

- Amin! Kamal bəy, yəqin ki, ömrünün son günlərində atanızla söhbətləriniz olub. Hansı arzu-istəkləri, ideyaları var idi?

- Son günlər sual vermişdim bu barədə. Soruşdum ki, “İblis”i hazırlamağı çox arzulayırdın, yenə də o fikirdəsən? Dedi ki, “yox, “İblis”in dövrü getdi. Ömür vəfa etsə, Anarın “Səhra yuxuları”nı hazırlayacam.

- Son yadigarı olan “Oğru” necə oldu hazırlandı?

-Bu tamaşa o vaxt Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev müdaxiləsi nəticəsində hazırlandı. O müdaxilə etməsəydi, olmayacaqdı. Hazırlama isə təxminən 6-7 ay çəkdi. Çox maraqlı tarixçəsi var bu tamaşanın hazırlanmasının.

-Adətən, məşhurlaşan insanlar paytaxta üz tutur. Almurad bəy isə Sumqayıt teatrına sadiq qaldı...

-Demək olar ki bütün teatrlarda tamaşa hazırlayıb. Amma ilk və son tamaşası Sumqayıtda oldu. Əgər maraqlı gəlsə sizə bu son tamaşanın hazırlanmasına necə razılıq əldə olunduğunu danışaram.

-Buyurun...

- Bu tamaşa 2017-ci ildə təhvil verilib. 2011-ci ildən 2016-cı ilədək tamaşa hazırlamağa imkan vermədilər atama. O da artıq üz döndərmişdi. Heç kimə də ağız açmaq niyyətində deyildi. Elə oldu ki, mən Əbülfəs Qarayevin Sumqayıtda qəbul keçirəcəyini bildim. Bu zaman nazirlikdə bir tanışımdan xahiş etdim ki, nazirlə görüşsünlər. O da “edək” dedi. Atama dedim, əvvəl razı olmadı. Sonra mən inad etdim və onlar 2016-cı ilin fevral ayında görüşdülər.

Görüşdə atam Heydər Əliyevlə Qədir Rüstəmovun arasında olan bir maraqlı söhbəti nazirə danışıb.

O vaxt Heydər Əliyev Qədir Rüstəmovu görüb. Soruşub ki, Qədir, nə sözün, nə tapşırığın? O da deyib ki, Heydər müəllim, bəlkə sənin “pensionnu”da tanışın ola, 6 aydı pensiyamı ala bilmirəm”. Bu söhbəti danışıb və deyib ki, Əbülfəz müəllim bəlkə bu teatr direktorlarından tanışın ola, deyəsən bir tamaşa hazırlayım. (gülür) Əbülfəs Qarayev gülüb və Ədalət Vəliyevə zəng edib. Deyib ki, Rövşən Almuradlıya tamaşa verin. O da deyib ki, alınan məsələ deyil cənab nazir! Çünki o sizi söyüb. Əbülfəs Qarayev də deyib ki, əşşi, söyüb, məni söyüb də, səni ki, söyməyib! Halbuki heç vaxt atam söyüşlə danışmazdı. Nəsə qərar verilib tamaşa hazırlamasına...Evdə oturmuşduq. 17 mart idi.

Atama zəng gəldi. Əbülfəs Qarayev idi. Dedi ki, ay Rövşən müəllim, axı, biz sənlə razılaşdıq. Niyə belə edirsən? Atam da soruşdu nə edirəm? Dedi mənə teatrın direktoru məktub yazıb ki, guya imtina edirsən tamaşa hazırlamaqdan. Atam da dedi ki, yalan söhbətdir. Əbülfəs Qarayev bir neçə saniyə dayandı, dedi ki, “vse ponyatno”.

Məsələyə Əbülfəs Qarayev bir də müdaxilə etdi və tamaşa verildi. İndi görürsünüz də necə bir cəmiyyətdə yaşayırıq. Kaş bu cür istedadlı adamların qarşısını alan cılız insanlar vaxtında cəzalansınlar.
Geri qayıt