Qulu Məhərrəmli ANS-in müdafiəsinə qalxdı...


Televiziya mütəxəssisi, professor Qulu Məhərrəmli Milli Televiziya və Radio Şurasının (MTRŞ) ANS-in “Hesabat” analitik-informasiya proqramının yayımını bir ay müddətinə dayandırmaq barədə qərarından təəssüfləndiyini bildirib.

“Telekanalların əksəriyyətinin xəbər buraxılışlarında və xəbərdəntörəmə proqramlarında teleyayımının əsas prinsiplərini pozması yeni hadisə deyil. Təəssüf ki, bizdə xəbər bülletenlərində və bir çox “analitik” adlandırılan proqramlarda qanunun tələb etdiyi tərəfsizlik, qərəzsizlik, hadisələri tam və doğru-dürüst işıqlandırmaq prinsiplərinə məhəl qoyulmur. Amma bu qaydalara az-çox əməl edən ANS-in cəzalandırılması bir qədər təəccüb doğurur”.

Bunu moderator.az-a söyləyən Q.Məhərrəmli onu da əlavə edib ki, MTRŞ-nın bəzi situasiyalarda senzor tərzi ilə davranması vəziyyəti gərginləşdirir. Bu qurumla ANS arasındakı münasibətlər bəlli qarşıdurma çərçivəsindən kənara çıxır, getdikcə xoşagəlməz çalarlar alır və təəssüf ki, yaxşı heç nə vəd etmir.

Q.Məhərrəmli "ANS-ə hücumlar artıq media azadlığı məsələsi deyil və bu hakimiyyətdaxili qruplaşmaların çəkişməsidir” fikrinə münasibət bildirməkdən imtina edib. Ekspert deyib ki, bütün kəm-kəsirləri ilə birlikdə ANS bizim teleməkanımızın bir mənzərəsidir, yaxşı xəbərçilik ənənənəsi formalaşdırıb, həm də ATV və "Xəzər TV" ilə yanaşı, ən çox baxılan telekanaldır. Ona görə də ANS-in yaşaması çox vacibdir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu