Tanınmış alimlər Qulu Məhərrəmlinin müdafiəsinə qalxdılar


Xəbər verdiyimiz kimi, tanınmış telejurnalist, filologiya elmləri doktoru Qulu Məhərrəmli AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Monitorinq şöbəsinin müdiri vəzifəsindən istefa verib. O, işdən çıxma səbəbini belə izah edib: “Bir institutda nə qədər işləmək olar? Tofiq Hacıyev rəhmətə gedəndən sonra da demişdim ki, bu institutda işləməyin bir mənası qalmayıb artıq”.

Dilçilik İnstitutunun direktor əvəzi, AMEA-nın müxbir üzvü Möhsün Nağısoylu isə Q.Məhərrəmlinin işində verdiyi nöqsanlara görə dəfələrlə şiddətli töhmət aldığını, sonda tutduğu vəzifədən kənarlaşdırıldığını deyib.

Folklorşünas, dilçi alim Qəzənfər Paşayev AzNews.az-a Q.Məhərrəmlinin istefasıyla bağlı danışıb. O, Q.Məhərrəmlinin məsuliyyətli və işinə ciddi yanaşan şəxs olduğunu bildirib:

“Qulu Məhərrəmli savadlı, qabiliyyətli və televiziya sahəsini mükəmməl bilən şəxsdir. Mən inanmıram ki, o, işində məsuliyyətsizlik etmiş olsun. Qulu Məhərrəmlini televiziyadan tanıyıram. Orada işlərim olub, getmişəm, onu işini bilən adam kimi tanıyıram”.

Professor Nizami Cəfərov isə hesab edir ki, Dilçilik İnstitutunda Qulu Məhərrəmlinin işini apara biləcək ikinci bir şəxs yoxdur:

“Qulu Məhərrəmli professor, elmlər doktoru, tanınmış və mükəmməl, yaradıcı bir elm adamı, peşəkar dilçi və eyni zamanda jurnalistdir. Bizim dilçilərin əksəriyyəti nəzəriyyəçidir, ya da həddindən artıq praktik təqlidçidir. Qulu Məhərrəmlinin özünəməxsusluğu ondan ibarətdir ki, bizim bu gün çox fəal olan, publisistik, ictimai düşüncələrimiz ilə dilçilik düşüncəmiz arasında bir körpüdür. Onun gördüyü işi görəcək ikinci adamı mən təsəvvür belə etmirəm. Yəni həm peşəkar dilçi, həm də publisistdir. Ona görə də onun istər xaric olunması, istərsə də işindən öz ərizəsi ilə getməsi yaxşı hal deyil. O, Dilçilik İnstitutunda, yaxud da dilçiliklə məşğul olan müəssisələrimizdə mütləq olmalıdır. Onun nüfuzu, iş qabiliyyəti elədir ki, hansısa bir elm müəssisəsində işləməsi bizim elmimizin və mədəniyyətimizin xeyrinədir”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az





Diqqətinizi çəkə biləcək digər xəbərlər
menyu
menyu