Dəmiryol turizminin inkişafı günün tələbinə çevrilib





Bakı-Gəncə-Göygöl istiqamətində reallaşdırılan infotur iştirakçılarda zəngin təəssürat yaradıb



İyunun 16-18-də "Azərbaycan Dəmir Yolları" QSC-nin dəstəyi və "Rail travel" şirkətinin təşkilatçılığı ilə Bakı-Gəncə-Göygöl-Gəncə-Bakı istiqamətində infotur keçirilib. Azərbaycanda dəmir yolu turizminin inkişafına dəstək məqsədilə təşkil edilmiş infoturda ölkədə fəaliyyət göstərən turizm şirkətlərinin və KİV-lərin nümayəndələri iştirak edib.

Gecə saat 23:20-də Bakıdan yola düşən qatar səhər 07:00-da Gəncəyə çatıb. Yolüstü "Böyük İskəndər" hotel-restoran kompleksində səhər yeməyi yeyən infotur iştirakçıları Azərbaycanın ən gözəl təbiət mənzərəsi olan Göygölə tərəf istiqamət alıblar.

Azərbaycanın ən gözəl təbiət muzeyi - Göygöl

Göygöl Gəncə şəhərinin Kəpəz rayonunda 1556 metr hündürlükdə yerləşir. Nadir su incilərindən biri olan gölün su səthi 80 hektar, ən dərin yeri 95 m-dir.

Bənzərsiz gözəlliyi, ruh oxşayan görünüşü və suyunun şəffaflığı ilə seçilən bu məşhur göl 1139-cu ildə Gəncədə baş vermiş zəlzələ nəticəsində Kəpəz dağının uçaraq Ağsu çayının qarşısını kəsməsi nəticəsində yaranıb.

Göygöl Azərbaycanın ən gözəl təbiət muzeyi sayılır. Eyni adlı Milli Parkın 5094 hektarı meşə, 109 hektarı su, yerdə qalan hissəsi isə açıq və dağ sahələridir. Dağ sahələri xüsusi olaraq çöl heyvanlarının orada yaşaması, onların miqrasiyası üçün nəzərdə tutulur. Dağ sahələrində ən çox bezuar dağ keçiləri yaşayır. Daha sonra orada dağ kəklikləri, ular, bir neçə Qafqaz tetrası kimi nadir heyvanlar da var. Bu ərazilər Milli Parkla birləşdiriləndə həmin heyvanlar burada mühafizə olunmaq üçün xüsusi qoruq yuvasına salınıb.

Göygöl və onun ətrafının meşə landşaftı öz təbiət zənginliyi və füsunkarlığı ilə dünyada məşhurdur. 1100-2200 m hündürlükləri əhatə edən dağ meşələri çox zəngin bitki örtüklü olub, 80-ə qədər ağac və kol növünə malikdir.

Bu ərazidə Göygöldən başqa 17 xırda göl də var. Bu 17 göldən 14-nün adı xalq arasında daha çox tanınır. Bunlar Maralgöl, Zəli, Qara, Güzcü, 2-ci Zəli gölü, Ördək, Quş, Ayı, Çoban, Turist və s. göllərdir. Adları çəkilən göllərin hər biri özünəməxsus şəkildə gözəl, füsunkar və möcüzəlidir. Bu göllərdən ölçülərinə görə Maralgöl ən böyüyüdür. Təbii ki, Göygöldən sonra. Maralgölə tamaşa etmək istəyənlər ilin günləri qədər pilləkəni qalxmaq əziyyətinə də qatlaşmalıdır.

Qafqazın hər fəsilə uyğun turistik zonası

Göygölü Qafqazın hər fəsilə uyğun turistik zonası da adlandırırlar. Çünki Göygöl təkcə yay turizm mövsümündə deyil, qışda da çox əlverişlidir. Burada hətta qış aylarında xizək sürmək üçün şərait var.

Bütün bunları nəzərə alaraq, 2008-ci ildə Göygölə milli park statusu verildikdən sonra burada ekoloji vəziyyətin yaxşılaşdırılması və turizm infrastrukturunun yenidən qurulması üçün əraziyə giriş məhdudlaşdırılmışdı. 2015-ci ilin avqust ayından isə bu cənnət məkan yenidən öz qapılarını heyranlarının üzünə açdı.

Onu da qeyd edək ki, bu müddətdə Göygöl Milli Parkının yenidən kütləvi istirahət və gəzintilərə açılması, insanların istirahətinin standartlara uyğun təşkil edilməsi məqsədilə burada hər cür şərait qurulub, hotellər, restoranlar tikilib. Qonaqlar xüsusi dayanacaqda maşınlarını saxlayıb sərbəst şəkildə hərəkət edə bilərlər. Göygöl Milli Parkının ərazisində eyni vaxtda 500 nəfər gəzintiyə çıxıb təbii füsunkarlıqdan zövq ala, istirahət edə bilər. Su-kanalizasiya xətləri, sanitar qovşaqlar çəkilib, istirahətə gələnlərin eko-sistemə ziyan vurmadan dincəlmələri, istirahət etmələri mümkündür.

Göygölün gözəlliklərindən zövq alan infotur iştirakçıları buradakı "Kəpəz" istirahət mərkəzi ilə tanış olublar.

Göygöl Milli Parkı və Göygöl Turizm İstirahət Kompleksinin nümayəndəsi İrşad Abbasov bildirib ki, kompleks ötən il 200 minə yaxın turist qəbul edib. Bu ilin əvvəlindən indiyəqədərki nəticələrə əsasən demək olar ki, bu il bu rəqəm daha da artacaq. Xüsusilə xarici turistlərin sayında nəzərəçarpan artım müşahidə olunur.

Kompleks nümayəndəsi onu da qeyd edib ki, milli parkı ziyarət edən insanların sayı turizm şitkətləri ilə əməkdaşlıq etməyə başlandıqdan sonra artmağa başlayıb. O, gələcəkdə bu əməkdaşlığı daha da genişləndirəcəklərini deyib.

Göygöl Turizm və İstirahət Kompleksinin qeyd-qəbul şöbəsinin müdiri Nicat Məhərrəmov bildirib ki, ərazidə 5 ədəd hotel korpusu və kotteclər fəaliyyət göstərir. Kotteclər əsasən 2 nəfər üçün nəzərdə tutulub. Korpuslar bu mövsümdə ilk dəfədir fəaliyyətə başlayır. Burada bütün ilboyu turist olur. Xarici ölkələrdən əsasən İrandan, İsveçdən, Norveçdən, Almaniyadan, Avropa və ərəb ölkələrindən gələnlər çoxluq təşkil edir.

Nicat Məhərrəmov maraqlı bir faktı da diqqətə çatdırdı ki, bir çox hallarda kompleksin ziyarətçiləri arasında 2-ci, 3-cü dəfə gələnlər də var və onların sayı getdikcə artır.

"Rail Travel" dəmir yolu boyunca yerləşən regionlara turlar təşkil edir

Günün ikinci yarısında iştirakçılar "Böyük İskəndər" hotel-restoran kompleksində təşkil olunan dəyirmi masaya qatılıblar. Səfərin məqsədi barədə danışan "Rail travel" şirkətinin direktoru Oktay Aslaov bildirib ki, turizmin inkişafı Azərbaycanda dövlət siyasətinin tərkib hissəsidir. Son illərdə ölkəmizin mövcud turizm potensialının beynəlxalq aləmdə tanıdılması, turistlərin Azərbaycana səfərlərinin daha sadə yollarla təşkili, turizmin müxtəlif növlərinin inkişaf etdirilməsi və bu sahədə müasir infrastrukturun yaradılması istiqamətində məqsədyönlü işlər görülür. Başda Mədəniyyət və Turizm Nazirliyi olmaqla, ölkədə fəaliyyət göstərən turizm təşkilatları və şirkətlər də müxtəlif layihələr və proqramlarla bu inkişafa öz töhfələrini verirlər.

Şirkət rəhbərinin sözlərinə görə, "Rail" şirkəti bu məqsədlə dəmir yolu boyunca yerləşən regionlara turlar təşkil edir və bu işdə onlara"Azərbaycan Dəmir Yolları" QSC yaxından dəstək verir: "Şirkətimizin yeni layihələrindən biri də bu gün təşkil etdiyimiz turdur. Ümumiyyətlə, dəmir yolu ilə turizm təhlükəsiz olması ilə hər zaman diqqəti cəlb edir. Eyni zamanda vaxt itkisi və mənzilbaşına rahat yetişmək baxımından da qatarla səyahət etmək üstünlük təşkil edir. Təklif etdiyimiz layihə olduqca perspektivlidir. Turda iştirak etmək istəyənlərə ailəvi səyahət etmək üçün xidməti vaqonlar təklif edilir ki, burada hər cür şərait var. Bunda əlavə, 18 nəfərlik SV, 36 nəfərlik kupe və 54 nəfərlik plaskart vaqonlar da turistlərin ixtiyarına verilir".

Oktay Aslanov diqqətə çatdırıb ki, layihə uğurlu alınacağı təqdirdə regionlarda turizmin inkişafı üçün çox böyük perspektiv olacaq: "Biz turizm şirkəti olaraq təqdim etdiyimiz layihənin uğurlu olmasında çox maraqlıyıq. Onu da bildirim ki, qatarla ölkədaxili turların təşkilinə Yaponiyada və Avropanın əksər ölkələrində üstünlük verilir. İnanıram ki, Azərbaycanda da bu bir ilk olaraq çox böyük nailiyyət qazanacaq".

"Azərbaycan Dəmir Yolları" QSC ölkədə turizmin inkişafına öz töhfəsini verməyə çalışır

"Azərbaycan Dəmir Yolları" QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Elbariz Məmmədov bildirib ki, dəmir yolunda hazırda bütün istiqamətlər üzrə əsaslı yenilənmələrə başlanılıb: "Vaxtilə ölkənin qərb bölgəsinə 9 saata çatan qatar indi bu məsafəni daha az vaxta qət edir. Buna yolların beynəlxalq standartlara uyğun olaraq əsaslı təmiri ilə nail olunub. İndi sərnişin qatarları saatda 100 kilometr, yek qatarları isə 80 kilometr sürətlə hərəkət edə bilir.

Yoldəyişənlər dəmir-beton şpalların üzərində qurulub. Bu şpallar ölkədə istehsal olunsa da içərisindəki detallar xarici ölkələrdən, o cümlədən Almaniyadan sifariş edilir. Bundan başqa, dəmir yolunun kontakt şəbəkəsi, rabitə-işarəvermə sistemi yenilənir. Vaqon parkı çox sürətlə yenilənir. Son vaxtlar 3100 ədəd vaqon alınıb. Bildiyiniz kimi, Bakı-Sumqayıt yolu Azərbaycanda ən böyük sosial sifarişlərdən biri idi. İndi bir gün ərzində bu istiqamətdə gedən qatarlar 5000 min nəfərdən çox sərnişini mənzil başına çatdırır".

QSC nümayəndəsi onu da deyib ki, hazırda "Azərbaycan Dəmir Yolları" QSC-nin rəhbərliyi trazit yüklərin dəmir yoluna cəlb edilməsi üçün axtarışlar aparır: "Artıq Gürcüstanla konteyner daşımaları ilə bağlı ilk qatarımız gəldi. Digər ölkələrdən yükdaşımaların həcmini artırmaqla bağlı müəyyən işlər görülür. Bütün bunlarla yanaşı, "Azərbaycan Dəmir Yolları" QSC ölkədə turizmin inkişfına da öz töhfəsini verməyə çalışır. Bu məqsədlə turizm şirkətləri ilə əməkdaşlığa başlamışıq. Bunun üçün dəmir yolunun həm vaqonları, həm xidməti personalı var. Hazırda təqdimatını keçirdiyimiz layihə də bu məqsədə xidmət edir. Bunu ölkədaxili turlar vasitəsilə də, Gürcüstana, İrana, Türkiyəyə də həyata keçirmək mümkün olacaq. Bakı-Tiflis-Qars dəmir yolu xətti istifadəyə verildikdən sonra bu perspektiv də mümkün olacaq".

Dəmiryol turizminin bir çox üstünlükləri var

Səfərdə iştirak edən Azərbaycan Sağlamlıq və Termal Dəstək Assosiasiyasının rəhbəri, "Millennium Travel" şirkətinin direktoru Ruslan Quliyev də layihəni yüksək qiymətləndirib. Onun sözlərinə görə, Azərbaycanda dəmiryol turizminin inkişafı və reallaşdırılması bu günün tələbidir. Dəmiryol turizmini inkişaf etdirməklə məktəbli və gənclər turizminin də inkişafına təkan vermək mümkündür. Təhlükəsiz nəqliyyat vasitəsi olması, ətrafı rahat seyr edə bilmə üstünlüyü, qatar daxilində rahat hərəkət edə bilmə imkanı, mənzilbaşına rahat şəkildə çatma, ətraf mühitə dost nəqliyyat növü olması, tixac sıxlığı probleminin olmaması bu turizm istiqamətini cəlbedici edən və populyarlığını artıran vacib amillərdir.

Tədbirdən sonra iştirakçılar Gəncədə yerləşən "Delixe" hotelinə baş çəkiblər, daha sonra şəhərin tarixi mədəniyyət obyekləri ilə yaxından tanış olublar. Onlar "Gəncə Qapıları", "Nizami Gəncəvi" məqbərəsi, buradakı məşhur butulka ev, Şah Abbas məscidi, Çökək hamam, Cavad xan türbəsi və Xan bağına da səfər ediblər.

İyunun 17-si axşamı infotur iştirakçıları Ağstafa-Bakı qatarı ilə Bakıya doğru istiqamət alıblar.

Fəxriyyə Abdullayeva
























AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu