Baş redaktor Elmira Süleymanovaya müraciət etdi




“Sonolay.org” saytının baş redaktoru, jurnalist Ramin Məhəmmədoğlu İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanovaya müraciət edib. O, müraciərində qanunsuz həbs edilərək 17 saylı Cəzaçəkmə Müəssisəsində dustaq olan, səhhəti gündən-günə ağırlaşan atası Qurbanov Məhəmməd Rəşid oğlu ilə Ombudsman nümayəndələrinin görüşünün təşkil olunmasını xahiş edib.

AFN-in məlumatına görə, baş redaktor Elmira Süleymanovaya müraciətində yazır: “Azərbaycan müharibə şəraitində yaşayan ölkədir. Mənsubu olduğum ailə Ermənistanın təcavüzü nəticəsində Füzuli rayonundan məcburi köçkün düşüb, Beyləqan rayonunda məskunlaşıb. Jurnalist olaraq peşə fəaliyyətimdə həm silahlı müharibəni pisləmiş, həm də korrupsiyaya qarşı mübarizə aparmışam. Çünki o qənaətdə olmuşam ki, korrupsiya ölkəmizdə dövlətimizin iqtisadi, dolayısı ilə də hərbi gücünü azaldan əsas mənfi faktordur. Hesab eləmişəm ki, korrupsiya vətəndaş həmrəyliyinə, insan və vətəndaş hüquqlarına, əhalinin sosial rifahına zərbə vuran cinayətdir. Lakin media mənsubu olaraq korrupsiyaya qarşı mübarizə müstəvisində yazdığım tənqidi məqalələrə görə bürokratiyanın təqibiylə üzləşmişəm və nə yazıq ki, bu təqiblərdən mənim ailə üzvlərim əziyyət çəkirlər. Ailə dramı yaşadığımıza, məhkəmələrdə sürünməyimizə baxmayaraq, nikbinliyimizi qoruyuruq və inanırıq ki, Ombudsman Aparatında müraciətimə həssas yanaşılacaq.

İxtiyar yaşlı atam Qurbanov Məhəmməd Rəşid oğlu Ağcabədi rayon məhkəməsinin 06.03.2017-ci il tarixli qanunsuz hökmü ilə üç il müddətində azadlıqdan məhrum edilmişdir. Atamın həbs olunması mənim jurnalist fəaliyyətimlə bağlıdır. Ona görə ki, mən bir jurnalist olaraq peşə fəaliyyətimlə əlaqədar 2016-cı ilin may – iyun aylarında Ağcabədi rayon təhsil sistemində mənimsənilən 897,0 min manat dövlət vəsaitini aşkara çıxarmışam. Həmin fakta görə, Ağcabədi rayon təhsil şöbəsinin müdiri vəzifəsində işləmiş Mehdi Əhmədov barəsində 2016-cı ilin avqust ayında Baş prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsində 162026172 №-li cinayət işi açılmışdır. Ağcabədi məktəblərində mənimsənilən bu qədər dövlət vəsaitinin yoxa çıxmasından heç də xəbərsiz olmayan icra başçısı Şahin Məmmədov məndən qisas almaq məqsədi ilə atam Qurbanov Məhəmməd Rəşid oğlunu şərlədərək Cinayət Məcəlləsinin hədə – qorxu maddəsi ilə həbs etdirib.

Odur ki, xahiş edirəm, hazırda Binə qəsəbəsindəki 17 saylı Cəzaçəkmə Müəssisəsində dustaq olan, səhhət durumu gün-gündən ağırlaşan atam Qurbanov Məhəmməd Rəşid oğlu ilə Ombudsman nümayəndələrinin görüşü təşkil olunsun, atam dinlənilsin, ona hüquqi və mənəvi yardım göstərilsin. Tərəfimdən məruz qaldığımız hüquqpozmalara dəlalət edən materialları gərəkdiyi təqdirdə təqdim edə bilərəm”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu