Kimsə "KRİTERİYA"mı dedi?..- Zeynəb Kazımova




Tanınmış jurnalist Zeynəb Kazımova mənzil alan jurnalistlərin siyahısında adının olmamasına etiraz əlaməti olaraq öz tərcümeyi-halını dərc edib. Haqsızlıqla üzləşən həmkarımızın kriteriyalara tam uyğun gəldiyini nəzərə alıb, onun feyzbukda yaydığı tərcümeyi-halını olduğu kimi təqdim edirik:

"Bilməyənlər üçün": Mənim 23 illik fəaliyyətim

Mən, Kazımova Zeynab Fəhrad qızı, beynəlxalq jurnalistika ixtisası üzrə 1994-1998-ci illərdə BDU-da bakalavr və 1999-2001-ci illərdə magistr təhsili almışam. Magistr dissertasiyamın mövzusu “Azərbaycan-Fransa əlaqələri mətbuatda” olub. 23 ildir Azərbaycan mediasındayam, öz jurnalist fəaliyyətimə 1995-ci ildən Azərbaycan Dövlət Radiosunun İqtisadiyyat redaksiyasında reportyor kimi başlamışam.(ştatdankənar) İstər radio və TV-də, istərsə də, yazılı mətbuatda - bir sıra mətbu orqanlarda çalışmışam. Qazax rayon radio qovşağında da qısamüddətli fəaliyyətim olub. 2006-cı ildə AZTV-nin İctimai-siyasi verilişlər departamentinin “Xəbərlər” redaksiyasında müxbir kimi də fəaliyyət göstərmişəm. 2001-ci ildə magistr təhsilimi başa vuraraq fransızdilli “Az-Media” qəzetində müxbir kimi işə qəbul olunmuşam və 2003-ci ildə həmin qəzetin baş redaktoru olmuşam, 2002-ci ildən baş ofisi Parisdə yerləşən Fransızdilli Mətbuat Birliyinin üzvü və hazırda Birliyin Azərbaycan bölməsinin rəhbəriyəm.
2005-2006-cı tədris ilində Bakı Slavyan Universitetində dissertanturaya daxil olmuşam. Mövzum “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi Fransa mətbuatında” adlanır. (Lakin kirayələrdə sürünməkdən hələ də müdafiə edə bilməmişəm, elmi işimlə bağlı bir çox mənbələrim kirayə evlərdə it-bata düşüb.) Bununla yanaşı, “Azərbaycan-Fransa əlaqələri (Fransa mətbuatı əsasında)” adlı monoqrafiya hazırlamışam. 2009-cu ildə Belçika Krallığının Azad Brüssel Universitetinin Avropaşünaslıq İnstitutunda BEYNƏLXALQ JURNALİST KİMİ ELMİ İŞÇİ-TƏQDİQATÇI STATUSU almışam.
2004-cü ildə Parisdə “Le gazette” qəzeti redaksiyasında “FRANSIZ DİLİNDƏ YAZI JURNALİSTİKASI” üzrə, 2014-cü ildə Oslo Universitetində “MEDİA STUDİES” üzrə kursları uğurla keçərək sertifikat almışam.
2007-ci ildə Azərbaycanın YEGANƏ FRANSIZDİLLİ mətbu orqanı olan “Le Carrefour” (Yol qovşağı) qəzetini təsis etmişəm və bu günədək qəzetin təsisçisi və baş redaktoruyam. Azərbaycanda fransız dilində yeganə nəşr olan “Le Carrefour” (Yol qovşağı) qəzeti 14 may 2007-ci ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydiyyatdan keçib.(№2234) Fransız dilində nəşr olunan “Le Carrefour” qəzeti Azərbaycan KİV-də yeganə belə bir həftəlik nəşr olmaqla, məqsədi Azərbaycan-Fransa əlaqələrinin inkişafına dəstək vermək, Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq, ölkəmizi tanıtmaq və xalqımızın milli-mənəvi dəyərlərinin, həmçinin mədəni irsinin təbliğidir. 10 ildən çoxdur ki, qəzet bu istiqamətdə xeyli işlər görüb. “Le Carrefour” qəzetinin təşəbbüsü və təşkilatçılığı ilə dəfələrlə Mətbuat Şurası ilə birgə “Azərbaycanda xaricidilli KİV-in durumu: problemlər və inkişaf perspektivləri” mövzusunda dəyirmi masalar, tədbirlər təşkil etmişəm. Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə 2012-ci ildə Azərbaycan Milli Mətbuatının banisi Həsən bəy Zərdabinin 170 illiyi ilə bağlı tədbirin və 2013-cü ildə “Ə.Topçubaşövun 150 illik yubileyinin keçirilməsi haqqında” sərəncama müvafiq olaraq “Əlimərdan bəyTopçubaşov mətbuat xadimi kimi” adlı tədbirin təşkilatçısı olmuşam.
Eyni zamanda, iki ali məktəbdə - 2008-2014-cü illərdə Azərbaycan Dillər Universiteti (ADU) və 2014-2017-ci illərdə Bakı Ali Neft Məktəbində (BANM) İctimaiyyətlə əlaqələr və mətbuat xidməti şöbələrini mən quraraq hər iki strukturun formalaşmasında əvəzsiz xiidmətlərim olub. KİV-lə əlaqələrin qurulmasında xidmətlərimə və səmərəli jurnalist fəaliyyətimə görə Azərbaycan Respublikası Təhsil nazirinin xüsusi təşəkkür məktubu ilə analoji qurumlar arasında ilk dəfə mən təltif olunmuşam. 2010-cu ildə rəhbərlik etdiyim xidmət “İlin mətbuat xidməti” seçilib. 2011-ci ildə isə, “İlin mətbuat katibi” seçilmişəm. 2012 və 2014-cü illərdə Azərbaycan ali təhsil müsəssisələri içərisində rəhbərlik etdiyim xidmət “İlin ən yaxşı mətbuat xidməti” nominasiyası üzrə seçilib. 2008-2014-cü illərdə ADU-nun rəsmi mətbu orqanı olan “Poliqlot” qəzetinin baş redaktoru kimi də fəaliyyət göstərmişəm. Jurnalistikada həm də elmi-pedaqoji fəaliyyətim var. 2006-2009-ci illərdə Bakı Slavyan Universitetində (BSU), 2009-2014-cü illərdə ADU-da Jurnalistika fakültələrində bu ixtisas üzrə müəllim kimi fəaliyyət göstərmişəm. Tələbələrimin əksəriyyəti hazırda Azərbaycan KİV-də çalışırlar.
Bununla yanaşı, yenə də mütəmadi olaraq sosial-ictimai mövzularda yazılarla, publisistik məqalələrlə dövri mətbuatda, müxtəlif saytlarda müəllif yazılarım dərc olunur. Azərbaycanda xaricidilii medianın fəaliyyəti ilə bağlı elmi, publisistik və tədqiqat yazılarının müəllifiyəm. Bu mövzuda müxəlif saytlarda silsilə yazılarım çıxıb.
Bundan başqa, Azərbaycan mediasında fransızdilli jurnalist olaraq xarici ölkələrdə ölkəmizin təbliğatında və təmsil olunmasında yaxından iştirak etmişəm. Müxtəlif vaxtlarda media və jurnalistika üzrə bir sıra konfrans, seminarlar və yay məktəblərində iştirak edərək, fransızdilli və ingilisdilli kursların iştirakçısı olmuşam. 2004-cü ildə Cənubi Qafqaz ölkələri içərisində yeganə jurnalist olaraq Azərbaycanı Burkina Fasoda (Afrika) keçirilən beynəlxalq konfransda layiqincə təmsil etmişəm. 2014-cü ildə Norveçin Oslo Universitetində Azərbaycanda mətbuatın yaranması, jurnalistikanın inkişafı, Milli Mətbuatımızın banisi H.Zərdabi haqqında məruzə etmişəm.
Hazırda rəsmi olaraq çalışdığım sonuncu iş yerimdən ayrılmalı olaraq bu ilin mart ayında istefa verdiyim üçün və dəfələrlə etdiyim müraciətlərimə baxmayaraq qəzetimə KİVDF dəstək olmadığına görə heç yerdən maaş almıram. Kirayədə yaşadığım üçün mənim də hazırda mənzilə böyük ehtiyacım var... Kimsə "KRİTERİYA"mı dedi?...



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu