VƏTƏNi dala bənzətmə...




Jalə MÜTƏLLİMOVA

Bitmir, tükənmir. Əslində bilirdim, gözləyirdim ki, nələrsə olacaq. Nədənsə inanmırdım, inanmaq istəmirdim bu qədər iyrənc və eybəcər oynanılacaq oyunlar. Bu qədər ikrah doğuracaq hər şey. Belə xəbisliklər ortaya çıxacaq. Okeanın o tayından kişilənənlər siyahı tutub da Azərbaycan dövləti adından ölkə başçısı İlham Əliyevin jurnalistlərə təqdim etdiyi mənzilləri alanlara ləkə vurmağa çalışacaqlar. İllərini, həyatını mətbuatdan başqa heç nəyə həsr eləməyənlərin yeddi arxa döyənlərini ev aldıqlarına görə gordan çıxarıb söyəcəklər. Adamın inanmağı gəlmir ki, ölkədə siyasi mübarizə artıq fərdlər arasında abırsız küçə adamlarının qovğası həddinə enib. Və sən kənardan nə qədər abrınla-həyanla cavab verirsən ver xeyri yoxdur. Kimsə səni eşitmir. Çünki küçə davasıdır, küçə...sənsə küçə uşağı deyilsən...Təəssüfmü, təəccübmü ediləsi durumdur, onu da bilmirsən. Bircə bildiyin bu ki, adamın lap uca bir yerə çıxıb bərkdən qışqırmağı gəlir. İstəyirsən deyəsən ki...

-Adamlar heeeeyyyy, ayyy adamlaaarrr, bu qədər iyrənc oyunları haradan öyrəndiniz?!.. Bu qədər nifrətlə necə yaşaya bilirsiniz?!..

Amma yenə də şoğərib abrın mane olur, susursan. Sakitcə yazırsan, bəlkə dinə-imana, insafa gələn oldu deyə ümid eləyirsən.

İyirmi dörd illik jurnalist fəaliyyətim müddətində Azərbaycan dövləti adından prezident İlham Əliyevin mənə bağışladığı mənzil ilk və yeganə dövlət mükafatımdır. İndiyə qədər kimsənin diplomunu, fəxri adını, tutduğu postu, media günü münasibəti ilə dəvətli olduğu tədbirləri müzakirə eləməmişəm. Niyə yoxam, niyə kənarda saxlanıldım davası döyməmişəm. Nə əxlaqıma, nə ailə, nə də peşə tərbiyəmə uyğun bilməmişəm bunu. Hər kəsi təbrik eləmişəm cani-könüldən. Səbirlə işimi görüb, peşəmi daha yaxşı mənimsəməklə məşğul olmuşam. Düşünmüşəm ki, mənim də zamanım gələcək, məni də dövlətim görüb dəyərləndirəcək. O gün gələndə bunu hamıdan qabaq hiss eləyəcəm, intuitiv olaraq. Yox əgər bir ömür yaşayıb jurnalistika ilə məşğul olsam və o gün gəlməsə, deməli mən dövlətə, vətənə layiq olmamışam, səmimi deyirəm, inanan da var olsun, inanmayan da.

Həmin təqdimat mərasimində bəlkə cəmi bir-iki adam bilmirdi alacağı mənzilin hansı kvadraturada olmasını. Onların biri mən idim. Çünki prezidentin məni dövlət adından mənzillə mükafatlandırması xəbərini verən rəsmi şəxsdən bunu soruşmağa utanmışdım. Daha dəqiqi heç ağlıma də gəlməmişdi soruşum. Bəlkə çox sadəlöhv, ya da çoxbilmiş deyəcək kimsə mənə, amma əmin olun heç biri deyil, sadəcə abrını gözləyən adamın reaksiyasıdır. Mənə görə önəmlisi o idi ki, həyatımın vacib hadisəsi baş verib. Lap mənzilim bircə otaqdan ibarət olsa belə həyatımı büsbütün dəyişdirəcəkdi. Tanıyanlar bilir, obyektiv bildiyimi yazmışam, qərəzim, kinim, nifrətim olmayıb. Fərdlərə, dövlətə, vətənə qarşı vicdan prinsipini əsas tutmuşam. Mənə nifrəti olduğunu bidiyim insanlardan yazanda belə ədalət hissimi itirməməyə çalışıram. Bunu bəzən yarınmaq kimi dəyərləndiriblər. Mənsə arın-arxaylın olmuşam. Çünki gündə azı iki dəfə güzgüyə baxan biri kimi özüm özümdən utanmamışam daxili hesabatımda. Vicdanım rahat olub.

Bütün bu yazdıqlarım mənəm-mənəmlik azarı deyil. Çox istedadlı bildiyim bir karikaturaçı rəssamın, Gündüzün mən və mənim kimi onlarla jurnalistə çəkdiyi “DAL” karikaturasına baxa-baxa içimdən keçənlərdir söylədiklərim. Düşünürəm olar, yəni o mənzilləri alan bizə və hakimiyyətə ikrahı, kini ola bilər adamın. Bəs məntiqlə düşünəndə o dal kimindir? Çünki bizə ev mükafatını fərd olaraq bu gün Azərbaycan dövlətinin başında duran prezident İlham Əliyev təqdim edib. Amma bu onun öz əmlakı yox Azərbaycan dövləti, dolayısıyla vətən adından təqdim etdiyi mükafatdır. İndi dolayısıyla karikaturaçı rəssam VƏTƏNimi dala bənzədir?!.. Eyvahlar olsun!

Biz bu qədər rəzil və bərbad mənəvi duruma düşəcək adamlar olmamalıydıq. Biz fərdlərə olan nifrəti vətənin üstünə qusmamalıydıq. Biz illərdir tanıdığımız, qələminə bələd olduğumuz onlarla jurnalistə, qadınlı kişili hər kəsə bu münasibəti göstərməməliydik karikaturaçı qardaş. Niyə biz?!.. Nə fərqi var çəkirsən, sən də bizsən, sözü şəkildə, rəsmdə deyənsən, media əhlisən. Sən bizi nədə ittiham eləyirsən elə, biz də səni elə biz bilirik, bütün mənfin, kinin, nifrətinlə...

Müsibəti-Fəxrəddin odur ki, bir qrup illərini, həyatını bu ölkənin mediasına, sözün həqiqi mənasında xərcləyən media mənsubu dövlətdən, məhz dövlətdən mənzil alıb? Dövlət qarşısında, insan, vətəndaş, jurnalist xidmətinə görə mükafatlandırılıb? Noolar ki? Kim ölüb ki, bu hadisədən?

Əslində heç kimə heç nə olmayıb. Sadəcə biz başqasını sevməkdən, özümüzə dünyanın ən iyrənc və murdar sözlərini deməkdən başqa heç nə bacarmayanlar ordusuyuq, cəmiyyət, toplum olaraq.

Bu situasiyanı dəqiq bilən biri kimi sizə sözüm var. Nə deyirsiniz deyin, mən və mənim kimi xeylisi bu evi haqq eləyib alanlarıq rəssam qardaş. Çoxlu sayda müxalifətli, hökumətli hər iki düşərgədən olan adamdan eşitdiyimdir bu. Amma yenə də olsun bizə nə deyirsiniz deyin. Olmasaq da satqın, eləməsək də xəyanətkar, bacarmasaq da yaltaq və sair söyləyin. Bu fərdə olan münasibətdir deyə qəbullanmaq olar. Amma istedadlı bir adam, vətəndaş, rəssam Gündüzə də deyin başa düşsün, anlasın ki, bu bizə fərdlərin yox dövlətin, vətənin mükafatıdır. Fərdlərə olan nifrətini vətənə yönəltmək olmaz. Yəni bir insan arxası çəkib, bizi ora girən kimi təsəvvür elədisə bu bir insanın tərbiyyə göstəricisidir. Onu qoyuram kənara. Amma düşünəndə ki, bu bir də vətənin verdiyi mükafatdır. Məntiqlə o şəkildəki dal dolayısıyla vətəndir. Biz cəhənnəm ay Gündüz, adam kişi olar, VƏTƏN-i dala bənzətmə!..(musavat.com)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu