“Arzularımı “Le Carrefour” vasitəsilə həyata keçirdim”-Zeynab Kazımova


“Arzularımı “Le Carrefour” vasitəsilə həyata keçirdim”-Zeynab Kazımova


“Təəssüf ki, Azərbaycanda yeganə fransızdilli qəzetə maddi dəstək verilmir”



Onunla söhbətləşmək qərarına tez-tez paylaşdığı statusları gördükdən sonra gəldim. Hər dəfə sanki bir ana öz istedadlı balasına diqqət çəkməyə çalışırmış kimi, təsis etdiyi və ölkədə yeganə fransızdilli mətbu orqanı olan "Le Carrefour" qəzeti haqda yazanda içindəki jurnalistliyə, həvəsə heyran olurdum. Müsahibə etmək, üzləşdiyi çətinlikləri bir daha dinləmək, gördüyü işin əhəmiyyətini geniş auditoriyaya çatdırmaq istəyimi bildirəndə çox razılıqla qarşıladı. Necə deyərlər, sarı simə toxunmuşdum. Beləliklə, AFN.az portalında növbəti müsahibimiz Azərbaycanda yeganə fransızdilli qəzet olan "Le Carrefour"un təsisçisi və baş redaktoru Zeynab Kazımovadır.

- Təbii olaraq ilk sualımız: niyə məhz fransızdilli qəzet?

- Cavab ilk baxışda çox sadədir: çünki mənim birinci xarici dilim fransız dilidir. Bakı Dövlət Universitetində beynəlxalq jurnalistika üzrə təhsil aldığımız üçün bizim fakültənin tələbələri mütləq şəkildə ən azı iki dil bilməli idilər. Mən orta təhsilimi aldığım Qazax rayonu Daş Salahlı kəndində xarici dil olaraq fransız dili keçmişdim. Ona görə birinci xarici dil kimi məhz bu dili seçdim. Uşaqlıqdan da dil öyrənməyə həmişə böyük marağım olub. Hələ yazıb-oxumağı təzə öyrənəndən anam mənə o vaxtlar rus dilində sehrli nağıllar, şeirlər kitabı alırdı. 5-ci sinifdə oxuyanda düşünürdüm ki, rus dili müəllimi olacam. 6-cı sinifdən isə bizə xarici dil tədris olunmağa başladı və mən həvəslə fransız dili fənninə maraq göstərirdim. Deməyim odur ki, rus dilinə marağım məndə ümumiyyətlə dil öyrənməyə bir həvəs oyatdı. Artıq 7-ci sinifdə qəti qərar verdim ki, jurnalist olacam. Həmişə arzulayırdım ki, jurnalist kimi xaricdən gələn rəsmi şəxslərdən müsahibələr alacam, xarici jurnalistlərlə ünsiyyət yaradacam. Bu arzularımı “Le Carrefour” vasitəsilə həyata keçirdim. 2002-ci ildən Beynəlxalq Fransızdilli Mətbuat Birliyinin üzvüyəm. 2007-ci ildən Azərbaycanın yeganə fransızdilli qəzetinin təsisçisi və baş redaktoruyam.

- Fransada olmusunuzmu?

- Bir zamanlar Fransaya getmək, azı bircə dəfə o ölkədə olmaq, Parisi görmək mənim üçün əlçatmaz və ən böyük xəyal idi. Bir neçə dəfə Fransada olmuşam. Parisdə “Fransız dilində yazı jurnalistikası” kursunda iştirak etmişəm. “La Gazette” qəzeti redaksiyasında təcrübə keçmişəm. Təcrübə vaxtı Paris meriyasının media üçün təşkil etdityi brifinqdə də iştirak etmişəm. Həmin vaxt beynəlxalq media mənsubları, xarici jurnalistlərlə ünsiyyətdə olmuşam.

“Arzularımı “Le Carrefour” vasitəsilə həyata keçirdim”-Zeynab Kazımova


- Bu işin özəlliyi nədir sizin üçün?

- Ölkənin yeganə fransızdilli qəzetinin təsisçisi olmaq, təbii ki, mənim üçün şəxsi mənada böyük bir uğurdur. Bu, həm də Azərbaycan jurnalistikasının beynəlxalq media məkanına, xaricə çıxışını şərtləndirir. Digər tərəfdən, bu, böyük və uğurlu bir layihənin həyata keçməsidir. Azərbaycanın informasiya və təbliğat müharibəsində, beynəlxalq media məkanına inteqrasiyası, xarici media resursları ilə əlaqələrin qurulması və əməkdaşlıq çox vacibdir. Məlumat üçün deyim ki, Fransada azərbaycanlıların mətbuat orqanı yoxdur, ermənilər isə illərlə yaşadıqları bütün ölkələrdə, o cümlədən Fransada həmişə medianın gücündən istifadə ediblər. Fransada fransızdilli çoxlu sayda erməni qəzetləri var. Hazırda Ermənistanda fransızdlli qəzet və sayt var, onlar bu işə xüsusi diqqət ayırırlar, həm dövlət, həm də qeyri-dövlət strukturları böyük maliyyə yardımı edir, maddi köməklik göstərirlər. Lakin “Le Carrefour” qəzetinin heç bir dəstəyi yoxdur.

“Arzularımı “Le Carrefour” vasitəsilə həyata keçirdim”-Zeynab Kazımova


İsveçrə prezidenti "La Carrefour" oxuyur

- Fransanın Bakıdakı səfirliyi məlumatlıdırmı belə bir qəzetin dərc olunmasından?

- “Le Carrefour” qəzetinin həm Fransa səfirliyi, həm də fransızdilli digər ölkələrin səfirlikləri ilə əlaqələri var. Biz onların tədbirlərini öz qəzetimizdə işıqlandırırıq.

- Qəzetin dövriliyi hansı vəziyyətdədir?

- Sözün açığı, qəzetin maddi vəziyyəti ilə əlaqədar olaraq mütəmadi çap versiyasını nəşr etdirə bilmirk. Çünki yeganə fransızdilli mətbu orqan olmasına baxmayaraq, qəzetə dövlət dəstəyi yoxdur. Baxmayaraq ki, ölkəmizdə mətbuata maliyyə yardımı göstərilir. KİVDF-nın konsepsiyasında göstərilən bir sıra maddələr və konkret bəndlər üzrə 11 ildir ki, fəaliyyət göstərməyimizə baxmayaraq, Fondun elan etdiyi müsabiqə şərtlərinə cavab vermirik. Hazırda daha çox elektron versiyada (<a href="http://]http://www.lecarrefour.az/) fəaliyyət göstəririk. Qəzetin dövriliyi əslində həftəlikdir. Lakin ayda əsasən iki və ya bir dəfə nəşr etdirdiyimiz vaxtlar olur.


- Fransızdilli mütəxəssis tapırsızmı işləməyə?

- Bu çox ağrılı yerimizdir. Azərbaycanda fransız dilini bilən tərcüməçilər, ixtisaslı müəllim kadrlar var. Lakin fransızdlli jurnalist tapmaq çətindir. Fransız dili üzrə ixtisaslaşmış gənclər bizim qəzetə böyük maraq göstərirlər. Könüllü kimi biz onları qəzetə cəlb edirik, lakin onların içərisindən çox az hissəsi jurnalistika üzrə davam etdirmək istəyirlər. Çünki dil ixtisası üzrə Fransada təhsillərini davam etdirməyə daha çox maraqları olur. Məhz xaricidilli, o cümlədən fransızdilli jurnalist mütəxəssis tapmaq hazırda müşkül məsələdir.

- Adətən hansı mövzuları dərc edirsiz? Qarabağ həqiqətləri ilə bağlı məqalələr dərc edilirmi qəzetdə?

- “Le Carrefour” (“Yol qovşağı”) qəzeti yarandığı gündən əsas missiyası Azərbaycanın haqq səsinin dünyaya çatdırılması, Azərbaycan haqqında Fransada və digər ölkələrdə erməni lobbisi tərəfindən aparılan məqsədyönlü birtərəfli mənfi informasiyalara qarşı fəaliyyət qurmaq, Azərbaycanla Fransa arasında əlaqələrin inkişafına töhfə vermək, ölkəmizi təbliğ edərək Fransada və fransızdilli ölkələrdə tanıtmaqdır. Biz bu istiqamətdə 11 il ərzində çox işlər görmüşük. Dəfələrlə Mətbuat Şurası ilə birgə “Azərbaycanın təbliğat və informasiya müharibəsində xaricidilli medianın rolu”, “Azərbaycanda xaricidlli media ənənəsi, tarixi və fəaliyyəti” ilə bağlı tədbirlər, dəyirmi masalar təşkil etmişik. Təbii ki, bizim əsas istiqamətimiz Qarabağ həqiqətləri, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı cənab Prezident İlham Əliyevin dediyi kimi, həm tarixi həqiqətləri, həm də hal-hazırkı vəziyyəti çatdırmağa yönəlib. Bu istiqamətdə fəaliyyətimizi qururuq. Azərbaycan tarixinə və mədəniyyətinə xüsusi yer veririk, təbliğ edirik və əsrlər boyu ermənilər tərəfindən xalqımızın başına gətirilən vəhşilikləri fransız dilində oxuculara çatdırırıq. Eyni zamanda, milli-mədəni irsimizi, maddi-mənəvi irsimizi təbliğ edirik. Ermənilər xüsusən Fransada çox aktiv iş aparıblar və yenə aparırlar. Nəzərə alsaq ki, hazırda ermənilərin Fransada 30-dan çox mətbu orqanı, saytı fəaliyyət göstərir. Fransadakı erməni lobbi təşkilatları bu sahədə xüsusi fəallıq edirlər.

“Arzularımı “Le Carrefour” vasitəsilə həyata keçirdim”-Zeynab Kazımova


- Jurnalistlərin mənzillə təminatı məsələsində sizin də etiraz çıxışlarınız oldu. Mediada təcrübəniz nə vaxtdan başlayır?

- Jurnalist fəaliyyətimə 1995-ci ildən Dövlət Radiosunda ştatdankənar müxbir kimi başlamışam. Mənim jurnalistikada bəxtim gətirib ki, medianın bütün istiqamətlərində çalışmışam, TV-də, radioda müxbir işləmişəm. Fransızdilli qəzetdə müxbirlikdən baş redaktorluğa qədər gəlmişəm. Azərbaycanın yeganə fransızdilli qəzetini təsis etmişəm. Ümumilikdə, 23 ilə yaxındır jurnalistikadayam. Eyni zamanda, ali təhsil ocaqlarında jurnalistika ixtisası üzrə müəllim kimi fəaliyyətim var. Elmi istiqamətdə də fəaliyyətim media ilə bağlıdır. Beynəlxalq seminar və tədbirlərdə iştirak etmişəm.

- Yaxınlarda Mətbuat Şurasına üzv olmanızı açıqlamışdız. Sizcə, uğura nail olmaq üçün bu vacibdirmi?

- “Le Carrefour” qəzeti 2016-cı ildə Mətbuat Şurasının (MŞ) sədri Əflatun Amaşovun böyük dəstəyi ilə Şuranın üzvlüyünə qəbul olundu. Mən ona öz təşəkkürümü bildirirəm. Demək istərdim ki, Əflatun müəllim jurnalist kimi hər zaman mənə və fransızdilli qəzetə öz dəstəyini göstərir. Dəfələrlə çıxışlarında fransızdilli qəzetin əhəmiyyətindən, bizim fəaliyyətimizdən razılıq ifadə edib. Təbii ki, fransızdilli nəşr olaraq üzv qəzetlər sırasında adımızın olması bizi sevindirir. Eyni zamanda, “Le Carrefour” qəzeti və saytının linki baş qərargahı Parisdə yerləşən Beynəlxalq Fransızdilli Mətbuat Birliyinin rəsmi saytında yer alır. Yeganə fransızdilli qəzet olaraq Fransa mediası ilə daha geniş əlaqələr qurmağa çalışırıq. Beynəlxalq Fransızdilli Mətbuat Birliyinin Parisdəki baş ofisi ilə, Fransanın TV5Monde kanalı ilə əlaqələrimiz var. Facebook, ümumiyyətlə sosial şəbəkələrdə fəaliyyətimizi qurmuşuq. Fransanın TV5 kanalında yayımlanan “İstiqamət Frankofoniya” (Destination Francophonie) adlı verilişin aparıcısı “Azərbaycanı yeganə fransızdilli qəzet ilə kəşf et” yazaraq paylaşım etmişdi. “Je suis francophone” (Mən frankofonam) adlı səhifə may ayında qəzetimizin 10 illiyi münasibətilə təbrik paylaşımı etmişdi. Çox sevindirici haldır ki, Fransada Azərbaycan mediasını “Le Carrefour” qəzeti ilə tanıyırlar, fransızlar bu qəzetə çox böyük maraq göstərirlər.

- Gələcək hədəfləriniz nədən ibarətdir?

– Hədəflər də çoxdur, arzular da...

- Hazırda başqa harada çalışırsız?(Müsahibə Z.Kazımova Xalça Muzeyinə mətbuat katibi təyin olunmamışdan əvvəl götürülüb-red.)

- Hazırda, eyni zamanda Azərbaycan Xalça Muzeyinin mətbuat katibiyəm. Azərbaycan Xalça Muzeyi ölkəmizi yüksək səviyyədə beynəlxalq miqyasda böyük tədbirlərdə və layihələrdə təmsil edir. Azərbaycanın mədəni irsinin qorunub saxlanması, nümayiş etdirilməsi, təbliğ olunması, bütün dünyaya çatdırılması muzeyin əsas məqsəd və vəzifələrindəndir. Bu baxımdan, buradakı fəaliyyətim qəzetin fəaliyyət istiqamətinə də uyğundur.

Həbibə ABDULLA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu