Tanınmış jurnalist Mehriban Əliyevaya müraciət etdi: “Mən atasız qalmaq istəmirəm”


Tanınmış jurnalist Mehriban Əliyevaya müraciət etdi:


Tanınmış jurnalist Ülkər Musazadə Mehriban xanıma müraciət etdi: “Mehriban xanım, mən atasız qalmaq istəmirəm”
“Xəstə yatağında atam bu gün yaşamaq adına bir tək Mehriban xanımın ona yardım edəcəyinə ümid edir”



İnsan üçün ən böyük sınaq valideynlərinin, yaxınlarının gözləri qarşısında həyata sarılmaq, yaşamaq eşqi ilə yandığını görüb, əriməsini müşahidə etməsidir. Atamın cəmi 61 yaşı var. Mehriban xanım, mən atasız qalmaq istəmirəm!

Məni tanıyanlar bilir ki, bu günə kimi heç kəsdən, öz adıma heç nə istəməmişəm. Amma bu gün İstəyirəm! Mən atamı sağlam görmək istəyirəm. Məni ən çox atasını itirən, valideyni xəstə yatan qələm soydaşlarım anlayar.

Bircə ümidim, hər zaman olduğu kimi ağ kağız, qələm və hər kəsə son dərəcə qayğı ilə yanaşan xanım Mehriban Əliyevadır. Başqa müraciət edəcək kimimiz var ki?

Atam artıq yaşayacağına, yendən ayağa qalxacağına dair ümidini itirdiyini görürəm. Amma birdən “Mehriban xanıma müraciət edəcəyəm” dedim. Atamın gözündəki o yaşamaq işığını və o ümidli parıltını unuda bilmirəm. Xəstə yatağında atam bu gün yaşamaq adına bir tək Mehriban xanımın ona yardım edəcəyinə ümid edir.

Yeməkdən və içməkdən kəsilmişdi. Həkimlərimizin firma dərmanlarına xitab edən resseptlərinə görə alınan dərmanlar atam üzərində tibbi tədqiqat aparılmasına bənzəyir. Atamın bağırsağında kolitli xora var. Qanaxma ilə müşahidə olunan bu xəstəlik ankoloji xəstələri yeyib bitirdiyi kimi atamı da, yeyib -bitirib. Yataqdan qalxmaz hala gəlib.

Bir qisim həkimlərimiz xəstənin təcili əməliyyat olunmasını tövsiyyə etsələrdə, Türkiyəyə dəqiq diaqnoz üçün göndərdiyim analizlərə əsasən Türkiyənin tibb mütəxəssisləri əməliyyata gərək olmadığını söyləyirlər. Bu çaşqınlıq və dəqiq olmayan təyinat zaman itkisinə səbəb olur və atamın səhhətinə ciddi ziyan vurmağa davam edir.

15 ildən artıqdır mən mətbuatdayam. Bu 15 ili az və ya çox məvacib aldığımın fərqinə varmadan mən Vətənim, Dövlətim, Xalqım üçün çalışmışam, yenə də var olduğum sürədə çalışacağam. Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq adına bir çox xarici mediya orqanlarında yazılarım yayımlanır. Bu kimi işlər mənim dövlətim və xalqım qarşısında vəzifə, eləcədə vətəndaşlıq borcumdur, deyə düşünürəm. Amma atamı həyata qaytarmaq, həm övladlıq, həm də insanlıq adına borcumdur.

Atama Mehriban xanıma müraciət edəcəyəm deyəndə, atamın gözlərindəki o ümidi gördüm, bir göz qırpımında axan o yaşı da, bir qədər keçəndən sonra mənə bir neçə kəlmə söz dedi: “ Qızım, Mehriban xanım, qayğıkeş və gözəl insandır. Mehriban xanım səni başa düşəcəkdir! Çünki sənin də qardaşın yoxdur, O xanımın da qardaşı olmayıb. Atasız və qardaşsız bir ailənin yükünü daşımağın nə demək olduğunu Mehriban xanım yaxşı bilir...”
Bu sözlərin içində əslində atamın yaşamaq istəyini, bizləri tərk etmək istəmədiyini açıq-aşkar görə bilirdim. İnanın səmimiyyətimə, çarəsizlikdən boğazımı qəhər boğur. Bilmirəm atamın yaşamaq eşqinə sevinməlimi, ya ona yardım edə bilməməklə məyus olmasınımı izləyim? Çox ağır və çətin bir durumdur.

Mehriban xanım, yeni il də hər kəs dilək dilər. Hər insanın diləyini isə həyata keçiricək bir mələk olarmış. Mənim diləyim atamın həyata dönməsidir. Bu diləyimin reallaşması isə bir tək Sizin hümanizmliyinizdən asılıdır.

P.S.
Atatmın üç qızı var. Hər birimiz baş ucunda göz yaşlarına boğularaq, onu izlməkdən savayı çarəsizik. Görünür atamın həyata sarılması adına gərəkən güvəni ona verə bilməmişik. Görünür, xanım Mehriban Əliyeva atam üçün qızından ötə güvən duyduğu tək insandır! Bunu o hələ sağlamikən deyərdi: “Mehriban xanım bir nəfərin həyat yoldaşı, üç nəfərin anası, amma bütün Azərbaycanın qızıdır!” İndi atam xəstədir, amma bu sözləri tez-tez təkraraladığını gördükcə, bu müraciəti yazmaq qərarına gəldim...



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu