Nadinc Ülviyyə...


Nadinc Ülviyyə...


Həbibə ABDULLA



Gənc həmkarlarımızı itirməyimizin xəbərləri bir-birinin ardınca düzüldükcə hər kəs içini sosial şəbəkələrdə boşaltdı. Və deyilənlərdən ən çox diqqətimi çəkən İlqar Rəsulun statusu oldu: “İndiki gənclər hətta ölmək məsələsində belə böyüklərin yolunu gözləməyəcək qədər nadincdilər...”
Nadinclik etdi Ülviyyə... Neçə gündür özümdə-sözümdə deyiləm. Səsi qulaqlarımda, həyat dolu üzü gözlərimin qabağındadır. Onu on ildən çox idi tanıyırdım. Jurnalistikaya təzə gələn vaxtlarından. “Xalq Cəbhəsi” qəzetində həm müxbir, həm dizayner işləyirdi. Növbəli surətdə...


Bir dəfə tədbirlərin birində növbəli işləməyin çətinliyini bölüşürdük. Mən də əvvəllər gündüz növbəsi müxbir, axşam növbəsi korrektor işləmişdim qəzetlərdə, bilirdim ki, çətindir. Oğlan həmkarlarımızdan biri bizə zarafat etdi ki, ailə dərdi çəkmirsiz, uşaq dərdi çəkmirsiz, niyə özünüzü öldürürsüz ki? Ülviyyənin verdiyi cavab hələ də qulaqlarımda səslənir: “kaş ailəm yanımda olaydı, onların dərdini çəkəydim, bütöv günü işləyərdim” dedi. Çox az hallarda pessimist olardı. Onunla tanışlığımızın bəlkə də neçə ili keçmişdi, ailə durumunu hələ bilmirdim. Ümumiyyətlə, insanların hansı bölgədən olduğunu da sorğulamaq xarakterimdə olmadığı üçün soruşmamışdım haradan olduğunu. Yenə bir dəfə söhbətlərin birində “qadam” ifadəsinin haradan gəldiyini soruşdum. Dedi ki, “gəncəliyəm dana, qadam”. Dedi və güldü. Zarafat etdim ki, qaralığından səni yevlaxlıya oxşatmışdım. İlk dəfə onda qayğılarından danışdı. “Eh, Həbiş, kaş yevlaxlı yox e, lap yevlaxda məskunlaşan qaraçılardan olaydım, amma bu həyatı yaşamayaydım”. Və həyatını, ailəsinin başına gələnləri nəql etdi mənə...
Bir də mərdliyi vardı Ülviyyənin. Yaşadığı o qədər çətinliklərə rəğmən bir neçə dəfə təklif etmişdim ki, təhsil haqqına yardım cəlb edim, istəməmişdi. “İstəyirəm ki, hər şeyi özüm edim” deyirdi.
Bir dəfə çalışdığı kollektivdəki iş yoldaşlarından gileyləndi. Dedi ki, məni bütün bayram, ad günü tədbirlərinə qatmaq istəyirlər, qoşulmayanda inciyirlər, anlamırlar vəziyyətimi. Dedim günah özündədi da, bacı, sən nə vaxt problemin, sıxıntın olduğunu büruzə verirsən ki, ətrafındakılar da anlasınlar durumunu?
Sən nadinc deyildin axı, Ülviyyə. Hər zaman böyük-kiçik yeri bilən qız idin. Niyə qabağa düşdün bəs? Sən bizim xatirələrimizdə mərdliyinlə, saflığınla, zəhmətkeşliyinlə elə gözəl qaldın ki... Həsəd aparılası bir qalmaqdır bu. Yerin Cənnət olsun, gözəl bacım...



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu