Səbuhi Məmmədli: "Dövlətdən kömək gələr, sevərəm bu dövləti, gəlməsə də…"


Səbuhi Məmmədli:


Azərbaycanın müstəqil jurnalistikasında olanların ürəyinin sanki süzgəci yoxdur, ağrıları-acıları, daş-qəmbəri üyüdüb yox edə bilmirlər, hər şeyi qəlbinə salırlar. Sonra bu məşəqqətlər ürəkdə dağ kimi qalaqlanır, günün birində yazı adamlarına dağ çəkir.

Çoxlarına elə gəlir ki, jurnalistlər daşdan yaranıblar, onların şəxsi problemləri, ailə qayğıları, məişət sıxıntıları olmur, bu adamlar yalnız ictimai eybəcərliklərin, çirkinliklərin dərdini çəkməyə bu dünyaya gəliblər.

Yəni, bir bank işçisini, bir poçt əməkdaşını yalnız peşəsi və ailəsinin dərd-səri maraqlandırırsa, Azərbaycanda müstəqil jurnalistlər hamının – bankirin də, poçtalyonun da, müxalifətçinin də, pinəçinin də qəmini çəkir, içini boşaltmaq üçün yazıya çevirir. Bax, belə-belə yığılır ürəyə düyünlər, tromblar, tıxanmalar…Kimlər getməyib ürəkdən? – Ceyhun Nağı, Natiq Qədimov…

Onlardan biri də indi qəlbi taqətdən düşmüş, lakin qızı Sədəf üçün döyünən, Azərbaycanın 90-lar jurnalistikasının seçilən imzalarından Səbuhi Məmmədlidir. Onun təcili iki əməliyyat üçün maddi dəstəyə ciddi ehtiyacı var.

Ukraynanın Poltava şəhərindəki xəstəxanaların birində ürəyinə iki stend qoyulmalıdır. Əslində, elə böyük məbləğ də deyil, Bakıda müğənnilərin bir gecəlik toy pulu, bir varlı balasının 3 günlük istirahət xərcidir. Dünən axşam ona yazdım ki, Səbuhi, gəl azeuronews.com saytına bir müsahibə edək, bəlkə köməyi dəyə, başqa əlimizdən nə gəlir ki…

– Səbuhi, indi hardasan, günün necə keçir?

– İndi Bakıdayam. Günüm müayinələrdən keçməkdən ibarətdir. Növbəti iki əməliyyata hazırlaşıra, yardım kampaniyaları ilə maraqlanıram, bütün diqqətim ordadır. Bir də nəfəsim olan qızım Sədəfə məktublar yazıram. Bax, belə…

– Növbəti əməliyyat nə vaxtdır?

– Poltavada doktor Roman Ryabuşka dedi ki, əməliyyatı 3 ay müddətində etməlisən. Amma o demək deyil ki, 3 ay gözləmək lazımdır, nə qədər tez gəlsən, bir o qədər yaxşıdır. Məsləhət gördü ki, oktyabrın 15-nə qədər əməliyyat olunum.

Çünki 75-80 faiz ürək-damar tutulub və iki stend qoyulmalıdır. Bir damarım 50-60 faiz tutulub , yəni vəziyyətim kritikdir. Bundan başqa, şükür ki, qara ciyərimlə bağlı o qorxulu proqnoz təsdiqlənmədi. Amma qara ciyər pis gündədir, böyümə və bərkimə var.

– Bu əməliyyatlara nə qədər pul lazımdır?

– Əvvəla deyim ki, Poltava şəhərində yerləşən bu xəstəxana Şərqi Avropanın ən ixtisaslaşmış tibb müəssisəsidir, ultramüayinə ilə təchiz olunmuş, peşəkar həkim kontingenti olan, qidalanması yüksək səviyyədə təşkil edilən tibb ocağıdır. Sadəcə, özümdə həmin yeməklərə qarşı bir kapriz varıydı.

Pula gəlincə, iki stendin qiyməti, əməliyyata hazırlıq, ən əsası dərmanların bahalığını nəzərə alsaq, 4000 min manat çıxacaq. Bura AZAL və Ukrayna hava yollarının vəhşi qiymətlərini də əlavə etsək, ümumi xərclər 6200 manat edəcək. Çünki mən qara ciyərimi təcili olaraq müalicə etdirməliyəm, qara ciyərim pis vəziyyətdədir. Belə götürəndə böyük məbləğ deyil.

– Səbuhi, yetərincə populyar jurnalistsən. Bu müraciətlərinizə, dostların çağırışlarına adekvat reaksiya, maddi dəstək gəlməkdədirmi?

– Görünür burda populyar şoumen, xınayaxdı mərasimi aparıcısı olmaq lazımdır. Dostumuz keçmiş deputat Etibar Hüseynov yazmışdı ki, "Toppuş bacı” pul, Səbuhi feysbukda layk yığır. Mənim yazdıqlarıma 500-600 nəfərdən layk gəlir.

Bu 500 nəfərin hər biri ödəmə aparatından pul keçirsəydi, çoxdan Poltavada əməliyyat olunub, düzəlmişdim və ciyərimin, şəkərimin müalicəsi üçün Kiyevə yollanmışdım. Dostlara gəldikdə, əksəriyyəti media cameəsidir.

200 nəfərin işlədiyi APA holdinq bağlandı. Onlar kömək edə bilərdi. İndi işsizdirlər, neyləsinlər? Xoşqədəm xanım efirdə məni mətbuatda sonuncu mogikanlardan biri kimi təqdim elədi, ama hələ ki, çağırışlardan bir soraq yoxdur.

Onu da açıqlayım, qoy cəmiyyət bilsin, dünən günorta saatlarına qədər hesabıma 140 manat köçüb. Əlavə olaraq heç tanımadığım Elton bəy 50 dollar, Moskvada yaşayan Günay xanım 100 dollar göndəriblər. 140 manat isə ölkə daxilində olub. 100 manat jurnalist Aqil Ələsgər yardım edib, 40 manatı da dəqiqləşdirim hamıya açıqlayacam. Mən çalışıram ki, şəffaflıq olsun, yardım edənlərin kimliyini bildirim.

– Bəlkə dövlətə müraciət edə bilərsiz?

- Dövlətin milyonlarla qayğısı, qaçqını, əməliyyata ehtiyacı olan kimsəsiz xəstəsi var. Məni heç olmasa kimsə tanıyır pul köçürür, birtəhər sağalaram. Qoy dövlət o adamlara kömək etsin, onları tanıyan yoxdur. Odur ki, dövlətdən kömək gələr sevərəm bu dövləti, kömək etməzlər yenə sevərəm bu dövləti…

– Səbuhi, son sualımı verirəm: Axı niyə, niyə Azərbaycan jurnalistikasının qara ciyəri ağrayır, niyə ürəyi stendli olur bu jurnalistika?

– Salamiç, çox maraqlı sualdır. Amma təkcə qara ciyəri ağramır, təkcə ürəyi stendli deyil, Azərbaycan jurnalistikasının gözü görmür, burni iy hiss etmir, qripdir, beyni meningitdir, tormozlanıb, ağ ciyərləri günə beş qutu siqaret çəkən adam kimi qapqaradır, oksigeni çatmır, qıçı axsayıb, qolu insultdur, bir sözlə, Azərbaycan jurnalistikası impotentdir.

Fəxru Uğurlu bir dəfə soruşdu ki, görəsən bu ölkədə məni tanıyan varmı? Dəhşətli reallıqdır. Bu gün gənclər arasında istedadlı jurnalistlər də var, amma total deyil. 90-lar jurnalistikası bir fərqli nəsil idi, indi onun "yarpaq tökümü” başlayıb, cücərən heç nə yoxdur…



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu