“Mədəniyyət.az” jurnalının növbəti sayı nəşr olunub


“Mədəniyyət.az” jurnalının növbəti sayı nəşr olunub


“Mədəniyyət.az” jurnalının növbəti sayı çapdan çıxıb.

AFN xəbər verir ki, dərgi mərhum prezident Heydər Əliyevin mədəniyyət xadimlərinə, ümumiyyətlə bu sahəyə göstərdiyi qayğıdan bəhs edən və Ümummilli liderin öz dəyərləndirməsinə istinadən “Mədəniyyət hər bir xalqın mənəvi dünyasının, milli mövcudluğunun əsas atributlarından biridir” sərlövhəli məqalə ilə açılır.
Həmişə olduğu kimi, bu dəfə də milli mətbuatımızın şanlı tarixinə işıq saçılır, millətin maariflənməsi yolunda böyük rola malik Azərbaycan jurnalistikasının yaradıcıları xatırlanır. Həsən bəy Zərdabinin həyat-fəaliyyətindən bəhs edən “Azərbaycan ictimai fikrinin məşəli”, eləcə də “Mütəllibzadə qardaşları və Azərbaycan uşaq mətbuatı” yazıları bu qəbildəndir.
“Mədəniyyət.AZ” jurnalı Azərbaycan Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə xüsusi buraxılış hazırlasa da, qürurlu keçmişimiz – Şərqdə ilk demokratik respublika ilə bağlı araşdırmalar mütəmadi şəkildə təqdim olunur. Sənətşünaslıq üzrə elmlər doktoru, professor Fərəh xanım Əliyevanın yazısı Üzeyir Hacıbəylinin Cümhuriyyət dövrü musiqi yaradıcılığı barədədir.
“Sərhədləri yaxınlaşdıran “sərhədsiz teatr” reportajında isə Şəkidə keçirilən “Üç məkan” Beynəlxalq Teatr Festivalının işinə güzgü tutulur, təşrif buyurmuş dünya şöhrətli sənətkarların sənət və vətənimiz haqqında təəssüratlarına yer ayrılır.
“Bu kino ki var...” rubrikasında Elşad Ərşadoğlunun “Avtoportret” ssenarisi, “Anım” bölümündə isə Dilqəm Əhmədin “Azadlıq təşnəsi” adlanan essesi oxucuların diqqətini çəkəcək...
Jurnalda TÜRKSOY tərəfindən 2018-ci il üçün Türk dünyasının Mədəniyyət paytaxtı elan olunmuş Türkiyənin Kastamonu şəhərinə səfər və turizm marşrutlarının təkmilləşdirilməsi istiqamətində “Qoruqlar – ekoloji və mədəni turizmin vəhdəti” mövzusunda maraqlı qeydlərlə tanış ola biləcəksiz.
“Elm” rubrikasında isə elmi-tədqiqat işləri ilə məşğul gənc və müqtədir magistr, aspirant, dissertant və alimlərimizin elmi axtarışlarının nəticələri öz əksini tapıb.

FƏXRİYYƏ

“Mədəniyyət.az” jurnalının növbəti sayı nəşr olunub



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu