Azərbaycan sevdalı Elazığ ("Qənirə Paşayeva ilə addım-addım Elazığ")


“BU YOLLARDA AYIQ YÜRÜ, SADİQ OL...”

Belə ismarlayıb yaddaşlara xocalar xocası Əhməd Yəsəvi dədəmiz. Özünə rəva bilmədiyini bir başqasına qarşı etmə deyərək. Özümüzdən başlaya bilməyimizin örnəyi olaraq özündən başlayıb, özünə səslənir:

Hoca Ahmet, zahid olma, aşiq ol sən,
Bu yollarda ayıq yürü, sadiq ol sən.
Leyla, Məcnun, Fərhad, Şirin, Vamik ol sən,
Aşk olmadan hakkın üzü görülməz.

Böyük Əhməd Yəsəvinin buyurduğu kimi, Elazıq yollarıyla ayıq, eyni zamanda da ehtiramlı duyğularla yürüdük...
Elazığın kutsal dünyasını, munisliyini müqəddəsliyin gerçək üzlərindən biri olaraq ziyarət etdik. Bir an, tək bircə məqam olmadı ki, Əhməd Yəsəvi dədəmizin bu xəyal yüksəldib, könül açan misraları bizimlə olmasın. Hər qədəmimizi, hər baxışımızı izlədi, izlədi:


Ey dostlarım, bu yolların ötəsi çox,
Keçmək olmaz pir dediyin yapmayınca.
Yüz min bəla, möhnət, afət bəlası çox,
Bilmək olmaz pir dediyin yapmayınca.

Ancaq qaçılmaz gerçəklikdi ki, qarşı yatan qara dağları, gen-bol düzəngahları, ətəyi obalı-elli yamacları uca Yaradanın özü bir ziyarətgah olaraq yaratmışdı. Baxdıqca gözümüz sevinir, qəlbimiz isinirdi. «Türkük, müsəlmanıq bu dağlar qədər» qürurumuz hər baxışdan yaslanır, şəkillənirdi.

Bu tarixi, unudulmaz diyara, bolluq-bərəkət məkanı olan vilayətə Giresun-Ordu, Karabük-Safranbolu, Malatya yollarından keçib də gəlmişdik. Yaşıltəpə köyünü sol səmtdə qoyub düzü-düzünə Elazıq yolunı tutub yürümüşdük. Unudulmaz Malatya xatirələri ilə baş-başa varıb gəlmişdik. Malatya-Elazıq şosse yolu tarixi gəlişmələrin bir unudulmaz səhifəsini açmışdı önümüzdə. Malatyanın geniş ərik bağlarından duyğularımıza əsən xoş qoxu dəfolunmaz bir ilğım kimi sarmışdı yan-yörəmizi. Dost-qardaş diyarı-məskəni bilərək də yolu-izi tutub gəlmişdik Elazığa. Sakinləriylə bir ətdən, bir qandan, bir ruhdan gəldiyimizi bilirdik. Dörd min illik tarixinə bələdliyimiz vardı. Bir boydan, bir soydan gəlməmizin fərqindəydik. Bilirdik ki, qədim-qayım Oğuz eli ərənlərinin ruhu bu bənzərsiz mədəniyyət daşıyıcısı olan vilayətin hər səmtindən ürpənməkdəydi.

Erməni vəhşətinin qurbanı olan doğma Xocalımızın soyqırıma məruz taleyinin ağrısını Elazıq insanlarının bizlərdən az çəkmədiklərini əməli işlərindən bilirdik; İllər öncəsi Elazığın mərkəzində Azərbaycan parkı salmış, burada Azərbaycan şəhidlərinin xatirəsinə abidə ucaltmışlar. Xankəndi məhəlləsini hər gün keçib-gedən Elazıq insanları bu yolla uzun illərdir qardaş, dost həmrəyliklərini bəyan etmədədilər. Xankəndi bağlılığı dostluq-qardaşlığın daha əzəlki bağı, ilməsi kimi bizlərə əziz idi.

Mənəvi böyüklərimizdən olan Şəms Təbrizinin ruhu şad olsun; öyüdünü-nəsihətini unutduğumuz olmadı heç. İznliydik qardaş şəhərinə qədəm basmağa. Şəhər bələdiyyəsinin yetkililəri dost-doğma qardaş ehtiramı ilə yolumuzu bəkləməkdəydilər. Fırat Universitetində yolumuzu gözləyirdilər.

Görkəmli füzulişünas alim Əkrəm Cəfər bu dahi şairdən bəhs edərkən söylərdi ki, Füzuli şeriyyətini mütaliə etdiyim zamanda hər misra, hər beyt önündə salavat çevirirəm.
Müqəddəslik, paklıq önündə ən önəmli güman yerimiz salavat çevirməkdi.
Elazığın hər qədəm torpağı, cığırı-izi Məhəmməd Füzuli şeriyyətinin ruh içində ruh oyadan pak dünyası kimiydi; Salavat çevirib, ehtiramla baş endirməyimizin savabı vardı. Elə duyğulu idik ki... Bu yollarla ayıq yürüyüb, sadiq olmamaq mümkünmü? Könlü Kəbə yapmadan adlayıb getməkmi olar? Qədimdən-qədim tarixini yarpaq-yarpaq vərəqləməyincə çörəyinə əl uzadıb, suyunu içməkmi olar?

TARİXİN YAŞIDI – HARPUT

Ancaq gərəkdi ki, lap əzəl başdan Harput şəhər tarixindən başlayasan. Elazıq mərkəzinin vur-tut beşcə kilometrliyində yerləşir. Bu tarixi məkanda ilk dəfə Hürrilər məskən salıblar. Hitit və Assurlarla davamlı əlaqələri olan Hürrilərin Asiyaya çıxışları da geniş idi. Hititlərin baş şəhəri Boğazköydə aşkar edilən yazılı qaynaqlar Harputdan «İtuva» deyərək bəhs edir. Yenə də Miladdan öncə 9-cu yüzildə Doğu Anadoluda dövlət quran Urartuların Elazıq tarixindəki yeri Harput qalasının bilinən və bilinməyən pünhan dünyasında ömr etməkdədi.
Tarixi qaynaqlar, məxəzlər üzərinə aparan söhbəti balla kəsmək istəyirəm.
Bir növ, məcburam buna. O səbəbdən ki, Elazığa qədəm qoyduğumuz ilk andan yaddaşıma köçürdüyüm və hər məqamı mənə əziz olan xatirələr yeni bir biçimdə qələmin ucuna sarınır, önə çıxır, diqqətimi məhz həmin səmtə yönəldir. Bu xatirələrin unudulmazlığı, xətri-hörməti önündən etinasız keçə bilmirəm. İlk dəfədi ki, təslim oluram anın felinə. İlk dəfədi ki, özümüzdən başlayası oluram...

HAMI YATMIŞ, GECƏ KEÇMİŞ YARIDAN...

Upuzun bir yol adlayıb yetişmişdik Elazığa. Gecədən xeyli keçmişdi. Bu yolçuluqda mənimlə bir arada olan dostlarım otelə yetər-yetməz həmən odalarına çəkilmişdilər. Səhər erkəndən toplantılar, Dağlıq Qarabağ problemi və Xocalı Soyqırımı ilə bağlı konfranslar, çoxlu görüşlər bizi gözləyirdi. Hamı yatmışdı... Unudulmaz Məhəmmədhüseyn Şəhriyar demiş, bir Allah oyaq idi, bir də mən... Özümlə götürdüyüm kitabları yerbəyer edirdim. Ertəsi gün Fırat Universitetində soyqırım qurbanı Xocalının anım günüylə bağlı düzənlənəcək tədbirdə söyləyəcəklərimi düşünürdüm... Aradan keçən 22 illik vaxt, zaman məsafəsinin duz yükü varlığımı nanə yarpağı kimi büküb-bürmələyir, yuxumu ərşə çəkirdi. Dualarımı edirdim, diləyimi diləyirdim: «İlahi, özün yardım et ki, insanlarımızın günahsız axıdılan qanı yerdə qalmasın. Bu insanlıq əleyhinə cinayəti törədənlərin ədalət qarşısında cavab verməsinə nail olması üçün xalqımıza yardım et! Bizi şəhid ruhu önündə xəcil eyləmə. Düşmən məkrlidi, hiyləgərdi, arxadan vurmağın, namərdliyin, nakəsliyin xas ustasıdı. Namərd əlindədi düşmən zənciri, necə qısqırtsalar. O cür həmlə edir haqqın üstünə... İlahi, haqq ağacımızı, haqq savaşımızı şəhid qanımızla sulamağa, ayaqda saxlamağa yardımçı ol. Dədəmiz Əhməd Yəsəvi demiş:

Cilve kılgil, tilbe kılgil, şeyda kılgil,
Mecnun kılgil, el ve halka rüsva kılgil.
İşıq göster, pervane dek yanıq kılgil,
Her ne kılsan aşik eylə, ey Allahım.

Bizi mübarizə, haqq savaşı aşiqliyindən cüda etmə.


“DOST SƏNİ BAĞINA MEHMAN EYLƏSƏ...”

Dədə Ələsgərdən qalan öyüd-nəsiyyətdi; “dəvət olunduğun bağın almasın ye, heyvasın dər, narın üz” - deyib də saza əl aparıb o böyük ustad. Bizi Elazıqda Fırat Universitetində çalışan alim dostlar; qarşıladılar. Səhər o başdan, dan yeri ağarar-ağarmaz bizi səhər süfrəsi başına götürdülər.
İlk bələdçimiz, can deyib-can eşidənimiz Fırat Universitenin dəyərli aydınları Elazıq Böyük Şəhər Bələdiyyəsinin yetkililəri oldu. Qardaş sayğısını gördük ilk andan. Qardaş sayğısıyla duz-çörək kəsdik. Əl uzatdığımız halal qardaş, dost süfrəsi oldu.

VƏTƏN UNUDULMUR, VƏTƏN UNUTMUR...

Şair, ədəbiyyatşünas qardaşım Sərvaz Hüseynoğlu ancaq mənim eşidə biləcəyim bir tərzdə, özünəməxsus sakitliklə səhər o başdan etdiyi ricanı xatırlatdı mənə. Qanlı-qadalı 37-ci illərin repressiya qurbanı, nakam şairimiz Almas İldırımın tez-tez ziyarət etdiyi, doğma Xəzər dənizinin qoxusunu aldığı Xəzər gölünü ziyarət etmək istədiyini bildirmişdi. «Mütləq ziyarət edəcəyik-demişdim. - Mütləq!»
Həmən, heç unuda bilmədiyim, zaman-zaman haqqı tapdalanmış, eli-obası yağmalanmış Azərbaycanımıza ana laylası kimi xitab olunmuş misralar yaddaşımı göynədib keçmişdi:

Hanı məni gül qoynunda doğuran,
Xamırımı göz yaşıyla yoğuran,
Beşiyimdə «layla balam!» çağıran?
Azərbaycan, mənim baxtsız anam, oy!..
Neçə ildir həsrətində yannam, oy!..

Ani olaraq yenə xatırlayıram o unudulmaz misraları. Xocalı ağrısının, nisgilinin qaysağını qoparır elə bil...

Bələdiyyə yetkililəri və alim dostlar:

- Bir şeymi gərəkdi-deyə soruşurlar.

Almas İldırımla bağlı Elazıqda nələrin qaldığını soruşuram.
O könül parçalayan olaylar yenidən xatırlanır; Sovet imperiyası təzyiqləri əlindən doğma Bakısından baş götürüb Türküstana qaçan şairi burada da rahat qoymurlar. Əlacsız qalıb Cənubi Azərbaycana üz tutur. Burada da fars zabitləri onu cəsus hesab edir, səhərə qədər boğazına kimi çıxan su içində saxlayırlar. Birtəhər canını qurtarıb qardaş Türkiyəyə pənah gətirir. Həyat yoldaşı və körpə balası Azərlə bərabər. Azər Yılmaz 3-4 il əvvəl Bakıda olarkən Sərvaz bəyə özü danışıb bu əhvalatı: «İran sərhəddini keçərkən mən anamın qucağında olmuşam. Bir yandan yorğunluq, əzab-əziyyət, bir yandan da mənim aclıqdan ağlamağım əhdlərini kəsibmiş. Məni bir qaya dibində qoyub Allaha tapşırırlar. Ayrı əlac yox imiş. Ancaq az getməmiş dözməyiblər. Dönüb götürüblər. Nə qədər çətin olsa da götürüblər».
Gəliblər Elazığa. Almas İldırım burada bir müddət müəllim kimi çalışıb. Xiffət içində yaşayıb. Gəlirmiş doğma Xəzərini xatırladan gölün kənarına, saatlarla oturub tamaşa edir, xəyala dalırmış. Sonra Türk dünyasının böyük oğlu Mustafa Kamal Atatürkə məktub yazıb, bu gölə rəsmən Xəzər adının verilməsini xahiş edib. Nakam şairin bu arzusu nəzərə alınıb. O ağrılı illərin canlı şahidi Azər Yılmaz söyləyir bunları.
Fırat Universitetinin rektor yardımçısı Nuru bəy telefon açıb kiminləsə konuşur: - Azərbaycandan millət vəkilimiz Qənirə xanım öz arkadaşları ilə gəlib. Bizimlə olmağınızı rica edirik, həmən gəl!

Az keçməmiş Azərbaycan ədəbiyyatının yorulmaz təbliğatçısı, «Manas» nəşriyyatının başqanı Şener Bulut gəlir. Hal-əhvallaşır, sonacan bir yerdə oluruq. Almas İldırımdan bəhs edirik. Şener bəy «Uyuduğu qəbir naməlumdu, - deyir - ancaq şəhərimizdə adını daşıyan küçə var...» Oğlu Azər Yılmazın mobil telefonunu verir. Həmən zəng edirəm. Azər bəyin yorğun, qos-qoca, tutqun səsi «sizi Azərbaycanın Millət vəkili Qənirə xanım Paşayeva arayır» sözlərini eşidəndə elə bil birdən-birə dirçəlir, yorğun, səsi fərəh dolu bir ahəng alır...
Həm də titrəyir...
Həm də qəm dolu bir hekayət boxçası kimi açılır elə bil...
Fevralın 23-də İstanbulda olacağımızı və mütləq ona telefon açacağımı söyləyib sağollaşıram... Heç unutmadığım misralar dolaşır yaddaşımda:

Hakka aşiq dərvişlərin daşı göydə,
Bu aləmdə məkan tutmaz canı göydə...

Haqqa aşiq olan dərvişlərin könül dostu Almas İldırımın ciyərparası Azər bəyin telefonda titrəyən, eyni zamanda sevincək səsi hələ də qulaqlarımdan getmir.

BU, «AZƏRBAYCAN» PARKIDI...

Elazığın ən görümlü yerlərindən birində Azərbaycan adını əzizdən əziz tutaraq salıblar bu parkı. Tanış olduğumuz qısa vaxt ərzində bizimlə çox doğmalaşan Şener bəy parkda Azərbaycan şəhidlərinin anımıyla bağlı abidənin açılış mərasimindən söz açır. «Yazıçılar Birliyinin sədri Anar və bir çox başqa ziyalılar da iştirak edirdilər” – deyir.
Qardaşın qardaşa olan təmənnasız sayğısından, dərdini, kədərini dərdi, kədəri bilməsindən duyğulanır, qürur keçiririk. Eyni zamanda, Xocalı yaramız, o gözəl bölgələrimizin işğal altında olması könüldən sevinməyə imkan vermir. Şəhidlərimizin ruhuna dualar oxuyur, Xocalı dəhşətinin törədildiyi günlərdə çəkdiyimiz acılardan söz açırıq. Hamımız “İnşallah, torpaqlarımızın bir millət olaraq azad edib o gözəl bölgələrimizdə də şəhidlərimizin ruhuna abidələr ucaldarıq... İnşallah, gələn dəfə Dağlıq Qarabağda görüşək“ deyirik.

«EY, NƏ XOŞ ANLAR İDİ...»

Xoş anlardı ki, Elazıq mərkəzində salınan «Azərbaycan parkı»ndan keçib Almas İldırım küçəsi, Bəxtiyar Vahabzadə prospekti ilə irəliləyirik. Xankəndi məhəlləsi haqqında Şener Buludun verdiyi bilgiləri dinləyə-dinləyə tarixi qardaşlığımızdan, bir kökdən gəlib, bir kökə getməyimizdən söhbət açırıq. Elə hey düşünürəm ki, elə bil, başlarına gələcək qəzavü-qədəri əvvəlcədən bildiyi üçün Allah daha möhkəm yaddaş veribmiş bizim Qarabağ camaatına. Tarixin bəzi dönəmlərində Qarabağdan köçmək məcburiyytində qalmış bəzi Qarabağlı ailələr hara köçüblərsə o yerlərə özləri ilə bərabər doğma yer-yurd adlarını da aparıblar, məskunlaşdıqları yerə öz doğma obalarının adını veriblər. Bu, Qarabağdan köçmək məcburiyyətində qalan insanlarımızın xüsusi özəlliyə malik bir xarakter, düşüncə, ilkinliyə bağlılıq xüsusiyyətləridi.

Almaz İldırım küçəsi, Bəxtiyar Vahabzadə prospektində söhbət edirik. Elazıqlı alim dostlarımız Azərbaycan ədəbiyyatının bir sıra tanınmış şair və yazıçılarının Elazığı ziyarət etdiklərini xatırladır. Dönüşümüzdə onlara salamını çatdırmağı rica edir: “Elazıqda ənənəvi şəkildə keçirilən Beynəlxalq Xəzər poeziya şöləninə Azərbaycandan xeyli şair dəvət edirik. Sağ olsunlar, həmişə sözümüzü tutub gəlirlər. Bu dəvətlər və görüşlər qarşılıqlıdı. Azərbaycan Yazıçılar Birliyinin dəstəyi ilə Bakıda keçirilən Xəzər şeir axşamları günlərini heç unutmadıq ki!..” An əbədiyyətə qovuşur. Zaman durdurulur. Məmməd Arazın misraları sıralanır yaddaşımda: «Burda nə danışmaq, burda nə dinmək, gedən gedərgidir, qalan qalacaq...»

Bir yanı Malatya, bir yanı Bingöl, bir yanı Tunceli və Diyarbəkir olan Elazıqda qonaq deyilik... Daha çox ev sahibi kimiyik; Xankəndi məhəlləmizlə, Almas İldırım küçəmizlə, Bəxtiyar Vahabzadə prospektimizlə, «Azərbaycan parkı»mızla, Xəzər gölümüzlə. Bu yurdun hər qarış torpağını qanı-canı bahasına qorumuş, bu vilayəti qurmuş, ucaltmış, Harput əfsanəsinin baş qəhrəmanı Balak Qazi dost-doğma Oğuz boyundan gəlmişdi. O boydan ki, ruhumuz, canımız o müqəddəslikdən qaynaqlanır.

HALALLIQ ALMADAN KEÇİLMƏZ BURDAN

Elazığın hər məhəlləsi, küçəsi bir tarix boxçasıdır. Bunun nədənliyinə varmaq üçün gərək Hicrət, Nailbəy, Rüstəmpaşa, Mustafapaşa, Rizayiə, Cümhuriyyət məhəllələrini əmin-arxayın gəzib-dolaşa biləsən. Ancaq vaxt gözləmir, zaman dar gəlir.
Elazıq Böyük Şəhər Bələdiyyəsində olan görüşdə xoş qarşılayırlar bizi. Yenə də bir kökdən gəlməyimiz, dil, din, ruh doğmalığımız əsas mövzu olur. Azərbaycan-Türkiyə əməkdaşlığından, Qarabağdan, gənclərimizə ortaq tarix, ədəbiyyat, mədəniyyət və həqiqətlərimizin daha geniş öyrədilməsinin önəmini vurğulayırıq. Bələdiyyə yetkililərinə səmimi görüş üçün minnətdarlığımı bildirirəm. Elazığın Azərbaycanın böyük, tarixi şəhərlərindən biri ilə qardaşlaşması zərurətindən söz açıram və bunun çox böyük əhəmiyyətini xüsusi vurğulayaraq Elazıqda Azərbaycan şəhərlərindən birinin qardaşlaşmasını təklif edirəm. Təklifi böyük məmnuyyətlə qəbul edib “bu məsələ üzərində çalışacağıq” deyirlər. Bələdiyyə yetkililəri ilə görüşümüzdə ortaq acımız Dağlıq Qarabağ problemi, Xocalı soyqırımını törədənlərin ədalət qarşısında cavab verməsi üçün həyata keçirilən işlərdən də danışırıq. “Türkiyə hər zaman yanınızdadı” deyirlər. Bələdiyyə yetkililərinə Azərbaycan, tariximiz, ədəbiyyatımız, mədəniyyətimiz, Qarabağ həqiqətləri ilə bağlı kitablar, filmlər hədiyyə edirik. Həmmüəllifi olduğum “Xocalı soyqırımı tanıkların dilinden” kitabımı, rəhbərlik etdiyim Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin hazırladığı “Azərbaycan həqiqətləri” sənədli filmlər toplusunu, eyni zamanda müəllifi olduğum “Qənirə Paşayeva ilə addım-addım Türk dünyası” kitabımı hədiyyə edirəm. Bələdiyyə yetkililərinə görüşdə iştirak edən dostlara yaxın zamanlarda “Qənirə Paşayeva ilə addım-addım Türk dünyası” seriyasından ikinci kitabımın işıq üzü görəcəyini və bu kitabda aşiq olduğum Elazığa xüsusi yer ayıracağımı söyləyirəm. Bələdiyyə yetkililəri bu xəbərdən böyük məmnuniyyət duyduqlarını, bu cür kitabların böyük önəmini xüsusi vurğulayırlar. “İnşallah, gələn səfərimdə kitab hədiyyəsi ilə gələcəyəm” - deyirəm. Bələdiyyə yetkililəri də öz növbələrində bizə Elazığı anladan hədiyyələr təqdim edirlər.
Tarixi birliyin, doğmalığın rəmzi olaraq da bir arada ziyarət edirik Üryan Baba türbəsini. Tarixin yuxuya daldığı bir məkandı burası. Gərək ayaqla yox, ruhla, düşüncəylə qədəm basasan. Elazıqda deyirlər ki, gərək Harputda «Qayabaşı» adıyla anılan açıq hava muzeyinə getməzdən öncə yamacda yer alan Üryan Baba türbəsini ziyarət edib halallıq alasan, Türbə qapısı önündə nəzər çəkən daş üzərindəki yazıdan anlayıb-biləsən burda uyuyanın kim olduğunu:

«Allahın sevdiyi qullardan İsmailin torunu, Ömərin oğlu Hafiz Mühammed...»
1278-ci ildə yapılan türbənin giriş qapısından daxil oldunsa, sağ səmtdə bu mübarək zatın əbədiyyət yuxusuna daldığı sərdabəni görəcəksən. Bu səmtə Kurşunlu camidən keçib gəlmişdik. Harput muzeyi, Güllübağ məhəlləsi bu səmtdə idi. Eləcə də Harput məhəlləsi, Əhməd Kabaklı bulvarı, Sara Xatun camisi... Bu, Ağqoyunlu dövlətinin 5-ci hökmdarı Uzun Həsənin anası Sara Xatundu ki, Elazıqda camisi 1463-cü ildə yapılıb. Allah müfti Hacı Əhməd əfəndiyə rəhmət eləsin ki, 1850-ci ildə camini yenidən bərpa etdirib. Bir qayda olaraq Harput camilərində kitabələrə rast gəlinməz. Yalnız Ulu cami 2, Kurşunlu cami 1 kitabəyə sahibdi. Ancaq Sara Xatun Camisi yeganə tarixi abidədi ki, 18 kitabəyə sahiblik edir.

ƏRƏNLƏRİ İLƏ TANINAN ELAZIQ

Sonra da Arap Baba türbəsini ziyarət etmək üçün qədəm alırıq. XIII əsrdə yaşamış bir behiştlikdi. Əsl adı Yusif, atasının adı Arabşah olub. Harputun fəthi üçün gələn Səlcuqlu sərkərdələrindən biri, eyni zamanda sayılıb-seçilən bir vəli olduğu bilinir. Türbəsi 1279-cu ildə yapılıb. Türbəsinin alt qatında qəbir odası, üst qatında isə ziyarət edilən sandıqça yer alıb. Qəbrinin özəlliyi nəşinin hər kəs tərəfindən görülə biləcək qədər açıqda olmasıdı; çürüməmiş cəsəd və kəsilmiş baş... Göz önünə bu müqəddəs torpaqlar uğrunda gedən qızğın savaş səhnəsi gəlir. Yay çəkilir, ox atılır, nizələr süzür, qılınclar qından sıyrılır. Hər tökülən şəhid qanı bir tarix səhifəsi yazır. Bu savaş yolunda kəsilən başlar belə gözəl görünür. Yadıma «Nəsimi» filmindən unudulmaz bir səhnə düşür. Əmir Teymur oğlu Miranşah gözəl və mətanətli Şəmsin qürurunu qırmaq üçün igid Bahadır xanın kəsilmiş başını onun qarşısına atır. Şəms o kəsik başı ilahi bir duyğuyla süzür, ətrini qoxuyur və vüqarla «Bahadır xanın ölüsü də, kəsilmiş başı da gözəldir» - deyir.

Çarşı məhəlləsi boyu gəzib-dolaşdığım anların özündə belə bu duyğular mənimlə olur. Zibeydə xanım bulvarı boyunca uzanıb gedən geniş yol bu səmtə götürür yolçularını. Qazi prospektidi göz önündəki... İbrahimpaşa məhəlləsi solunda qalır. Eləcə də Yeni məhəllə, Raziyə məhəlləsi, Universitet məhəlləsi...

Fırat Universitetinə bu səmtdən keçib gedirik. Burada bizi müəllim-tələbə heyətilə görüş gözləyir. Bir dünyalıq məhəbbətlə qarşılanırıq. Xocalı soyqırımına həsr edilmiş konfransı gənclər böyük diqqətlə dinləyir, o dəhşətli soyqırımı əks etdirən sənədli filmdən fraqmentlərə, foto-faktlara milli kədər hissilə, «bu qan yerdə qalan deyil!» duyğularıyla baxırlar.

Fırat Universitetində düzənlənən bu önəmli konfransda etdiyim çıxışda vurğuladım ki, Ermənistan təkcə işğal etdiyi Xocalı şəhərini qan içində boğmadı, eyni zamanda, Qaradağlıda, Bağanıs-Ayrımda, Ağdabanda da dəhşətli qətliamlar törətdi. Bu gün türk torpaqları hesabına “Böyük Ermənistan” yaratmaq istəyənlər törətdikləri vəhşilikləri ciddi-cəhdlə ört-basdır etmək istəyirlər. Biz buna imkan verməməliyik, Azərbaycan həqiqətlərini dünyaya daha geniş çatdırmaq üçün birliyimizi, ortaq səylərimizi daha da artırmalıyıq. Dağlıq Qarabağ problemi bütün Türk dünyasının problemi olmalıdır. Bu sahədə Türk gəncliyinə inanırıq. Gənclər sosial mediada həqiqətlərin daha da geniş yayılmasında fəal olmalıdırlar. Bu gün Fırat Universitetinin tələbələrinin, eləcə də, burada təhsil alan azərbaycanlı tələbələrin simasında mən bu gəncliyi görür və onlara inanıram. Fırat Universitetinin rektoru, Prof. Dr. Kutbeddin Demirdağ, eləcə də, ziyalılar, millət vəkilləri mənimlə həmrəyliklərini bildirirlər. Konfransdan sonra həmmüəllifi olduğum “Hocalı Soykırım tanıkların dilinden“ kitabının universitetdə təqdimatı və imzalanması mərasimi oldu. Gənclərin kitaba və öyrənməyə marağını görüb onlarla geniş fikir mübadiləsi edib, suallarını cavablandırdıq. Eyni zamanda Fırat Universitetində təhsil alan və sayları hər il daha da artan azərbaycanlı tələbələrimizlə də görüşərək geniş fikir mübadiləsi apardıq və Azərbaycanı, tariximizi, mədəniyyətimizi, həqiqətlərimizi həm təhsil aldıqları universitetdə, həm də Elazıqda daha geniş tanıtmaq üçün fəallıqlarını daha da artırmağa çağırdıq. Onlara Azərbaycan həqiqətləri ilə bağlı materiallarla yanaşı müəllifi olduğum kitabları da xatirə hədiyyəsi kimi təqdim etdim.

Fırat Universitetinin rektoru, Prof. Dr. Kutbeddin Demirdağ, rektor yardımçıları ilə olan söhbətlərimizi heç unutmuram. Ölkələrimizin universitetləri arasındakı əməkdaşlığımızın inkişafı, ziyalılarımız arasında əlaqələrin genişlənməsinin önəmi barəsində geniş fikir mübadiləsi apardıq. Rektor Prof. Dr. Kutbeddin Demirdağ Azərbaycan universitetləri ilə əməkdaşlığa böyük önəm verdiyini deyir və gələcəkdə də bu əlaqələrin daha da atracağını vurğulayır. Ona Azərbaycan, tariximiz, ədəbiyyatımız, mədəniyyətimiz, Qarabağ həqiqətləri ilə bağlı kitablar, filmlər hədiyyə edirik. Həmmüəllifi olduğum “Xocalı soyqırımı tanıkların dilinden” kitabımı, rəhbərlik etdiyim Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin hazırladığı “Azərbaycan həqiqətləri” sənədli filmlər toplusunu, eyni zamanda müəllifi olduğum “Qənirə Paşayeva ilə addım-addım Türk dünyası” kitabımı hədiyyə edirəm və universitetlə geniş tanış oluruq. Rektora azərbaycanlı tələbələrə göstərilən diqqət və qayğı üçün təşəkkür edib, bu münasibətin hər zaman davam edəcəyinə inandığımı deyirəm. Tədbirlər başa çatdıqdan sonra da şəhərlə tanışlığı davam etdiririk. Qazi prospektindən Yıldızbağları, Fevzi Çakmak məhəllələrinə yol dönür; İnönü, Pertek prospektləri önümüzdədir... Dövlət, Akif, eləcə də Diaqnostika (araşdırma) xəstəxanaları bu səmtdədi. Baykara prospekti İnönüdən ayrılır. Atatürk prospekti bu geniş prospektlə Yunis Əmrə bulvarını birləşdirir. Universitet məhəlləsi ilə Yeni məhəllə bu arada çevrələnir. Üzbəüzdə, sağ tərəfdə Sürsürü prospekti uzanıb gedir.
Sarayatik məhəlləsi Çarşı məhəlləsilə qucaq-qucağadı. Bir az da sağ yanda Çevrə yoludu. Düz Diyarbəkrə aparır. O Diyarbəkrə ki, bir zamanlar Ağqoyunlu imperatorluğunun paytaxtı olub. Az sonra bu yolla Sivricə köyü ətəyində yer alan Xəzər gölünü ziyarətə gedəcəyik.
İndilikdə isə yolumuz tarixi Harput qalasınadı. Hürriyyət prospektindən Harput prospektinə dönürük. Qalaya qədər uzanıb gedir. Hərbi (Askeri) xəstəxana arxada qalır. Ulukənd məhəlləsi sağdan boylanır. Harputa aparır dolama yollar.

BU QALA-BİZİM QALA,
YAXUD QAN-QANI ÇƏKİR

Dolama yolları Qalxdıqca Harput qalası haqqında söylənən əfsanələr keçir yaddaşımdan bu yollar kimi.

Su yerinə daşını-torpağını südlə yoğurub-yapdıqları bilinir. Müqəddəsliyinə xələl gəlməsin deyə. Türklər südü, özəlliklə ana südünü halallıq simvolu bilib həmişə. Daşla kərpiçlə hörülməyib buradakı evlər. Qayaları çapıb ev eləyiblər. 1115-ci ildə Oğuz elinin Kayı boyundan olan Artukoğlu Balak xan sahib olmuşdu Harput qalasına. İndi heykəlləşib at belindəcə. Əlində qılıncı qından sıyrılıb. Yönü Xəzərgölünə doğru boylanır. 1112- ci ildə Harput hökmdarı olan bu böyük qəhrəmanı Harput qalasına çəkib aparan Xəzər gölcüyünə göz dolusu baxmaq istəyi olub bəlkə? Nakam şair Almas İldırım kimi, bəlkə o da bu gölə boylana-boylana ayrılıb gəldiyi Oğuzların Kayı boyuna mənsub Artuk xanədanını, bir tərəfi bəhri – Xəzər olan qədim yurd yerlərini anır-anırmış. Harput Qalasından boylanıb yönü aşağı baxdıqca 26-30 km məsafədəki Xəzər gölünün başı üstündən ucalan Baba dağının sırası çəkir adamın könlünü-gözünü. Burdan yol adlayır Diyarbəkirə...
Alt yanda Dəvə mağarasıdı, Elma vadisidi... Mənsə Balak Qazinin at belindəki heykəlinin peydestalı üzərindəki yazıdan gözlərimi heç ayıra bilmirəm. Bildiyim tarix olsa da yenidən oxuyuram: «1112-ci ildə və gənc yaşlarında Harputun hökmdarı oldu. Oğuzların Kayı boyundandı. Səlcuqlu hökmdarı tərəfindən müsəlman orduları komandanı seçildi...»

TARİXİN QISA DİLİ BELƏ SÖYLƏYİR...

1700 illik Çinarlı parkı tarixə beləcə yoldaşlıq edir. Burada Dilək Çinarının yaşı 1700 il olduğu bildirilir. Bircə cümləylə yazılıb. Ancaq ötüb-keçən bu 1700 ilin hər anı, hər qədəmi bir dünyalıq əfsanə boxçası kimidi. O sarıdan da hər yarpağı, hər budağı müqəddəs sayılır, kölgəsində dualar edilir, budaqlarına niyyət dəsmalları bağlayırlar. Burda bir tarixdi Harput hamamı... Qurşunlu camini ziyarət eylə... Güllübağ məhəlləsi ovuc içi kimi görünür. Hələ bir Əhməd Kabaklı bulvarı, Hunkar qonaq evi, Gülbaxça, Mansur Baba gəlişinə qucaq açır. Qədim küplər, tarixi araba təkərləri, qazıntı qalıqları bu evin önündə tarixə şahidlik edir. Dilək Çinarı altında dayanıb bu tarix çevrəsinə baxır, baxdıqca da bircə detalını, görüntüsünü göz önündən qaçırmaq istəmirəm. Ahquzu səmti boyunca gəzir gözlərim...Yenidən tarixə dönür, Balak Qazinin at üstündə şəhanə duran görkəmindən ötüb keçən zamanın gizlinlərini xəbər almaq, sormaq istəyirəm; tarixi bilgilər bu qəhrəmanın xaçlılara qarşı mərd savaşından qürurla söz açır. Harputdan Mardin və Hələbə qədər uzanan bir əraziyə hökmü yetmişdi. Tarixin özünəməxsus dönəmi, əsrin o başının bu başına bağlantısıdı; 22 illik soyqırım tarixini qeyd etdiyimiz, Xocalı şəhidlərini andığımız günlərdə Harput qalasında yenilməz sərkərdə-hökmdar, Oğuz soylu şəhid Balak Qazinin heykəli önündəyik – qan-qanı çəkir: «Mən türkəm, soyum da, köküm də bəlli...»
Bu düşüncələrlə baş-başa Osmanlı dönəmi Əsgəri liseyinin yer aldığı ərazilərə nəzər salıram.

Harput qalası, Balak Qazi əfsanələri haqqında olan sönbətlər duz-çörək ətirli süfrə arxasında davam etdirilir. Fırat Universitetinin rektor yardımçısı, Elazıq bələdiyyə yetkililəri də sonacan bizimlə bir aradadırlar. Ortaya sırın gəlir; bizim xəngəli xatırladan bir yemək növüdü. Onun necə araya-ərsəyə gəlməsilə maraqlanır, səfər yoldaşlarım olan xanımlar. Xoş, unudulmaz söhbətlər üçün çay süfrəsi də bəhanə, yaxşı bir vasitədi. Bu ovqatla Xəzər gölünü ziyarətə yürümək necə də duyğulu, necə də xoşdu... Bu anları Almas İldırımın unudulmaz misraları təqib edir:

Salam desəm, rüzgar alıb götürsə,
Ağrı dağdan Alagölə ötürsə,
Gur səsimi göy Xəzərə yetirsə,
Xəzər coşub zəncirini qırsa, oy!..
Hökm etsə, bu sərsəm gediş dursa, oy!..

Xəbər alsam Muğanımdan, Milimdən,
Nazlı Bakım, o neft qoxan gülümdən,
Kim demiş ki, düşmüş adı dilimdən?!
Azərbaycan, mənim eşsiz yurdum, oy!
Ölməz eşqim, içimdəki dərdim, oy!..

Könlümə tək Kəbə yapdım səni mən,
Sənsiz neylim qürbət eldə günü mən?
Sənsiz neylim Allahı mən, dini mən,
Azərbaycan, mənim tacım, taxtım, oy
Oyanmazmı kor olası baxtım, oy?!

Zaman-zaman bizi təqib edən itkilərimizin, milli ağrı və kədərlərimizin ümumiləşdirilmiş şəkillənməsi kimidi bu misralar. Doğma Azərbaycandan, Gürcüstan, Türkiyə sınırlarından, Safranbolu və Malatyadan yönü bəri yolçuluğumuzun əsas mövzusu olan Xocalı soyqırımının ağrısı bu şerin qan qardaşıdı. Eyni zamanda da 5-6 gündü ki, artıq doğma Bakımızdan, Azərbaycandan ayrılmışıq. Bəlkə bizi Elazığın 26-30 km-lik məsafəsində yer alan Xəzər gölünə götürən səbəbin bir adı da elə burdan gəlir... Bə nədi?!.. Doğma Azərbaycanımızın kutsal bir xatirə bağı uyuyur burda.
Bənzəri mavi Xəzərimin oxşarı kimi...
Laylası Almas İldırımlı xatirələrdi...
Bir az öncə Harput qalasının yüksəkliklərindən, Balak Qazinin at belindəki əzəmətli heykəli ilə nəfəs-nəfəsə seyr etmişdik bu səmtləri. Ovuc içi kimi görünürdü. 26-30 km-lik bir çevrə o yüksəklikdən ən kiçik detallarına qədər görünməkdəydi. Qarşı yatan qara dağların zirvəsindəki qar üstündən hər hansı qımıltı, hərəkət diqqət çəkərdi.
İndi isə Sivricəni keçib yetmişdik Xəzərin sahillərinə... Sanki gözəgörünməz bir qüvvə hansı möcüzənin əliyləsə bizim Göy Xəzərin bir parçasını alıb, bu yerlərə götürüb gəlib. Bir üzdə başı sis-dumanlı, qarlı dağlardı. Bir üzdən dayanıb baxan bizlərik... Ortada sükuta dalıbdı Xəzər. Gözlərim nakam şairimizdən son xatirə qalan bir nəsnə axtarır, nişan arayır. Anidən o könül aşiqini bax elə bu yerdə bir kənara çəkilib, kirimişcə kiçik Xəzərin mavi, mirvari dalğalarına baxan görürəm. Elə bil doğma Azərbaycan, bütün olub-keçmişlər bu mavi sulardan boylanıb baxır. Bir azca Göy gölün hüsnü var burda. Maral gölünə də bənzəyişi var... Hər dalğa dil açır bir düşüncədən, hər dalğa «şair, sən öldükcə, vurulduqca yaşarsan» təskinliyi verir.
Xatirə şəkilləri çəkdiririk – elə bil bizimlə bir aradadı nakam şairimiz Almas İldırım...
Ətrafa axşam qaranlığı çökməkdədi... Pünhan bir sükuta dalıb Sivricə... Daha çox yaz-yay aylarında gəlinər bura... indi qış ayıdı, indi xatirələr sarıb hər yanı...
Elazıq-Diyarbəkr yolu tarixin sirr dolu dolanbacları kimi önümüzdən, Sivricədən keçib Xəzər gölü boyunca yürüyür yönü dağlara-dağlara.
Bizsə Elazığa dönürük...
Bu, o Elazıqdı ki, tarixin 1085-ci ilində Çubuk bəy tərəfindən fəth edilmişdi. Öncə Artukoğulları, 1234-cü ildə Anadolu Səlcuqları, 1243-cü ildə Elxanilər, 1363-cü ildə Dulkadıroğulları, 1465-ci ildə Ağqoyunlular idarəçiliyi altında olmuşdu. Sonra gəlmişdi Osmanlı dönəmi; Çaldıran döyüşündən sonra Harput Osmanlı idarəçiliyi altına keçmişdir.
Əvvəllər Aqavat Mezrası adıyla tanınan Elazıq 1834-cü ildən etibarən bu adı daşımaqdadı. Dönəmin valisi İzzət Paşa dilə yatımı elə də hamar olmadığından onun adını dəyişməyi məsləhət etmişdi.

ADI ATATÜRKDƏN BİR ƏMANƏTDİ

Böyük Paşa bu çevrəyə ilk dəfə 1916-cı ildə – hələ ordu komandiri olarkən gəlmiş, ziyarət etmişdi. İkinci ziyarəti isə 1937-ci ildə olmuşdu. Gəlmişdi, bu mahalı «azığı (azuqəsi, məhsulu, bərəkəti) bol olan yer» olaraq dəyərləndirmişdi. Məsləhət etmişdi ki, mahalın adı durumuna uyğun olaraq «Elazığ» adlandırılsın. Onun fikrini dəstəkləyir Türkiyə Böyük Millət Məclisi. Xüsusi qərarla Elazıq kimi təsbit olunur.

HƏR TARİX İZİNƏ MİN SALAM OLSUN...

Hazarbaba dağından süzülüb gələn sular Xəzər gölünə can verməkdədi.
Keban Baraj gölü, Cip Baraj gölü bu bölgədədi. Verimli, barlı-bərəkətli obalar burda; Biri Uluova, biri Kuzova... Ağdağ, Qaraoğlan dağları ilə baş-başa dayanır Bəxtiyar, Xəzər, Buludlu dağları... Yazı isti keçər, quraqlıq olar... Qışı yağmurludu, sis-dumanlıdı... Üzüm bağlarından danışım sizə; Ən azından 30-a qədər üzüm növü var: Bizdəki kimi, qara şanı da var, ağ şanı da... Elazığ üzümü çox məşhurdur. Yolunuz düşsə, dadmadan dönməyin.
Burda balıqçılıq təsərrüfatı geniş yayılıb. Kaban gölünün zəngin su ehtiyatları bu sahəni daha da dirçəldib, verimli edib. İstəsən qonaq ol qara sazana, ya qarabalığa, alabalığa... Durna balığı da istəsən olar.

Burda mədənçilik, sənaye üzrə böyük layihələr gerçəkləşibdi. Muzeylər, camilər tarix sirdaşı.

Çubuk bəyin anım kompleksi sol tərəfdən Meydan Caminin son qalıqları, sağ yandan isə Ulu Cami ilə çevrələnib. Buradan keçən prospekt Harput qalasına götürər səni. Əsədiyyə camisi Əxi Musa məscidi ilə yanbayandı. Əhməd bəy camisi Murad Baba camisinin onaddımlığında, Hacı Həsən camisi Kurşunlu caminin əlyetərindədi. Fateh Ahmetbaba türbəsinə Dabakhane Kaplıca səmtindən geniş yol ayrılır. Tarixi anım kompleksi sağ səmtdə qalır. Tarixi Hacı Hulusi Əfəndi qəbiristanlığını İmam Əfəndi türbəsinin yaxınlığında ziyarət edə bilərsiniz. XII-XIII əsrlərin silinib-pozulmaz tarixindən söz açar sizə Əsədiyyə camisi. Səlcuqlu dədələrimizin barmaq izini yaşadar hər kərpic parçası, hər daş hörgüsü.
Hoca Mescid məhəlləsi Hoca Hamamıyla qarşılar səni. «Bə hansı Xocadı bu xoca belə?» – deyib xəbər alma, biləni yoxdu. Tikməyib özü qala, tikib ki, izi qalsın.
Şəfalı suları mədə-bağırsaq, qaraciyər xəstəliklərinə məlhəm olan Dabakhane Harput qalasının quzeyindəki dərədə yer alır.
Kazım Əfəndi Türbəsinə bizlərdən bir salam olsun. İmam Əfəndi Türbəsi Ərzurum qoxusu verməyindədi. Çox vaxt əslinin-nəslinin adıyla Ərzurumlu deyilən İmam əfəndinin ruhu bu türbədə uyuyur.

Ağın qalasından söz açım sizə; 1018-ci illərdə yapıldığı bilinir. Yenipayan kəndi sınırları içərisində yer alıb. Oyma mağaralar göz önündədi. Gizli pilləkənlər, keçidlər səni tarixə götürər hər qədəmində. Hava hardan gəlir? – sirri-xudadı... İşıq hardan düşür?
Ağın səmtlərinin tarixi evləri adla deyilər ta əzəl gündən. İki-üç qatlıdı adəti üzrə. Sanki Karabükdən, Safranboludan çeşidlər daşıyıb ustalar bura. Bu da qaya məzarları – Ağındı bura... Yazılı daşlarda minillik tarix yatır. Məzarlar qayaya əmanətlənib. Daşlar çapılıbdı yerli-yerindən.

Baskil qəzasının batı səmtindən Abdülvehhap Qazi türbəsinə yol gedər... Bir dağ yamacında tarixləşibdi. Mağara içində türbə yapılıb. Yunis Əmrə taleyinə bənzər taleyiylə yaşar yaddaşlarda Abdulvəhhab Qazi... Eynən onun kimi müxtəlif, fərqi məkanlarda dəfn olunduğuna aid türbələri var. Türbəsinin aşağı tərəfində Zeynəb Xatun türbəsi yer alıb. Rəvayətə görə Qazi həzrətlərinin xidmətçisi olub, suyunu daşıyıb, çörəyini yapıb. Hərdən adına Qeysər qızı da deyərlərmiş...

RUMU GƏZ, BAĞDAD ARA

Elazıqdan keçən tarixi Bağdad yolunun üzərindən boylanıb baxır Dənizli Karvansarası. Qos-qoca durumuyla bir Təbriz havası qoxuyub durur. Klassik Səlcuklu memarlığı üslubuna sahiblik edir. Orta hesabla, XIII əsrin olmuşlarına şahidlik etməyindədi. Nəzər yetirdikcə ədəbiyyatşünas alim əmim Qəzənfər Paşayevin dilindən tez-tez eşitdiyim bayatılar dil ucuna gəlir, «Rumu gəz, Bağdad ara!» tapşırmasının nədənliyinə vaqif olmaq istəyirəm.

BU DA YUSİF ZİYA PAŞA
KÜLLİYYƏSİ...

Ayrıca bir şəhərcik kimidi. Kəhrəba rəngli təpəlikdi böyürü-başı. Keban qəzasının Çarşılar məhəlləsində yer alıb. XVIII əsr yadigarıdı. Osmanlı memarlığı ənənəsilə süslənib. Divarları heyvan şəkilləri ilə bəzənib. Buradan Pir Davud türbəsinə bir göz qırpımı yol var. Bu həzrəti İmam Cəfəri Sadiq oğlu İmam Musa Kazımın soyundan gəldiyi bilinir. Ölümündən sonra məzarı önündən keçən hər bir yolçu bu türbə üzərinə bir daş qoyub. Beləcə hasilə gəlib bu türbə. İçərisində Həzrəti Əlinin rəsmi süslənib... Palu qalasının 700 metrliyində Cəmşit Rüstəm Paşa camisi, Palunun Zeve məhəlləsində Alacal məscidi Elazıq tarixinin bənzərsiz abidə örnəklərindəndi. Hələ tarixi Palu hamamı, qaya döşündəki Ulu cami, yamac ətəyindəki Kiçik cami yenə öz izini hifz edə bilib.

QALAÇA ÖNÜNDƏ, TƏNDİR BAŞINDA

Dönüb də maraqla baxıram elə; qalaça önündə, ocaq başında əlində kəfkiri, öndə qazanı bişirib-düşürən o ana kimdi? Hardan tanış gəlir, doğma görünür? Kökü hardan gəlib Ağın köyünə, Ağın qəzasına – biləydim barı... Sonsuz maraq hissi məni tarixə çəkir, çəkir; 1514-cü ildə baş verən Çaldıran savaşından sonra Osmanlı torpaqlarına qatılıb bu qəza. Elazıqdan 77 km-lik bir məsafə var Ağına.

Alacaqaya qəzası isə Elazığın 85 kilometrliyindədi. Özünəməxsus, bənzərsiz mərmər yataqlarına sahiblik edir. Murad Xan adını daşıyan tarixi abidə burda yer alıb. Mərkəzindən 3 km kənarda Gölalan gölcüyü aynalanıbdı. Bir təpə döşündə meşə kölgəsində süslənib evlər. Dağlar bircü-bürcü, dərələr növ-növ.

Bir azca kənardan Arıcaq qəzası çəkir könlümü. Mərkəzdən 112 km-lik bir məsafədədi. Sərin axar sular məskənidi Arıcaq. Deyirlər ki, Kərbəla müsibətindən sonra Mustafa Çələbinin körpə övladları gəlmiş bu yerə. Sonra tayfa savaşları başlamış. Mustafa Çələbi Palu hakimi Qara Cümşüd bəyin himayəsini qəbul etmişdir. Çaldıran savaşına qədər Arıcaq qəzası Mirvari olaraq tanınmış, Osmanlılar dönəmində Karabegan adıyla isimləndirilmiş, 1987-ci ildən hazırkı adı verilmişdir.
Elazığın ən yüksək dağı olan Hacı Ali dağı Arıcaq sınırlarından keçir. Baskil qəzası isə Elazığa ən yaxın olanıdı. Cəmi 38 km məsafə ayrılığı var. Tarixi izləri ilk tunc çağınacan uzanıb gedir. Ərik bağlarıyla şöhrətlənibdi. Baskil ilə Battalqazi arasındakı Karaqaya Baraj gölü üzərindən Kömürhan körpüsü uzanıb gedir. Düz 60 m hündürlüklə 2030 metr bir məsafəni birləşdirir. Haraoğlu və Hacı Mustafa dağları ilə çevrələnib.
Karakoçan qəzası isə bir təbiət möcüzəsidi. Mərkəzdən 104 km uzaqlıqdadı. Burdan dağ keçisi adlayıb keçər. Hüsnü könül çəkər Pəri çay’ının. Golan Camlığı, Bəyaz Çeşmə Mesire yeri, Gözəl Baba Ormanı bu yerlərin əzəl bəzəyidi, bilənlər bilir. Müalicə əhəmiyyətli mədən suları məşhurdu əzəldən el arasında.

Bal festivalı hər il burda keçirilər. Eləcə də Sarıcan mədəniyyət və sənət festivalı hər il təkrarlanar. Pamuqlu köyündə isə adətdi, qurular Yaz festivalı.
Elazıq mərkəzinin 48 km-də yer alan Keban qəzası Türkiyənin ən böyük baraj gölü olan Keban Barajın adıyla şərəflənib. Bura əsasən X əsrə aid məskunlaşma ərazisi kimi də tanınır. Bu yer dəmir, qurğuşun mədəni, məskəni kimi tanınır. Dünyanın ikinci ən böyük təsisi olan Ferro Krom Təsisləri isə Kovancılar qəzasında yer alıb. Mərkəzdən 65 km kənardadı. Şənova kəndində «Anıt ağacı», Payamlı, Sürəkli, Daşqanaq kəndlərində şəfalı suların sayı bilinməz.

Maden qəzası Səlcuqluların at oylağı, yar seyrargahı olmuş, sonralar Yavuz Sultan tərəfindən Osmanlı torpaqlarına qatılıb. Mədəniyyət və təbiət muzeyi olan bir yerdi. Çitli Höyüşü və Şeyx Məhəmməd Katta türbəsi, Saat qülləsi tarixin bir yaddaş boxçası kimi... Bir gözəl təpənin boyunca evlər və yaşıl ağaclar qol-qola vermiş!
Sənə gəlirəm tarix! Səndən söz açıram Palu qəzası... Sən Şumer dövrünün yadigarısan. Çubukoğullarının və Balak Qazinin bəylik mərkəziydin illər öncəsi! Səndən Dulkadıroğullaırının, Ağqoyunlulu, Səfəvilər və Osmanlı idarəçiliyinin ətri, qoxusu ürpərir. Kəhraba rəngli təpəliklərindən boylanıb baxanda diqqəti çəkən 8-9 tağlı o böyük körpü eynən Xudafərini gətirir göz önünə...

SƏNDƏN SÖZ AÇMIŞAM, SƏNDƏN, SİVRİCƏ...

Bir ayrı yerin var könlümdə sənin... Elazıqdan keçib də, 30 km-lik bir məsafəni sənə yürüyüncə yaşadıqlarım dünya gələ-gələ çıxmaz yadımdan. Tale qardaşısan sən də Palunun. Çaldıran ağrısı keçib canından. Səndən boylanıram Baba dağına. Tam bir turizm məskənidi qoynun əzəldən. Bizim Kəlbəcərin ətəklərinə bənzəyən hüsnünə aşiqdi könlüm. «Götür məni uzaqlara» duyğusu ruhuma yelpik çəkir. Bütün təbiət aşiqlərinə «Gəlin ey, gəlin, siz də görün, bu gözəlliyi dərk edin, yaşayın» səslənişimi boğa bilmirəm.

ŞUŞAMIN RUHUNCA...

Bir şeirdə deyilənlərdi: «Döysən Qarabağda sən bir uşağı muğamat üstündə ağlar deyirlər». Elazıqda musiqi sənətinə böyük diqqət gördüm. Eynən bizim doğma Azərbaycanın hər güşəsində olduğu kimi. Buradakı musiqi konservatoriya dərnəyində 300 musiqisi bir arada fəaliyyət göstərir. Klassik musiqiyə, xalq havalarına xüsusi bir münasibət var.

ALLI-GÜLLÜ LEYLA...

Elazığın «çit baskıçılığı» məhsullarına göz yetirə-yetirə bu qədim el mahnısını gümüldənirəm iç dünyamda. Pambıq parça üzərində salınan naxışlar nənəli dünyama qaytarır məni. Hər naxış ruh birliyimizin bir yeni ilməsi, bağı kimidi. Kars və İsparta çevrələri boyunca da eynən Elazıqda olduğu kimi «çit» sözü işlənər bizdəki kimi. 200 illik tarixi var Elazıqda bu sənətin. Elə gözəl və incə yaylıqlardı ki... Elazıq bələdiyyə yetkililərinin hədiyyə etdiyi gözəl yaylığı elə oradaca başıma örtüb onlara təşəkkür, nənələrimizin ruhuna dua oxuyuram. Tarixən hər bir Türk elinin özünəməxsus, xüsusi qonaqqarşılama adəti olub. Bu sırada Elazığın öz seçimi var; ən əziz qonağa papaq (şapka) hədiyyə edirlər - qeyrət, mərdlik simvolu olan papaq... “Elazıq papağı (şapkası)” adıyla məşhurdur. Hədiyyə edilən Elazıq papağının mənə çox yaraşdığını dedilər.
Burada xalçaçılığın qədim tarixi var. Xana arxasında, kirgit əlində əyləşən analar nənəmə bənzər, ilmələr eləcə vurular yenə, çeşnilər, naxışlar sıx-sıx salınar. Elazıqda 1962-ci ildən bəri xalçaçılıq məktəbləri fəaliyyətdədi. Səlcuklular dönəmi motivləri heç unudulmayıb. Meşəli, Goran (bu coğrafi ad eynən bizdə də işlənir: Goran, Goranboy ərazi adları var) Şəfək, Halköyü, Dişidi xalıları adnan deyilir.

ELAZIĞIN BAZAR BAŞI

Çeşidli qab-qacaq muzeyi kimi açılır önündə Elazıq bazarları. Misdən tökülübdü bu əl işləri. Ya gildən yapılan bardaqlar nə çox... Yan-yana düzülüb su bardaqları. İynə oymasıyla naxışlanıbdı bu tül pərdələrin bəti-bənizi. Bu gəbə, bu kilim gül açıb yenə. Xəyallanıram: «O gülün birin üzəydim, saçlarıma düzəydim...» Əlindəki çuvaldız, çəkic, mismarı tikdiyi çəkmənin boyuna ölçən çəkməçi qardaşım, işlər necədi? Ay ağac oyması üstə tər tökən naxışçı qardaşım, bazarın varmı? Satdığın təsbehlə nə niyyət tutum, təsbehçi qardaşım, əlinə sağlıq! Budu, gəlib çıxdıq şənlik üstünə... “Halay”la başlanıb... Sonra «Çayda çıra» oynanacaq, eyy... Bir adı «Mumlu mani»di... Öndə şam qoyulmuş tabaqlar durur. Elə ki, püfləndi qara zurnalar, hər əldə bir şamın şöləsi gedər.
İsti təndirlərin çörəyi xoşdu... Halallıq tökülür ana əlindən.
150 çeşidlik yemək növüylə dosta qapı açır süfrələr burda. Könlün nə istəyir, dilə, hazırdı; Qabırğa dolması istə, - «baş üstə», Harput küftəsinə qonaq ol, balam. Bu, qatıqlı qovurma, bu, ayranlı şorba, Harput küftəsi... İçli küftəninsə yeri ayrıdı. Kəs Taş əkməyindən, dolanger gör necə zərif bükülüb. Pendirli əkməyin ləzzəti ayrı... Uluslararası Xəzər şeir axşamlarının tarixindən söz açırıq. «Çayda çıra» film festivalının ənənələrindən danışırıq. Xəzər gölü Su idman yarışları, Bal festivalı, sənət şənlikləri haqqında olan söhbətlərimiz uzanıb gedir... Səfər çərçivəsində Fırat Televiziyasının canlı yayımında qonaq olduq, yerli mətbuata müsahibə verib, Azərbaycan, Dağlıq Qarabağ, Xocalı həqiqətləri barədə də geniş müzakirələr apardıq. Görüş və müzakirələr başa çatdıqdan sonra geri dönməyin zamanı yetişdi...

KEÇMİŞ XATİRƏLİ, BU GÜN ƏTİRLİ...

Fikirləşirəm: “Hələ yolların səbr, inad, istək, sevgi, inam istəyən nə qədər yoxuşu var... Bəzən körpü oluruq, üstümüzdən keçir zaman. Nə yazmaqla bitəsi, nə deməklə qurtarasıdı”. Elazığın enişli-yoxuşlu yolları bütün doğmalığıyla gözlərim önündən burulub keçir. Xalq şairi Rəsul Rzanın misralarını xatırlayıram:

Mənə elə gəlir ki,
Yüz min illik olsa bu yol
Yenə keçərdim onu yorulmadan.
Həsrətilə sürünə-sürünə,
yeriyə-yeriyə.
Üzümü qoyardım
ən adi, tozlu torpağına.
Yurdum! – deyə,
Anam! – deyə.

Bundan beləsini özüm düzüb-qoşuram: “Göylərinin gözəlliyi, dağlarının özəlliyi heyran qoydu məni, Elazığım... Sən necə də gözəlsən, sən necə də qocamansan və necə də cavansan belə.... “Yaraşıqlı, çiçəkli, qoynu nur çeşməli dünyamsan. Keçmiş xatirəli, bu gün ünvanlı, gələcək soraqlı” Elazığım mənim. “Baxdım sənə heyran-heyran... Baxdım, qəlbimə bahar gəldi, torpağa bahar gələn kimi”.
Qədim-qayım Türk dünyasının yolçuluğuna çıxmışam: Qədəm-qədəm, addım-addım. Ustadlar-ustadı Yunis Əmrənin səfəröncəsi qutlamasının hər şərtinə etina edirəm başdan-binədən. Dedikləri dil əzbərimdi Elazıq yolları boyu:

Hər kimə ki, dərvişlik bağışlana,
Qəlbi gedə pak ola, gümüşlənə.
Nəfsindən müşki-ənbər qoxuya,
Budağında meyvəsi gümüşlənə...

Qəlbimizin paklaşmaq, ruhumuzun tarixə qovuşmaq hücrələrindən biridi Elazıq. Tarixinə bələdlik hər şeydən öncə Məcnunluq istər. Gərək vürğünü, qədirbiləni, vəfadarı olub gələsən, çörəyini kəsib, suyundan içəsən və hər anı sənə xoş gələ. Və qiyamət gününəcən bu əhd-peymana, doğmalığa sadiq yaşayasan.
























AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu