Müdafiə Nazirliyi təkzib etdi: heç bir itkimiz yoxdur


Azərbaycan Müdafiə Nazirliyi erməni tərəfinin bu gün yaydığı xəbərə münasibət bildirib.


Virtualaz.org saytı bildirir ki, Dağlıq Qarabağdakı qondarma erməni rejiminin “müdafiə nazirliyi” bu gün təmas xəttində martın 6-na keçən gecə gedən döyüşlər barədə öz versiyasını yayıb.

Azərbaycan Müdafiə Nazirliyinin bununla bağlı yaydığı açıqlamada deyilir: “Ermənistan Müdafiə Nazirliyi cəbhədə uğursuz əməliyyat keçirmək cəhdindən sonra öz xalqının qəzəbindən qorxaraq vəziyyətlə bağlı növbəti dəfə dezinformasiya xarakterli məlumat yayıb.

Erməni tərəfi bu məlumatla xalqını aldadaraq cəbhədəki itkilərini, döyüş meydanında əsgər və zabitlərin qorxaqlıq göstərərək silah-sursatı atmaqla qaçdıqlarını, qeyri-peşəkarlıqlarını və o cümlədən ötən gecə həqiqətən cəbhənin Ağdərə-Tərtər istiqamətində uğursuz təxribat törətmək cəhdilərini etiraf edib.

Müdafiə Nazirliyi rəsmi olaraq bildirir ki, düşməndən fərqli olaraq qoşunların təmas xəttində heç bir xüsusi təyinatlı bölmələrimiz istifadə olunmur. Cəbhədəki vəziyyət və bir nəfər yaralı haqqında mətbuat xidməti tərəfindən səhər saatlarında verilən məlumatdan başqa Silahlı Qüvvələrimizin bölmələri nə canlı qüvvə, nə də silah və texnika sarıdan heç bir itki verməyib və əməliyyat şəraitinə tam nəzarət edir.

Kütləvi informasiya vasitələrinin nümayəndələrinə növbəti dəfə müraciət edərək ermənilərin təxribat məqsədilə yaydığı xəbərlərdən istifadə etməməyi tövsiyə edirik".

Yada salaq ki, Dağlıq Qarabağdakı qondarma erməni rejiminin “müdafiə nazirliyi”nin yaydığı xəbərdə Azərbaycan ordusunun 7 hərbçisini itirdiyi iddia edilirdi.

Xatırladaq ki, Azərbaycan Müdafiə Nazirliyi bundan əvvəl yaydığı məlumatda erməni qüvvələrinin Ağdərə istiqamətindən ordumuzun mövqelərinə diversiya həmləsi etdiyini, itki verərək geri çəkildiyini və silahlarını döyüş meydanında atdığını bildirib. Erməni əsgərlərinin döyüş meydanında atılmış silahlarının fotoları da yayılıb. Lakin nazirlik ordumuzun itki vermədiyini, bir gizirin yüngül yaralandığını açıqlamışdı.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu