Özünü qumbaranın üstünə atıb əsgərlərini xilas edən İGİDİMİZ


Qənirə PAŞAYEVA

Onunla Tovuzda dəfələrlə görüşmüşdük. Tovuz istiqamətində ön cəbhədə xidmət edirdi 10 il əvvəl. Dəyərli hərbçi, gözəl insan, Vətənini dəlicə sevən bir vətəndaş idi mayor Elnur Əliyev. Sonra xidmət yerinin Fizuli istiqamətində dəyişdiyini duydum. Və yenə də ön cəbhədə Vətənini qoruyur, torpaqlarımızın işğaldan edilməsi arzusu ilə yaşayırdı. İnsanlarımız onu 7 gün əvvəl əsgərlərini xilas etmək üçün özünü qumbaranın üstünə ataraq şəhid olan dəyərli bir hərbçimiz kimi daha geniş tanıdı.

Qəhrəman bir hərbçi, gözəl insan əziz şəhidmiz mayor Elnur Əliyev! Qəhrəman qardaşımızın ailəsini Füzulidə ziyarət edib, şəhidimizə Allahdan rəhmət, əziz ailəsinə səbr dilədik. Ailəni ziyarətdən öncə Lələ Təpəni işğaldan azad etmək üçün döyüşdə iştirak etmiş əsgər və hərbçilərimizlə söhbət etmişdik. Hamısı mayor Elnur Əliyevin necə mərd, qəhrəman bir hərbçi, gözəl insan, Vətənini dəlicəsinə sevən bir oğul olduğunu vurğulayırdılar, onun necə qəhrəmanlıq örnəyi qoyduğundan ürək dolusu danışırdılar. Onun qəhrəmanlığı uşaqlarımıza öyrədilməli, KİV-lərimiz onun haqqında, qəhrəmanlığı haqqında daha çox yazılar hazırlamalı, sənədli filmlər çəkilməlidir. Çünki o, qəhrəmanlığı ilə örnək bir Vətən övladıdır.
Ömrü ön cəbhədə keçmişdi. Dəyərli qardaşımın ailəsinə bir gün başsağlığına gedəcəyim ağlımdan keçməsə də onun Vətən üçün hər an şəhid olmağa hazır bir insan olduğunu bilirdim. Dədəli kəndindəndir Elnur qardaşımız. Evləri 1993-cü ildə işğal olunmuşdu. Anasını tez itirmişdi. Sonra atasını. Evin böyüyü idi. Həyatını hərbi ilə bağlamaq qərarı verdi. Çünki ən böyük arzusu Vətən torpaqlaırını, ata yurdunu, evini düşməndən azad etmək idi. İllər əvvəl Tovuzda ön cəbhədə xidmət etdiyi zaman onunla söhbətlərdə onun bu müqqədəs arzu üçün yaşadığını hiss etmək çətin deyildi. Qardaşı Amid bəyi da hərbçi olmağa meyilləndirmişdi. Qardaşı, bacısının həyat yoldaşı onun ardınca hərb peşəsinə yollanmışdılar. Vətəni işğaldan azad etmək üçün.
Şəhid qardaşımız Elnur Əliyev Lələ Təpədə qəhrəmanlıqla döyüşüb və əsgərlərini xilas etmək üçün canını qurban verib. Onunla bütün millətimiz qürur duyur. İnşallah qanları yerdı qalmayacaq və inanırıq ki, torpaqlarımız tamamilə işğaldan azad olunanda onların ruhu da sevinəcək.
Şəhid qardaşımızın mərd, mətanətli xanımı "həyat yoldaşımla qürur duyuram Vətən sağ olsun" sözləri ilə hamımız üçün bir mərdlik, mətanət örnəyidi. Elnurdan yadigar qalan hər iki oğlu Elvin və Elxan da biz hərbi məktəbdə oxuyacağıq, hərbiçi olub atamızın qanını alacaq, torpaqlarımızı işğaldan azad edəcəyik deyirlər. Dəlicəsinə sevdikləri atalarından ayrılmaq onlar üçün çox ağır olsa da, qəhrəman bir şəhidin övladı olduqlarının da fərqindədirlər. Allah sizi qorusun, gözəl balalarımız və şəhidimizin əziz xanımı. Qarşınızda baş əyirik. Başımızın tacısınız hər zaman. Nur içində yatsın şəhidimiz!



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu