Uorlik: “Prezidentlərin görüşü barədə razılıq əldə olunmayıb”- yenilənir


"Hələlik Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünün keçirilməsi haqqında razılıq əldə olunmayıb. Azərbaycan Prezidenti artıq Serj Sarqsyanla görüşə hazır olduğunu bildirib. Biz bunu alqışlayırıq".

Bu fikirləri jurnalistlərə Bakıda səfərdə olan ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik bildirib.

Vasitəçi vurğulayıb ki, belə görüşü təşkil etmək asan deyil, bunun üçün müəyyən vaxt tələb olunur.

"Ərazilərin qaytarılması müzakirə olunan əsas məsələlərdən biridir", - deyə həmsədr vurğulayıb.

* * *11:48

“Azərbaycanın işğal olunmuş torpaqları Azərbaycanın nəzarəti altına qaytarılmalıdır”.

Bu sözləri ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik deyib. O bildirib ki, digər məsələ status məsələsidir: “Eyni zamanda, qaçqın və məcburi köçkünlərin öz torpaqlarına qaytarılması, ərazidə sülhməramlıların yerləşdirilməsi də danışıqların elementlərinə daxildir. Bunlar hamısı müzakirə predmeti olacaq. Gələcək statusun müəyyənləşdirilməsi məsələsi məhz prezident İlham Əliyev tərəfindən irəli sürülüb və biz bunu alqışlayırıq. Görüşlər zamanı prezidentlər bir araya gələrək müxtəlif elementləri öz aralarında müzakirə edə bilərlər və bu kimi görüşlər davam etdirilməlidir. Bütün qeyd olunan elementlər paket şəklində müzakirə olunmalıdır ki, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə razılaşdırılmış şəkildə həlli tapılsın. Həmsədrlər artıq qeyd edib ki, mövcud status-kvo davamlı deyil”.

* * *11:40

“Mən və həmkarlarım səbirsizliklə Azərbaycan prezidenti ilə görüşü gözləyirik”.

Bu sözləri Bakıda mətbuat konfransı keçirən ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik deyib.

“Biz əhəmiyyətli və vacib işimizi davam etdirməyə hazırıq. Vyana və Sankt-Peterburq görüşlərində Dağlıq Qarabağ münaqişəsinin davamlı həlli üçün yaxşı imkan yaranıb. Bakıda və İrəvanda bu istiqamətdə danışıqları davam etdirəcəyik”, - deyə C.Uorlik söyləyib. O bildirib ki, ABŞ, Rusiya və Fransa münaqişənin həllinin tapılması istiqamətində sıx fəaliyyət göstərir: “Biz bu yaxınlarda Moskvada xarici işlər naziri Sergey Lavrovla görüşdük. Hər üç həmsədrin bölüşdüyü bir məqsəd var: biz münaqişənin sülh yolu ilə həllini tapmaq istəyirik”.

* * *11:01

Bu dəqiqələrdə Bakıda ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik mətbuat konfransı keçirir.

Virtualaz.org ABŞ səfirliyinin məlumatına əsasən xəbər verir ki, görüş Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesi çərçivəsində danışıqlarla bağlı vəziyyətə həsr olunub.

Virtualaz.org-un xüsusi müxbiri mətbuat konfransında iştirak edir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu