"Qaçqınkom"da Laçının işğalı ilə bağlı tədbir keçirilib


"Qaçqınkom"da Laçının işğalı ilə bağlı tədbir keçirilib


Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Laçın rayonunun Ermənistan silahlı birləşmələri tərəfindən işğalının 26-cı ildönümünə həsr olunan anım tədbiri keçirilib.

Əvvəlcə Azərbaycanın dövlət müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Laçın rayonunun Azərbaycanın füsunkar guşələrindən biri olduğunu və strateji mövqedə yerləşdiyini diqqətə çatdıran Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev ermənilərin Azərbaycan xalqının başına gətirdiyi faciələri yada salıb. Ozamankı Azərbaycan hakimiyyətinin səriştəsiz fəaliyyətinin ölkə üçün ağır nəticələrə səbəb olduğunu bildirən Rövşən Rzayev 1992-ci ildə Laçın rayonunun müdafiəsinin lazımı səviyyədə təşkil edilmədiyini və rayonun düşmənin əlinə keçdiyini diqqətə çatdırıb.

O, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən düşünülmüş, çevik, qətiyyətli, uzaqgörən siyasəti nəticəsində ərazi bütövlüyümüzün təmin ediləcəyinə əminliyini bildirib. Azərbaycanın Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın qaçqın və məcburi köçkünlərin sosial vəziyyətinin yaxşılaşdırılmasını daim diqqətdə saxladığını vurğulayıb. Eyni zamanda ölkəmizdə davamlı olaraq həyata keçirilən sosial yönümlü layihələri, qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində görülən irimiqyaslı işləri tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Laçın rayonunun ağsaqqalları Əmirxan Zeynalov, Qəzənfər Hüseynov Laçının Azərbaycan üçün tarixi, mədəni və iqtisadi baxımdan strateji əhəmiyyəti və işğalın ağır nəticələrindən danışıblar.

Milli Məclisdə Laçın rayonunu təmsil edən millət vəkili Mahir Abbaszadə Laçının qədim və möhtəşəm mədəniyyət abidələrindən, təbiətindən, strateji əhəmiyyətindən danışıb. Prezident İlham Əliyevin 2011-ci il dekabrın 24-də 50 illik yubileyini məhz Ağcabədi rayonunun Taxtakörpü qəsəbəsində Laçından olan məcburi köçkünlərlə birlikdə keçirdiyini xatırladan millət vəkili bunun laçınlılara olan qayğının bariz nümunəsi olduğunu söyləyib.

Çıxış edən ziyalılar, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliklərinin rəhbərləri, döyüşçülər Ermənistan silahlı qüvvələrinin Azərbaycanda törətdiyi vəhşiliklərdən söhbət açıblar.

Sonra Laçın haqqında “Laçınsız” filmi nümayiş olunub.

Tədbirin sonunda Laçın rayonundan olan ziyalılar, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliklərinin Şuşa, Ağdam, Fizuli, Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilan, Xocalı, Xocavənd rayonlarının rəhbərləri ilə xatirə şəkili çəkilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu