"Bu kənd insan hüquqlarının pozulmasına ən bariz nümunədir"


Gülçöhrə Məmmədova : "Milli Məclis Tapqaraqoyunlu ilə bağlı beynəlxalq ictimaiyyətə müraciət ünvanlasın"


"Milli Məclis Goranboy rayonunun Tapqaraqoyunlu kəndi ilə bağlı beynəlxalq təşkilatlara ayrıca müraciət ünvanlamalıdır. Çünki bu kənd 1988-ci ildən bu yana erməni işğalçılarının hücumlarına məruz qalır, bu kənd insan hüquqlarının tapdalanmasına ən bariz nüminədir". AFN xəbər verir ki, bu fikirləri Milli Məclisin (MM) qarşıdan gələn 2015-ci il yaz sessiyası ilə bağlı parlamentin Elm və təhsil komitəsinin yanvarın 29-da keçirilən iclasında sözügedən komitənin üzvü, Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova dilə gətirib.

Onun qeyd etdiyinə görə, bu kənd cəbhəyanı xətdə yerləşdiyi üçün demək olar ki, hər gün, hər saat ermənilər tərəfindən hücum təhlükəsi ilə qarşılaşır: "Bildiyiniz kimi, mən parlamentdə Göranboy, Ağdam və Tətrər rayonlarını təmsil edirəm. Bu rayonların hər biri də cəbhəyanı rayonlardır. Amma bu rayonların kəndləri içərisində ermənilərdən ən çox əziyyət çəkən, ən çox hücuma məruz qalan kənd Tapqaraqoyunlu kəndidir.
27 ildən çoxdur ki, bu kənd ermənilər qarşısında qəhrəmanlıqla dayanır, onların hücumlarınasinə gərir. Bu illər ərzində bir insan olsun belə, bu kəndi tərk etməyib. Əksinə, hər gün hücumlara məruz qalmasına, hər gün bu istiqamətdə ermənilər tərəfindən atəşkəsin pozulmasına baxmayaraq, bu kənd yaşayır, inkişaf edir.
Amma eyni zamanda, görün vəziyyət nə yerdədir ki, insanların ermənilərin hücumlarından qorunması üçün burada böyük və hündür hasar çəkiblər. Ona görə mən elə bilirəm ki, bu kəndin vəziyyətinə ayrılıqda baxmaq, yanaşmaq lazımdır.
Bu kənd insan hüquqlarının pozulmasına ən bariz nümunədir. Bu baxımdan, təklif edirəm ki, yaz sessiyasında Milli Məclis ayrıca olaraq bu kəndlə, onun üzləşdiyi ağrı-acılar, faciələr, bəlalarla bağlı beynəlxalq təşkilatlara, dünya ictimaiyyətinə müraciət ünvanlasın. Bu, çox vacib və əhəmiyyətli bir addım olardı".

NİCAT



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu