"Qaçqınkom"da Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirilib


"Qaçqınkom"da  Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirilib


Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirilib. Tədbirdə soyqırımı zamanı hər iki valideynini itirmiş xocalılılar, Bosniya və Hersoqovinanın “Srebrenitsa və Jepa Anklavları Anaları” Assosiasiyasının üzvləri iştirak ediblər.

Əvvəlcə Xocalı və Srebrenitsa soyqırımları qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Dövlət Komitəsinin sədri Rövşən Rzayev təcavüzkar erməni millətçilərinin xalqımıza qarşı apardığı etnik təmizləmə və soyqırımı siyasətinin iki yüz ildən çox müddətdə davam etdiyini, 27 il əvvəl onların törətdiyi Xocalı soyqırımının bu siyasətin ən qanlı səhifələrindən biri olduğunu bildirib. Qeyd edilib ki, beynəlxalq hüquq, o cümlədən beynəlxalq humanitar hüquq normalarını pozan Ermənistan silahlı qüvvələri mühasirədə qalmış dinc əhaliyə amansızcasına divan tutub, şəhərin 613 sakinini qəddarlıqla qətlə yetirib. Diqqətə çatdırılıb ki, soyqırımını törədənlər öz layiqli cəzalarını almalı, beynəlxalq tribunal qarşısında cavab verməlidirlər. Bununla əlaqədar olaraq Srebrenitsada dinc müsəlman əhalinin kütləvi qırğınını təşkil və icra edən hərbi canilərin uzun illər davam edən mühakimələrdən sonra beynəlxalq hərbi tribunal tərəfindən cəzalandırıldıqları xatırladılıb.

Dövlət Komitəsinin sədri Xocalı soyqırımına ilk dəfə düzgün siyasi qiymətin verilməsinin ulu öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu qeyd edərək, hazırda Prezident İlham Əliyevin apardığı uzaqgörən və qətiyyətli siyasət, Azərbaycanın beynəlxalq nüfuzunun günbəgün artması nəticəsində dünyada Xocalı soyqırımını tanıyan dövlətlərin, bu qanlı cinayəti pisləyənlərin sayı sürətlə artır. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə bütün dünyada keçirilən “Xocalıya ədalət!” kampaniyası da bu sahədə təsirli və önəmli rol oynayır.

Torpaqlarımızın işğal altında olduğunu, BMT-nin qəbul etdiyi qətnamələrin hələ də yerinə yetirilmədiyini vurğulayan Dövlət Komitəsinin sədri sülh danışıqlarının nəticə verməyəcəyi təqdirdə Azərbaycanın öz ərazilərini azad etmək hüququnu gerçəkləşdirəcəyini bildirib. Qeyd olunub ki, 2016-cı ilin Aprel döyüşlərində Azərbaycan Ordusu torpaqlarımızın bir qismini işğaldan azad edib, uğurlu Naxçıvan əməliyyatı ilə 11 min hektar ərazi nəzarətimizə keçib. Ölkəmizin ərazi bütövlüyünü bərpa etmək üçün kifayət qədər hərbi gücümüz, iqtisadi potensialımız və siyasi iradəmiz vardır. Mövcud status-kvo qəbuledilməzdir və Ermənistanın işğalçı qüvvələrinin torpaqlarımızdan çıxarılması tələbi daim gündəmdədir.

Tədbirdə “Srebrenitsa və Jepa Anklavları Anaları” Assosiasiyasının prezidenti, Srebrenitsa soyqırımında ərini, oğlunu və daha 22 ailə üzvünü itirən Munira Subaşiç çıxış edərək soyqırımı hadisələrinin mahiyyəti və rəhbəri olduğu təşkilatın fəaliyyəti haqqında ətraflı məlumat verib. Xocalı soyqırımında hər iki valideynini itirmiş

uşaqlardan biri – Milli Qəhrəman Tofiq Hüseynovun qızı Yasəmən Həsənova isə dünya tarixinin ən qanlı faciələrindən biri olan Xocalı soyqırımının erməni şovinizminin mahiyyətini bir daha aşkara çıxardığını deyərək, bəşəriyyət əleyhinə bu cür ağır cinayətə beynəlxalq miqyasda hələ də hüquqi qiymət verilmədiyini təəssüflə qeyd edib, srebrenitsalı anaları öz imkanları daxilində Xocalıya ədalət hərəkatında fəallıq göstərməyə çağırıb.

Görüşdə vurğulanıb ki, soyqırımına məruz qalmış insanların varislərinin, bu hadisələrin şahidlərinin birgə fəaliyyəti və mübarizəsi bəşəriyyətin bu amansız cinayətdən qorunması üçün olduqca vacibdir.

Srebrenitsalı analara Xocalı soyqırımı qurbanlarının varisləri adından Dövlət Komitəsindəki görüşdən xatirə olaraq, UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilmiş Azərbaycan kəlağayısı və Cocuq Mərcanlıya qayıdışın rəmzi olan suvenir təqdim edilib.

Anım tədbirində Dövlət Komitəsi yanında İctimai Şuranın üzvləri iştirak ediblər.

"Qaçqınkom"da  Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirilib

"Qaçqınkom"da  Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirilib

"Qaçqınkom"da  Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirilib



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu