Müharibə tələbi...- Asəf Quliyev yazır


Müharibə tələbi...-


Son zamanlar Azərbaycan cəmiyyətində iki qütb yaranıb. Hazırkı şəraitdə müharibənin məqbul olmadığı qənaətində olanlar və müharibə tələb edənlər. Bu qütbləşməni yaradan amillərə keçməzsən əvvəl iki məqamı diqqətinizə çatdırım:



Birincisi, müharibə bitməyib və davam edir. Bu gün cəbhə xəttində olanlar o müharibəni yaşayır.
İkincisi, “Müharibə başlamaq” deyəndə Qarabağın azad olunacağını təmin edəcək iri miqyaslı hərbi əməliyyatlar nəzərdə tutulur.

Keçək mətləbə.

Cəmiyyət niyə müharibə tələb edir? Və bu nəyin göstəricisidir?



Bəzi hallarda cəmiyyətdə erməni təbliğatına işləyən fikirlər səslənir: “Məcburi köçkünlər Qarabağa qayıtmaq istəmir”, “xalq Qarabağı istəmir” və sairə. Bu fikirlər yanlış və zərərlidir. Sırf erməni təbliğatıdır. Bunu birbaşa və dolayısı ilə deyənlər birbaşa erməni milli maraqlarına işləyir. Azərbaycan cəmiyyəti birmənalı Qarabağın azad olunmasını istəyir. Və bu istək məcburi köçkünlərdə başqalarından ən azı bir pillə artıqdır. Cəmiyyət bu istəyinin reallaşmasını neçə illərdir ki, gözləyir. Aparılan danışıqlara inam və ümidlə yanaşmanı müxtəlif vaxtlarda “bu il qayıdırıq”, “payızda problem həll olur” və sairə söhbətlər də sübut edir. Amma artıq bu tipli ötən ilin payızında birmənalı gömüldü. İndi Azərbaycan cəmiyyətinə Qarabağa sülhlə qayıtmağın mümkünlüyinə inananlr çox azdır. Məhz bunun nəticəsidir ki, cəmiyyət danışıqların alternativini tələb etməyə başlayıb – MÜHARİBƏNİ.
Müharibə Azərbaycan cəmiyyəti üçün məqsəd yox vasitədir. Bu gün kamera qarşısında pafoslu danışanların da övladının şəhid xəbərinə sevinəcəyini söyləmək çox ucuz təbliğat olardı. Heç kim övladının şəhid olduğu xəbərini almaq istəmir. Amma cəmiyyət müharibə tələb edir. İlk baxışda absurd səslənir. Amma reallıqdır. Və bu reallığı yaradan aparılan danışıqlara inamsızlıqdır.

Bəs cəmiyyət Qarabağı azad etmək istəyirsə, bunun üçün müharibə tələbi artırsa niyə müharibə başlamır? Yəni iri miqyaslı hərbi əməliyyatlar.

Müharibənin başlanması üçün bir çox komponentlər var ki, onları mütləq nəzərə almaq lazımdır. İki ölkənin iqtisadi durumu, vətəndaşların sosial-psixoloji vəziyyəti, informasiya məkanının durumu, ölkələrin müttəfiqləri, beynəlxalq mövqeləri və hərbi hazırlığı. Bu komponentlərin hər biri haqqında müəyyən aydın olan və olmayan reallıqlar var. Müəyyən mülahizələrə görə bu elementləri çox da xırdalamaq istəməzdim...
Amma müharibə olacağı təqdirdə sonda yaranacaq durumla bağlı düşünməli olduğumuz məqamlara diqqət yetirək.
Birmənalı dərk etmək lazımdır ki, müharibə olacağı təqdirdə biz Azərbaycan olaraq Qarabağda etnik təmizləmə apara bilməyəcəyik. Yəni dünya Qarabağı ermənisiz Azərbaycana verməyəcək. Və unutmayaq ki, dünya Azərbaycanlılarsız da Qarabağın ermənilərin olmasını rəsmiləşdirmir. Bu iki icmanın Qarabağda birgə və yaxud yanaşı yaşayacağı beynəlxalq güclərin birmənalı tələbidir. Ancaq məsələ bunun hansı şərtlərlə reallaşacağndadır. Sözsüz ki, bu məsələdə həm tərəflərin, həm də vasitəçilərin maraqları var. Hələlik bu maraqlar arasında ortaq nöqtə tapılmayıb. Əslində buna ciddi cəhd də yoxdur. Bu yerdə bir məqamı da yada salım ki, müharibə başlayacağı təqdirdə erməniləri xilas etmək missiyasını üzərinə götürmək üçün Rusiya marağa yatıb. Qayıdaq müharibə tələbinə.
Deməli biz müharibə tələb edirik, ancaq bir cəmiyyət olaraq müharibə olacağı təqdirdə Dağlıq Qarabağın erməni əhalisi ilə necə davranacağımızı müəyyənləşdirməmişik. Dünya bu suala cavab tapmadıqca bizə müharibə etməmək tələbində ciddi olacaq. Bu halda müharibə başlamaq və qələbə ilə yekunlaşdırmaq ciddi sual doğurur. Çünki yuxarıdakı suala cavab tapmadan müharibə başlamaq bütün dünyaya qarşı vuruşmaq olardı. Məhz buna görə də “harda gördün erməni, vur başına gülləni” və ya “erməni mənim düşmənimdir” deyənlərin hisslərini başa düşsəm də onların Azərbaycanın təbliğat maşınına ciddi zərbə vurduğunu da söyləməliyəm. Çünki ermənilərin informasiya kombinasiyalarını kifayyət qədər monitorinq edən və araşdıran biri kimi yaxşı bilirəm ki, bu gün rəqibin informasiya müharibəsində iki əsas istinad nöqtəsi var:
Birincisi, Qarabağ Azərbaycanın deyil. Buna görə qoyub qaçıblar və geri qayıtmaq istəmirlər.
İkincisi, Azərbaycan Qarabağa qayıtsa biz erməniləri qıracaq. Buna imkan verməyin.

Bu dolaşıq kələfin içərisində ən ciddi pozitiv isə odur ki, Azərbaycan vətəndaşı Qarabağa qayıdacağına inamını, ümidini itirməyib, məhz buna görə də danışıqlardan bezib müharibə tələb edir. Orta statistik erməni isə Qarabağı sona qədər saxlayacağına inanmır. Ən təhlükəlisi bu balansın dəyişməsi olardı.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu