AFN.AZ / Prezidentlərin növbəti görüşündən gözləntilər-

Prezidentlərin növbəti görüşündən gözləntilər-

Prezidentlərin növbəti görüşündən gözləntilər-


“Qarabağ münaqişəsinə dair danışıqların əvvəlkilərdən fərqi ondadır ki, bu, daha çox Azərbaycanın diplomatik və hərbi üstünlüyü fonunda reallaşır”

Bunu politoloq, millət vəkili Elman Nəsirov Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşündən gözləntiləri AzVision.az-a şərh edərkən deyib.

Nəsirov qeyd edib ki, görüşdən ciddi nəticələr gözləmək hələ tezdir: “ATƏT-in Minsk qrupunun həmsədrlərinin regiona səfərində əsas məqsəd prezidentlər səviyyəsində görüş təşkil etmək idi. Azərbaycan prezidenti İlham Əliyev də bu məsələlərə toxundu. Vurğuladı ki, Ermənistan görüşün baş tutmamasına çalışırdı və görüşün özünün irəli sürdüyü şərtlər çərçivəsində keçirlməsinə can atırdı. Lakin bu qəbuledilməzdir. Ona görə ölkə başçısı bildirdi ki, bu, Ermənistan tərəfindən edilən ağılsız və səmərəsiz hərəkətdir. Ona görə Ermənistan vəziyyətlə barışmaq məcburiyyətində qaldı”.

Deputatın fikrincə, Ermənistan prezidenti Serj Sarkisyanın BMT Baş Məclisindəki çıxışı zamanı səsləndirdiyi fikirlər belə qənaətə gəlməyə əsas verir ki, o, hələ də 80-ci illərin ab-havasından yaxasını qurtara bilməyib. Bu səbəbdən prezidentlərin növbəti görüşündə xüsusi irəliləyişin əldə olunacağı ehtimalı aşağıdır.

“Ermənistanın istəmədiyi təqdirdə bu görüşə məcbur edilməsi müsbət haldır. Güman edirəm ki, danışıqların gedişində substantiv məsələlər müzakirə ediləcək. Ermənistan çalışır ki, məzmun üzrə danışıqlar baş tutmasın. Amma, Ermənistan danışıqlara getmək məcburiyyətində qalıbsa, danışıqlar mahiyyəti üzrə aparılmalıdır. Bu nöqteyi-nəzərdən qeyd edim ki, danışıqlarda hər hansı ciddi irəliləyiş gözləmək üçün əsas yoxdur. Amma, reallıqlar tez-tez dəyişdiyindən pessimist olmayaq. Çünki, bu danışıqlar Azərbaycanın diplomatik və hərbi üstünlüyü fonunda reallaşacaq”, - deyə E.Nəsirov vurğulayıb.

Qeyd edək ki, yaxın günlərdə Azərbaycan və Ermənistan prezidentlərinin görüşü gözlənilir. Azərbaycanın XİN rəhbəri Elmar Məmmədyarovun bildirdiyinə görə, görüşün vaxtı və yeri bu həftə açıqlanacaq.
10-10-2017, 11:01
Geri qayıt