AFN.AZ / Bələdiyyə başqanı Qənirə Paşayevanın Azərbaycan küçəsi və Qarabağ parkı təklifini dəstəkləyib

Bələdiyyə başqanı Qənirə Paşayevanın Azərbaycan küçəsi və Qarabağ parkı təklifini dəstəkləyib

 Bələdiyyə başqanı Qənirə Paşayevanın Azərbaycan küçəsi və Qarabağ parkı təklifini dəstəkləyib


Millət vəkili Q.Paşayeva Şanlıurfa Türk Ocaqları, gənclər,qadın təşkilatları ilə Xocalıdan danışıb.



Şanlıurfada konfrans vermək üçün bu bölgəyə səfər edən millət vəkili Q.Paşayeva Şanlıurfa Böyükşəhər bələdiyyə başqanı Nihat Çiftçi ilə görüşüb. Şanlıurfa Türk Ocaqlarının rəhbəri Cemil Demir, Regional Hüquqi və İqtisadi Maarifləndirmə İB-nin sədri Arzu Bağırovanın da iştirak etdiyi görüş zamanı Qənirə Paşayeva bələdiyyə başçısı ilə Dağlıq Qarabağ problemi, Xocalı soyqırımı, qondarma erməni soyqırımı iddiaları ilə bağlı fikir mübadiləsi aparıb və yaxın zamanlarda Şanlıurfanın mərkəzi küçələrindən birinə Azərbaycan, mərkəzi parklardan birinə isə Qarabağ adının veriləcəyinə, orada abidə ucaldılacağına inandığını deyib və bu cür addımın atılmasının böyük əhəmiyyətindən, vacibliyindən danışıb. Şanlıurfada Azərbaycan küçəsi və Qarabağ parkının dosta da, düşmənə də önəmli bir mesaj olacağını deyən millət vəkili Q.Paşayeva gənc nəsillərimiz üçün də bu addımın vacibliyini xüsusi vurğulayıb. Azərbaycanı çox sevdiyini deyən Şanlıurfa Böyükşəhər bələdiyyə başqanı Nihat Çiftçi Azərbaycanla bütün istiqamətlərdə əməkdaşlığın inkişafına xüsusi önəm və diqqət edəcəyini deyib. O, həmçinin qardaş bələdiyyələr məsələsi ilə də bağlı addımlar atılacağını, hər zaman qardaş Azərbaycanın yanında olduğunu və millət vəkili Qənirə Paşayevanın Şanlıurfada Azərbaycan küçəsi və Qarabağ parkı abidəsi ilə bağlı təkliflərini müsbət qiymətləndirdiklərini bildirərək bu təkliflərə qısa zamanda mütləq baxılacağını və həllini tapacağını deyib. Azərbaycana böyük sevgiləri və bu önəmli addım üçün bələdiyyə başqanına təşəkkür edən millət vəkili Q.Paşayeva ölkəmizin tarixi, mədəniyyəti, Qarabağ, Xocalı soyqırımı həqiqətləri ilə bağlı geniş məlumatlar verib, geniş müzakirələr olub. Millət vəkili Q.Paşayeva “Azərbaycan torpaqlarının 20%-i Ermənistan tərəfindən işğal olunub. Ermənistanın Azərbaycanı işğalı zamanı 1 milyondan çox soydaşımız yurd-yuvasından didərgin düşüb. Və onlar hələ də öz torpaqlarının həsrəti ilə yaşayır. Xocalıda dəhşətli soyqırım həyata keçiriblər. Ancaq mən inanıram ki, biz Azərbaycan və Türkiyə olaraq əl-ələ verib o gözəl torpaqları Ermənistanın işğalından azad edəcək və bu cür görüşləri o gözəl torpaqımızda da keçirəcəyik”- deyib. Regional Hüquqi və İqtisadi Maarifləndirmə İB-nin sədri Arzu Bağırova da bu istiqamətidə təkliflərini bölüşüb və rəhbərlik etdiyi QHT-nin bu istiqamətdə layhələrdə hər zaman fəal rol oynamağa hazır olduğunu bildirib. Azərbaycanı çox sevdiyini deyən Şanlıurfa Böyükşəhər bələdiyyə başqanı Nihat Çiftçi ilə Azərbaycan-Türkiyə münasibətlərinin daha da inkişafı istiqamətində, özəlliklə gənc nəsillərimizə ortaq tarix, mədəniyyətimizin öyrədilməsinin vacibliyi ilə bağlı da geniş müzakirələr olub. Millət vəkili Q.Paşayeva son zamanlar qardaş Türkiyədə terrorla mübarizədə həyatını itirən qardaş-bacılarımıza Allahdan rəhmət, ailələrinə səbr diləyirik və hər zaman terrorla mübarizədə qardaş Azərbaycan yanınızdadır deyiblər. Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə son səfəri, verdiyi məsajlara xüsusi toxunan millət vəkili Q.Paşayeva cənab Prezident əsl qardaşlığın necə olduğunu hər kəsə göstərdi və bu səfər dosta da, düşmənə də çox önəmli məsaj oldu deyib. Bütün Müsəlman Şərqində ilk cumhiriyyətin Azərbaycanda qurulduğunu və bu il onun 100 illiyi olduğunu deyən millət vəkili Q.Paşayeva bununla bağlı qədim Şanlıurfada da böyük tədbirlərin keçirilməsi təklifi ilə çıxış edib. Şanlıurfa Böyükşəhər bələdiyyə başqanı Nihat Çiftçi millət vəkili Q.Paşayevanın bu istiqamətdə təkliflərini yüksək səviyyədə dəstəkləyib və bu istiqamətində geniş fikir mübadiləsi aparılıb. Şanlıurfa Böyükşəhər bələdiyyə başqanı Nihat Çiftçi Azərbaycan tarixi, mədəniyyəti və Qarabağ həqiqətləri ilə bağlı materiallar və özünün həmmüəllifi olduğu “Karabağ hikayeleri”, “Turan yolçusu” və “Aşk yolçusu” kitablarını hədiyyə edən millət vəkili Q.Paşayeva onu Azərbaycana dəvət edib. Azərbaycanı çox sevdiyini deyən bələdiyyə başqanı dəvəti böyük məmnuniyyətlə qəbul etdiyini deyərək qısa zamanda Azərbaycana səfər edəcəyini bildirib. O, millət vəkili Q.Paşayevanın Şanlıurfada Qarabağ, Xocalı soyqırımı ilə bağlı konfrans verməsinin gənclər üçün çox önəmli olduğunu xüsusi vurğulayaraq millət vəkilini yaxın zamanlarda təkrar Şanlıurfaya dəvət edib. Millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin sədri Qənirə Paşayeva Şanlıurfa Türk Ocaqları, rəhbərliyi və üzvləri, qadın və gənclər təşkilatlarının rəhbərləri, bu vilayətdə təhsil alan azərbaycanlı tələbələrlə görüşüb, fikir mübadiləsi aparıb. Şanlıurfa Türk Ocaqları rəhbərliyi və üzvləri, gənclər və qadın təşkilatları rəhbərləri görüş zamanı Azərbaycanla əməkdaşlığı daha da genişləndirmək niyyətində olduqlarını söyləyiblər. Qarabağ münaqişəsi, Xocalı Soyqırımı barədə də danışan millət vəkili Qənirə Paşayeva bu məsələnin harada doğulub harada yaşamasından asılı olmayaraq hər bir türk insanının problemi və məsələsi olduğunu və Qarabağ probleminin həlli, Xocalı Soyqırımı həqiqtlərinin daha geniş yayılmasında türk gəncliyinin fəallığını daha da artırmasının vacibliyini, bu istiqamətdə də ortaq layihələrin artmasının əhəmiyyətini də vurğyulayıb. Azərbaycanı özümüzə vətən, Qarabağ problemini də öz ağrımız sayırıq deyən Şanlıurfa Türk Ocaqları rəhbərliyi və üzvləri, gənclər və qadın təşkilatları rəhbərləri bu istiqamətdə görülən işlərə toxunmaqla bərabər fəaliyyətini daha da aktivləşəcəyini deyib. Görüşlərin sonunda millət vəkili Qənirə Paşayeva Şanlıurfa Türk Ocaqları rəhbərliyi və üzvləri, gənclər və qadın təşkilatları rəhbərlərini Azərbaycana dəvət edib və Azərbaycan həqiqətləri və mədəniyyəti ilə bağlı materialları onlara hədiyyə edib. Millət vəkili Şanlıurfa Türk Ocaqları rəhbərliyi və üzvləri, gənclər və qadın təşkilatları rəhbərlərinə həmmüəllifi olduğu "Karabağ hikayeleri” kitabını hədiyyə edib və gənclərimizə ortaq tariximizi daha dərindən öyrədilməsinin vacibliyi və bu istiqamətdə onların rolunun vacibliyini xüsusi vurğulayıb. Q.Paşayeva KİV, QHT, gənclər və qadın təşkilatlarını həqiqətlərin dünyaya daha geniş yayılmasında sosial şəbəkələrin təqdim etdiyi imkanlardan geniş istifadə etməyə də çağırıb. Bu gün bəzi güclərin,onların KİV-lərinin,erməni diaspor, lobbisi və dəstəkçilərinin bu məsələdə Azərbaycan və Türkiyə əleyhinə təbliğat aparmağa başladığını deyən millət vəkili bütün gəncləri, diaspor təşkilatlarını, KİV-ləri həssas və duyarlı olmağa, yalanlara qarşı mübarizəyə səsləyib, gəncləri isə sosial media üzərindən yalan məlumatlarla Azərbaycan və Türkiyə əleyhinə təbliğat aparmağa başlayanlara qarşı ciddi mübarizəyə səsləyib.

 Bələdiyyə başqanı Qənirə Paşayevanın Azərbaycan küçəsi və Qarabağ parkı təklifini dəstəkləyib
 Bələdiyyə başqanı Qənirə Paşayevanın Azərbaycan küçəsi və Qarabağ parkı təklifini dəstəkləyib
 Bələdiyyə başqanı Qənirə Paşayevanın Azərbaycan küçəsi və Qarabağ parkı təklifini dəstəkləyib
 Bələdiyyə başqanı Qənirə Paşayevanın Azərbaycan küçəsi və Qarabağ parkı təklifini dəstəkləyib
24-02-2018, 20:04
Geri qayıt