Əsas Səhifə > Qarabağ / Üst manşet / Son Dəqiqə > “Naxçıvan əməliyyatının davamı olacaq”-

“Naxçıvan əməliyyatının davamı olacaq”-


11-06-2018, 15:55.
title}
“Naxçıvan əməliyyatının davamı olacaq”-


Xəbər verdiyimiz kimi, mayın son günlərində Şərur rayonunun Günnüt kəndi və ətafındakı mühüm strateji əhəmiyyəti olan yüksəkliklər Əlahiddə Ümumqoşun Ordunun əks-həmlə əməliyyatları ilə işğaldan azad edilib.

Bununla da ordumuz daha əlverişli mövqelərə sahiblənib, “Xunut” dağı və “Ağbulaq” yüksəkliyi , daha sonra isə “Qızılqaya” dağı və “Mehridağ” işğaldan azad edilərək Dərələyəz mahalının Arpa kəndi (Ermənilər adını dəyişdirərək “Areni” qoyublar) nəzarət altına keçib.

Ümumilikdə 11 min hektara yaxın ərazi nəzarət altına alınıb. Bu ərazinin isə 8 min hektardan artığı əkin üçün, xüsusilə dəmyə əkinçiliyi üçün yararlı ərazilərdir.

Aprel döyüşlərindən sonra Azərbaycan ordusunun Naxçıvanda həyata keçirdiyi uğurlu əməliyyatdan danışan ehtiyatda olan polkovnik Şair Ramaldanov AzVision.az-a bildirib ki, bu, ölkəmizin heç vaxt işğalla barışmadığının sübutudur.

“Azərbaycanın heç vaxt işğalla barışmayacağı mesajını Ali Baş Komandan, prezident İlham Əliyev dəfələrlə verib. Ali Baş Komandan xəbərdarlıq edib ki, Ermənistan konstruktiv mövqedən çıxış etməsə, Azərbaycan son varinatda güc tətbiq edərək öz torpaqlarını işğaldan azad edəcək. Naxçıvanda olan silahlı bölmələr müəyyən operativ-taktiki tədbirlər həyata keçirərək işğal edilmiş torpaqlardan düşməni geri çəkilməyə məcbur edib. Nəticədə bir sıra yaşayış məntəqələrində təhlükəsizlik təmin olunub. Orada 11 min hektar əraziyə sahiblik geri qaytarılıb. 8 min hektar torpaq kənd təsərrüfatı üçün yararlıdır. Günnüt kəndinin sakinləri 26 ildən sonra öz qəbiristanlıqlarını ziyarət ediblər. Naxçıvanda bir daha nümayiş etidirildi ki, Azərbaycan heç vaxt işğalla barışmayacaq. Hansı yolla olursa olsun, torpaqlarını işğaldan azad edəcək”, - deyə ehtiyatda olan polkovnik bildirib.

Ş.Ramaldanov qeyd edib ki, Cocuq Mərcanlıdan sonra estafeti Naxçıvan götürüb və uğurla başa çatdırıb: “Düşünürəm ki, bunun əhəmiyyəti çox böyükdür. İşğaldan azad edilən hər bir qarış torpaq bizi əsas hədəfimizə yaxınlaşdırır. Azərbaycan cəmiyyəti bunu çox yaxşı qarşılayır, ruh yüksəkliyi ilə qeyd edir. Digər tərəfdən strateji, taktiki cəhətdən orada olan yüksəkliklər İrəvana gedən yolu nəzarətdə saxlamağa imkan yaradır. Hesab edirəm ki, ən böyük sevindirici hal kənd sakinlərinin öz evlərinə, torpaqlarına qovuşmasıdır”.

Polkovnik vurğulayıb ki, Naxçıvan əməliyyatı böyük qayıdışa, torpaqlarımızın işğaldan azad olunmasına istiqamətlənən addımlardan biridir: “Cocuq Mərcanlının timsalında biz görürük ki, qısa zamanda azad olunmuş yaşayış məntəqələrində abadlıq-quruculuq işləri aparılır. Müasir infrastruktur yaradılır. Bu, düşmənə nümunədir ki, torpaqlar azad edilsə, orada infrastruktur hansı formada bərpa olunacaq. Bunu erməni cəmiyyəti də görür. Cocuq Mərcanlıdan sonra Xankəndində camaat qorxu içərisində yaşamaqdan bezib və ayağa qalxıb. Başa düşürlər ki, işğal onlara heç nə verməyib.

Hesab edirəm ki, Naxçıvandakı əməliyyat böyük qayıdışa, torpaqlarımızın işğaldan azad olunmasına istiqamətlənən addımlardan biridir. Bunun axarı, davamı olacaq. Biz digər istiqamətlərdə də belə xoş xəbərləri eşidəcəyik. Bəlkə də atılan addımlar Ermənistanı qeyri-kontruktiv mövqeyindən çəkindirərək, cəmiyyətin təzyiqi altında düzgün mövqe tutmağa, nəhayət, öz xalqını, gələcəyini fəlakətdən qurtara biləcək. Bu da onlara dərs olmasa, öz havadarlarının əmrlərini yerinə yetirməkdə davam etsələr, Azərbaycan hərbi gücü ilə qısa zamanda işğalçı qüvvələri darmadağın edərək işğala son qoyacaq. Düşünürəm ki, Naxçıvan əməliyyatının davamı olmalıdır və olacaq”.
Geri qayıt