AFN.AZ / Qarabağ üçün təzyiqlər artacaq:

Qarabağ üçün təzyiqlər artacaq:

Qarabağ üçün təzyiqlər artacaq:


Son vaxtlar Qarabağ münaqişəsi ətrafında baş verənləri, yəni səslənən bəyanatları saf çürük edəndə qəribə mənzərə canlanır. Rusiya qoşununu Qarabağa yeritmək istəyir və bunun üçün hər cür addım atır. Sözsüz ki, ABŞ bu situasiyada seyrçi qalmaq fikrində deyil. Gürcüstanda prezident seçkilərinin ikinci mərhələsi və Ermənistanda növbədənkanar parlament seçkiləri ehtimal edilən nəticəni versə, bu ABŞ-ın Cənubi Qafqaza demarşı olacaq. Sözsüz ki, bu barədə Azərbaycan da düşünməlidir. Amma Azərbaycan düşünməzdən əvvəl iki məqamı mütləq nəzərə almalıdır.



Birincisi yuxarıda dediyim kimi odur ki, Rusiya Qarabağa qoşun çıxarmaq istəyir. Bu erməni xalqının maraqlarını tam da olmasa böyük mənada təmin edir. Azərbaycana 5 rayon verilir əvəzində Qarabağa Rusiya qoşunu girir və Azərbaycanın Dağlıq Qarabağa hökmürünlığına de yure sədd çəkilir.
İkincisi Rusiyanın bu planını pozmaq üçün ABŞ və Avropadan səslənən təkliflərdir. Bu təkliflər Rusiya planından da təhlükəlidir. Amma ilk baxışda cəlbedici görünə bilər. ABŞ və Avropa diplomatlarının və siyasətçilərinin son vaxtlar tez-tez işlətdiyi bir formul var - “işğal olunmuş torpaqlar əvəzində sülh”. Bu məsələdə incə məqam ondan ibarətdir ki, “işğal olunmuş torpaqlar” termininin hansı ərazilər ehtiva etdiyi açıqlanmır. Bu 5 və ya 7 rayon da ola bilər. Amma birmənalıdır ki, bu terminin ehtiva etdiyi coğrafi məkana Dağlıq Qarabağ Muxtar Vilayətinə daxil olan ərazilər, o cümlədən Şuşa daxil deyil.
Bu formul - “işğal olunmuş torpaqlar əvəzində sülh” ermənilərin maraqlarını 100 faiz qane edir. Bu məsələdə Qərbin marağı bölgəyə rus qoşununun girməsinə mane olmaqdır. Bunun üçün faktiki qalib olan Ermənistana Rusiyanın təklif etdiyindən daha maraqlı təklif etmək lazımdır ki, bu formul bu mənada keçərlidir.
Məsələnin ən pis məqamı ondan ibarətdir ki, hər iki təklif Azərbaycanın ziyanınadır. Amma hər iki təklifdə Azərbaycanın başını aldatmaq üçün işğal altında olan rayonların qaytarılması məsələsi qoyulur. 5 və ya 7 rayon məsələsi isə hər iki təklifdə açıqdır.
Azərbaycan iki pis təklifdən heç birini seçmədikdə təzyiqlər məhz Azərbaycana olacaq. Amma görünən budur ki, rəsmi Bakı bu təkliflərin heç birini qəbul etmir. Və bununla bağlı hələ ki, elə bir ciddi təzyiq hiss olunmur. Amma bu çox çəkməyəcək.
Dekabr ayında Ermənistanda baş tutacaq seçkilərdən sonra əgər Paşinyan faktiki hakimiyyətini möhkəmlədib, parlament çoxluğunun da lideri olsa o zaman Ermənistan uğrunda mübarizə qızışacaq. Situasiyanın paradoksallığı ondadır ki, həm Qərb, həm də Rusiya Ermənistanı əldə saxlamaq üçün məhz Azərbaycana təzyiqlər edəcək.

Asəf QULİYEV, Müstəqi jurnalist
3-11-2018, 15:22
Geri qayıt