AFN.AZ / Naməlum şəhid məzarlarına həsr edirəm...

Naməlum şəhid məzarlarına həsr edirəm...

Naməlum şəhid məzarlarına həsr edirəm...


Himayədarlarına arxalanan erməni terrorçularının Şamaxı ətrafında sivil insanlara qarşı amansız qırğını davam edir...



Elgün Gəncimsoy

Uşaq, yaşlı, xəstə, hamilə demədən hər kəs süngüdən keçirilib, evlər yağmalanıb yandırılır...

Türkün türkdən başqa qardaşı yoxdur... - deyirlər ha...Qardaş Türkiyə ordusu Azərbaycana gəlir. Nuri Paşanın mehmetciyi digər bölgələrdə olduğu kimi Şamaxıda da qardaşına zülm edənə qarşı savaşa qalxır.

Əri, atası və 14 yaşlı oğlu şəhid düşən Gülnisə gəlin az əvvəl qanlı döyüş getmiş kəndlərin birinə gəlir. Bəlkə kiməsə yardım edər ümidi ilə ev-ev , köşə-köşə dolanır. Adam yol kənarından gələn iniltinyə dınşayıb durmadan qaçır... Burada bütün bədəni başındakı fəsi kimi al-qırmızı rəngdə boyanan Türk əsgəri qıvrılır. Acısının dözülməz olması əsgərin solğun üzündən və zəif hərəkət edən gözündən bəlli. O artıq can verir. Can üstədir... Əbədiyyən yummaq üzrədir qançil olmuş gözlərini. Gülnisə gəlin təlaşlı yerişlə əsgərə yaxınlaşıb onu süzərək dillənir:

- Qardaş, nəyin var, necə yardım edim?!.. - Əsgər uğrunda vuruşduğu bacısına baxaraq gülümsəyir: - Ha şükür qovuşdurana, bacım. Bir ricam olacaq...

- Buyur, qardaş, nədir rican?

- Baş örtüyünü çıxararmısan? - Gülnisə gəlinin üzünün ifadəsi dəyişir. Dərin baxışlara bir daha yaralı əsgərə başdan ayağa nəzər salır. Ürəkəklik yaranır gəlinin təəccüblü gözlərində. Bu vaxt Əsgər öskürməyə başlayır. Ağzından qan qaynaması güllənin birinin ciyərinə tuş gəldiyindən xəbər verir. Əsgər huşun itirir... Gülnisə gəlin yaylığını açaraq əsgəri silkələməyə başlayır. Yenidən xırıldamğa başlayan əsgərin üzünü təbəssüm alır: - Bacım, yardım et sinəmdəki qurşunu çıxarım.

- Sən bu acıya dözə bilməzsən, qardaş. Yaran çox ağırdır...

- Bacım, sən yardım et...

Gəlin əsgərlə birgə çox böyük əziyyətlə gülləni çıxarır. Əsgər bir parça kağızla birgə qanlı gülləni qadının yaylığına büküb dillənir:

- Bacım, ünvan məktubda yazılıb. Qardaş xatiri və Şəhid haqqı üçün bu əmanəti qarıma və anama çatdır... - Deyib bir neçə dəfə də öskürür. Qan laxtası sıçradan məhmətciyin nəfəsi kəsilirdi. Üzünün ifadəsi donur... Gəlin meyidi bir az sürüyüb yol kənarına yaxınlaşdırmağa çalışır. Amma taqəti tükənir. Küləyin uğultusu, uzaqdan gələn tək-tük güllə səsindən başqa ərazidə heç nə eşidilmir. Elə oradaca dəfn edib yerini işarələyir.

******

Bir neçə həftə sonra Gülnisə gəlin nənəsindən qalma qızıllarını və öz toyluq əşyalarını satıb məktubda göstərilən ünvana yola düşür. Kağızda İstanbul köylərindən biri göstərilib. Soraqlayıb ünvanı tapır. Qarşısında taxta qapı, kiçik ev dayanıb. Baxçada iki yaşlı oğlan uşağı oynayır. Yaşlı qadın oturub. Bir də bir cavan gəlin uşağa nəzarət edir. Birdən diqqət döyülən qapıya yönəlir. Yaşlı qadın - mütləq Ahmedimdən bir xəbər var - deyib, qapıya qaçır. Arvadın təlaşını görən Gülnisə gəlin doğru ünvana gəldiyinə əmin olur. Qara geyimli gəlin gözünü əlində tutduğu qanlı yaylığa zilləyir. Əllərini üzünə tutub Azərbaycandan qara xəbər gətirən gəlinə baxır, ana... Sonra nəmli gözlərini silib qapıda donub qalan gəlini qucaqlayaraq dillənir: -Keç, qızım, keç... Nə gətirdiyinin farkındayam. Orada bir namə, bir də bir tək qurşun var. Aslan Şəhidimin sinəsinə saplanmış qurşun...

- Sən bunu nədən anladın, ana?

- Keç qızım, keç... Danışacam hər şeyi.

Adamlar evdə ədəb-ərkanla görüşüb çay içirlər. Daha sonra nəvəsini qucağına alıb, gəlininə sandıqda olan əmanəti gətirməsini istəyir. Və üzünü Gülnisəyə tutub başlayır:

- İllər əvvəl Ahmədim, bu qucağımda oturan torunum Oğuzxan yaşda idi. Qocam cəbhədə savaşda idi. Gördüyünüz o qapı döyüldü. Sən yaşda bir qadın qayınanama eynən belə bağlama gətirdi. Bağlamada bir qurşun və bir sətirlik məktub var idi. Şəhid olmuş qocam məktubda yazmışdı: "İnşallah oğlum Ahmet böyüyüb mənə layiq övlad olar və Vətən uğrunda bu qurşunu iki edər..". İndi bilirəm ki, Ahmədim babasının şəhid sözünü tutub. Sənin baglamanda da bu məktubun eynisi var. Ver açıb baxaq, qızım.

Onlar məktubu açıb baxırlar. Məktubda yazılmışdı: "Canım anam, babamın vəsiyyətinə əməl etdim. İnşallah oğlum Oğuzxan Vətən uğrunda bu qurşunu üç edər..."

*****

Dəyərli oxucular! Sona qədər oxuduğunuz üçün sizə təşəkkür edərək bildirmək istəyirəm ki, həmin şahidin məzarı Şamaxı rayonu ərazisində yol kənarındadır. Bizlərə düşən şəhid haqqı həmin Naməlum türk əsgəri abidəsini ziyarət etməkdir...
21-04-2019, 13:42
Geri qayıt