Prezidentlər birgə bəyanat verdilər


Avqustun 7-də rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin təkbətək görüşü olub.

Görüşdə çıxış edən Prezident İlham ƏLİYEV deyib:
- Bir daha xoş gəlmisiniz, cənab Prezident. Sizi ürəkdən salamlayıram. Çox şadam ki, biz Sizinlə tez-tez görüşürük. Bu ilin fevral ayında mən İranda rəsmi səfərdə idim. İndi Siz bizim qonağımızsınız. Bu, özlüyündə bir göstəricidir. Bu, onu göstərir ki, bizim əlaqələrimiz necə sürətlə inkişaf edir. Bu gün səfər çərçivəsində bir çox məsələlər müzakirə ediləcək və əminəm ki, nəticələr də yaxşı olacaq. Bir daha xoş gəlmisiniz.
İran Prezidenti Həsən RUHANİ deyib:
- Bir daha bu gözəl şəhərdə, xüsusilə Azərbaycan xalqı ilə görüşdüyümə görə çox şadam. Şübhəsiz ki, bizim əlaqələrimiz səmimiyyətlə və uğurla inkişaf edir. Zati-alilələrinin Tehrana səfəri çox uğurlu səfər idi və çox düzgün addımlar atılmışdı. Ümid edirəm ki, münasibətlərin genişləndirilməsi üçün bu səfərdə yeni addımlar atılacaq. Yaxşı münasibətlərimiz həm ikitərəfli, həm də regional çərçivədə çox əhəmiyyətlidir, müsbət haldır.
Söhbət zamanı ikitərəfli və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

***
Təkbətək görüş başa çatandan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub.

Daha sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin iştirakı ilə Azərbaycan-İran sənədlərinin imzalanması mərasimi olub.
“Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ilə İranın Standartlar və Sənaye Tədqiqatları İnstitutu arasında standartlaşdırma, metrologiya, uyğunluğun qiymətləndirilməsi və akkreditasiya sahələrində Anlaşma Memorandumu”nu İranın Milli Standartlaşdırma Təşkilatının sədri xanım Nəirə Piruzbəxt və Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev imzalayıblar.
“Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə İran İslam Respublikasının Mərkəzi Bankı arasında Anlaşma Memorandumu”nu İranın Mərkəzi Bankının sədri Vəliyullah Seyf və Azərbaycan Respublikası Mərkəzi Bankının sədri Elman Rüstəmov imzalayıblar.
“Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə İran İslam Respublikasının Mədəni İrs, Əl İşləri və Turizm Təşkilatı arasında turizm əməkdaşlığı sahəsində İcra Proqramını (2016-2019)” İranın Vitse-Prezidenti, Mədəni İrs, Əl İşləri və Turizm Təşkilatının sədri Məsud Sultanifər və Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov imzalayıblar.
“Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin reallaşdırılması sahəsində əməkdaşlıq haqqında Niyyət Protokolu”nu İranın yol və şəhərsalma naziri Abbas Axundi və Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov imzalayıblar.
“Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə İran İslam Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi arasında elektron təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu İranın rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezi və Azərbaycanın rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə imzalayıblar.
“Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında bitki mühafizəsi və bitki karantini sahəsində əməkdaşlıq haqqında Saziş”i İranın xarici işlər naziri Məhəmməd Cəvad Zərif və Azərbaycanın kənd təsərrüfatı naziri Heydər Əsədov imzalayıblar
Avqustun 7-də sənədlərin imzalanması mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və İran İslam Respublikasının Prezidenti Həsən Ruhani mətbuata birgə bəyanatlarla çıxış ediblər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu