İlham Əliyev Azərbaycana ikili standartların tətbiqi haqda


Prezident İlham Əliyev beynəlxalq ictimaiyyəti Dağlıq Qarabağ münaqişəsinin nizama salınması məsələsində Azərbaycanla bağlı ikili standartların tətbiqində ittiham edib.

Dünya Xəbər Agentlikləri V Konqresinin, Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) XVI Baş Assambleyasının birgə açılış mərasimindəki çıxışında Azərbaycan prezidenti Dağlıq Qarabağın Azərbaycanın əzəli torpağı olduğunu bir daha xatırladıb: "SSRİ dövründə Azərbaycanın muxtar vilayəti olan Dağlıq Qarabağ və 7 rayon işğal edilib, 1 milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Ermənistan tərəfindən etnik təmizlənmə aparılıb. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsində işğalçı erməni qoşunlarının işğal edilmiş ərazilərdən çıxarılması tələbi qoyulub. Ancaq Ermənistan bu tələbləri vecinə almır. Bəzi hallarda BMT Təhlükəsizlik Şurasının qətnamələri bir neçə gün ərzində yerinə yetirilir, amma bizim məsələ ilə bağlı 20 ildən çoxdur uzanır. Bu, Azərbaycana ikili standartların tətbiqindən xəbər verir. Təhlükəsizlik Şurasının qətnamələrinin icrası ilə bağlı mexanizmlərə baxılmalıdır…

İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və Avropa strukturları da oxşar qərarlar qəbul edib. Lakin Ermənistan o sənədlərə də məhəl qoymur. İşğal olunmuş ərazilərdə məscidlər, abidələr dağıdılır. ATƏT-in göndərdiyi iki faktaraşdırıcı missiyanın hesabatları da bunu təsdiqləyib. Bakıda isə erməni kilsəsi mühafizə olunur".

Dövlət başçısı bir daha vurğulayıb ki, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır: "Çünki Azərbaycanın ərazi bütövlüyü digər ölkələrin ərazi bütövlüyü qədər dəyərlidir. Keçmiş sovet məkanında münaqişələrin ərazi bütövlüyü çərçivəsində həlli pinsipi Dağlıq Qarabağ münaqişəsinə də tətbiq edilməlidir". (Virtualaz)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az





Diqqətinizi çəkə biləcək digər xəbərlər
menyu
menyu