“Biz ildən-ilə daha yaxşı yaşayırıq”- İlham Əliyev
"Bu şəhərciyin inşa edilməsi bir daha onu göstərir ki, Azərbaycanda ordu quruculuğuna çox böyük diqqət yetirilir. Son bir neçə il ərzində iyirmidən çox hərbi şəhərcik tikilib və əsaslı şəkildə təmir edilib. Bu gün hərbi hissələrimizin mütləq əksəriyyəti demək olar ki, bu səviyyədədir. Ümid edirəm ki, növbəti bir-iki il ərzində yararsız vəziyyətdə bir dənə də hərbi infrastruktur olmayacaq”.
Bu sözləri prezident İlham Əliyev Müdafiə Nazirliyinin Abşeron rayonunun Pirəkəşkül qəsəbəsində "N” hərbi hissəsinin yeni inşa edilmiş hərbi şəhərciyinin açılışında çıxış edərkən deyib. Ölkə başçısı ordu quruculuğu prosesinin Azərbaycanda dövlət siyasəti olduğunu diqqətə çatdırıb: "Hərbçilərin məişət problemləri də öz həllini tapır. Bildiyiniz kimi, iyirmi il qüsursuz xidmət göstərən hərbçilərə dövlət tərəfindən pulsuz mənzillər verilir, bu proses artıq geniş vüsət alır. Xidmət aparmaq üçün bütün lazımi tədbirlər görülür. Bir sözlə, hərbçilərimizin həm xidmət, həm də məişət şəraiti daim diqqət mərkəzindədir”.
Dövlət başçısı ordumuzun güclü ordular sırasında olduğunu xatırladıb: "Son illər ərzində ordumuzun maddi-texniki təminatı böyük dərəcədə inkişaf edib. Bu gün təminat-təchizat baxımından yüksək səviyyəyə malik olan Azərbaycan Ordusu istənilən vəzifəni icra edə bilər. Biz son illər ərzində bir çox ölkələrdən ən müasir texnika, silah-sursat almışıq ki, bu texnika və silahlar bu gün bizim ordu potensialımızı gücləndirir. Bir neçə ölkədən alınmış onlarla döyüş təyyarəsi, 100-dən çox hərbi və hərbi nəqliyyat vertolyotu, hava hücumuna qarşı müxtəlif müasir sistemlər bizim müdafiə gücümüzü artırır. Müxtəlif ölkələrdən alınmış ən müasir tanklar, zirehli maşınlar, artilleriya qurğuları da düşmənin istənilən hədəfini yüksək dəqiqliklə və böyük dağıdıcı qüvvəsi ilə məhv edə bilər. Ən müasir pilotsuz uçuş aparatları, həm kəşfiyyat, həm döyüş üçün digər texnikalar alınır və bu proses bu gün də davam edir”.
İlham Əliyevin sözlərinə görə, həm hərbçilərin xidmət, məişət şəraiti, döyüş texnikası ilə təminat, eyni zamanda, ordumuzun döyüş qabiliyyəti böyük dərəcədə artıb: "Ordumuzda ruh yüksəkliyi var, vətənpərvərlik hissləri çox yüksək səviyyədədir. Ordumuzun döyüş qabiliyyəti bu gün dünya ictimaiyyəti tərəfindən də yüksək qiymətləndirilir. Müxtəlif təhlillər aparılır, hərbi mütəxəssislər öz fikirlərini söyləyirlər. Biz bunu bilirik, dünya da bilir ki, həm döyüş qabiliyyəti, həm hərbi-texniki təminat baxımından bu gün Azərbaycan Ordusu, sözün əsl mənasında, güclü ordular sırasındadır.
Bütün bu nailiyyətləri biz özümüz əldə etmişik, öz hesabımıza, güclü iqtisadiyyat hesabına. Çünki əgər güclü iqtisadiyyat olmasaydı, biz bütün bu işləri görə bilməzdik. Yaradılan bu hərbi şəhərcik bu gün bizim həm ordumuzun, həm dövlətimizin gücünü göstərir. Bu gün dünyada maliyyə-iqtisadi böhran davam edir. Ancaq buna baxmayaraq, biz bu məqsədlər üçün böyük vəsait ayırırıq və ayıracağıq. Bunu təmin edən güclü iqtisadiyyatdır. İqtisadiyyatda aparılan işlər, islahatlar bizim ordumuzu, dövlətimizi gücləndirir. Azərbaycan dünyada nadir ölkələrdəndir ki, öz hesabına yaşayır, heç kimdən asılı deyil, heç kimin maliyyə yardımına ehtiyac duymur. Öz hesabımıza yaşayırıq və ildən-ilə daha yaxşı yaşayırıq”.