İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını təbrik edib


Azərbaycan prezidenti İlham Əliyev ölkəmizin pravoslav xristian icmasını Pasxa bayramı münasibəti ilə təbrik edib.

AFN.az xəbər verir ki, dövlət başçısının təbrikində deyilir: ”Hörmətli həmvətənlər! Sizi və Azərbaycanın bütün xristian icmasını müqəddəs Pasxa bayramı münasibətilə səmimi qəlbdən təbrik edir, hər birinizə xoşbəxtlik, cansağlığı və firavanlıq arzularımı yetirirəm.

Yüksək mənəvi-əxlaqi dəyərlərin və tolerantlıq ənənələrinin qorunub saxlanıldığı Azərbaycanda müxtəlif xalqların və dinlərin nümayəndələri yüz illərdir ki, əmin-amanlıq şəraitində, qarşılıqlı hörmət və etimad mühitində vahid ailə kimi yaşayır, etnik-mədəni özünəməxsusluqlarını, dil və mədəniyyətlərini qoruyub saxlayırlar. Azərbaycan, tarixən olduğu kimi, bu gün də dilindən, dinindən və etnik mənsubiyyətindən asılı olmayaraq burada yaşayan hər kəsin vətənidir.

Məmnuniyyət hissi ilə qeyd etmək istəyirəm ki, ölkəmizin bütün milli və dini azlıqları, o cümlədən Azərbaycan cəmiyyətində özünəməxsus yeri olan pravoslav xristianlar, millətlərarası və dinlərarası münasibətlərə, vətəndaş cəmiyyəti quruculuğuna öz layiqli töhfələrini verərək, ictimai-siyasi və sosial-mədəni həyatımızın bütün sahələrində yaxından iştirak edirlər. Gözəl bahar günlərinə təsadüf edən Pasxa bayramı xeyirxahlığı, həmrəyliyi mərhəmət və şəfqət duyğularını təcəssüm etdirir. Bu əziz gündə bir daha sizə xoş bayram ovqatı, ailələrinizə sevinc və rifah arzulayıram. Bayramınız mübarək olsun!”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu