Dövlət Reklam Agentliyinin nizamnaməsi təsdiq edildi- Fərman





Prezident İlham Əliyev Dövlət Reklam Agentliyinin fəaliyyətinin təşkili haqqında fərman imzalayıb.



Fərmanda qeyd olunur: "Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin Nizamnaməsi” təsdiq edilsin (əlavə olunur).

Dövlət Reklam Agentliyində (bundan sonra – Agentlik) təsisçinin səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilir:

Azərbaycan Respublikasının Prezidentinə:

-nizamnaməsinin təsdiqi, nizamnamə fondunun miqdarının müəyyən edilməsi;

- icra orqanının yaradılması, onun səlahiyyətlərinin müəyyənləşdirilməsi və səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi;

- yenidən təşkili və ləğvi məsələləri;

- təsərrüfat cəmiyyətlərinin yaradılmasına və ya onlarda iştirak etməyə, idarə, filial və nümayəndəliklərinin yaradılmasına razılıq verilməsi;

- xalis aktivlərinin dəyərinin 25 faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin) və aidiyyəti şəxslə dəyəri publik hüquqi şəxsin aktivlərinin 5 faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanmasına razılıq verilməsi;

Nazirlər Kabinetinə:

- illik maliyyə hesabatlarının təsdiqi;

Agentliyə:

- strukturunun təsdiqi;

- inkişaf istiqamətlərinin müəyyən edilməsi.

Müəyyən edilir ki:Agentliyin nizamnamə fondu 10 000 (on min) manatdır və dövlət büdcəsi vəsaiti hesabına formalaşdırılır; Agentlikdə 3 nəfər üzvdən ibarət Müşahidə Şurası yaradılır; Agentliyin Müşahidə Şurası üzvlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi, habelə onların səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi Azərbaycan Respublikasının Prezidenti tərəfindən həyata keçirilir.

Agentliyin ilkin mərhələdə saxlanma xərclərinin maliyyələşdirilməsi üçün Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 1 000 000 (bir milyon) manat ayrılır.

Nazirlər Kabinetinə tapşırılır ki, Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını iki ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; Agentliyin müvafiq inzibati bina ilə təmin edilməsi üçün iki ay müddətində tədbirlər görüb Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; Aşağıdakı tədbirlərin həyata keçirilməsini bir ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin:

- açıq məkanda reklam fəaliyyətinin tənzimlənməsi ilə məşğul olan yerli icra hakimiyyəti orqanlarının yanındakı qurumların və tabeliyindəki hüquqi şəxslərin Agentliyin tabeliyinə verilməsini;

- yerli icra hakimiyyəti orqanlarının (o cümlədən yanındakı qurumların və tabeliyindəki hüquqi şəxslərin) balansında olan və açıq məkanda reklam fəaliyyətinin tənzimlənməsi ilə bağlı istifadə edilən dövlət əmlakının Agentliyin balansına verilməsini;

- mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; Fərmandan irəli gələn digər məsələləri həll etsin.

Agentlik dövlət qeydiyyatına alınması üçün bu Fərmanın qüvvəyə mindiyi tarixdən üç gün müddətində "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Vergilər Nazirliyinə müraciət etməlidir;2017-ci il avqustun 1-dən açıq məkanda reklam daşıyıcılarının və reklam yerləşdirilməsinin tənzimlənməsi və bu sahədə nəzarətin təmin edilməsi üçün "Reklam haqqında” Azərbaycan Respublikasının Qanunu və bu Fərmanla təsdiq edilmiş Nizamnamə ilə müəyyən edilmiş qaydada tədbirlər görməlidir.

Yerli icra hakimiyyəti orqanlarına və "Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə tapşırılır, bələdiyyələrə isə tövsiyə edilir ki, 2017-ci il avqustun 1-dək müvafiq ərazidə açıq məkanda mövcud olan reklam daşıyıcıları və yayımlanan reklam haqqında məlumatları, bununla bağlı mövcud olan bütün sənədlərin (o cümlədən icazə, texniki şərtlər pasportu və s.) surətlərini və həmin məlumatları əks etdirən elektron siyahını 20 gün müddətində Agentliyə təqdim etsinlər.

8. Azərbaycan Respublikası Prezidentinin Administrasiyası fərmanın 7-ci hissəsində göstərilən tapşırığın icrası və tövsiyənin nəzərə alınması üçün zəruri tədbirlər görməlidir.

Maliyyə Nazirliyi bu Fərmanda göstərilən məbləğdə maliyyələşməni 10 gün müddətində təmin edib Azərbaycan Prezidentinə məlumat verməlidir.

Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların fərmana uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verməlidir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu