Prezident Bakı Limanına pul ayırdı




Prezident İlham Əliyev Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin tikintisinin sürətləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” Prezidentin 2016-cı il 27 dekabr tarixli Fərmanında nəzərdə tutulmuş vəsaitdən İqtisadiyyat Nazirliyinə 30 milyon manat ayrılıb.

Sərəncamda bildirilir ki, Azərbaycanı regionun ticarət mərkəzinə çevirmək məqsədi ilə son illərdə ölkənin strateji coğrafi mövqeyindən səmərəli istifadə etməklə tranzit və nəqliyyat xidmətlərinin inkişafı, nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi və tranzit potensialının daha da artırılması üçün konkret hədəflərə istiqamətlənmiş kompleks tədbirlər həyata keçirilib.

Bu tədbirlər çərçivəsində yerli və beynəlxalq daşımaların idarə olunması mexanizmi təkmilləşdirilib, ölkənin nəqliyyat sisteminin beynəlxalq nəqliyyat sisteminə inteqrasiyası genişləndirilib, habelə Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin tikintisinə başlanılıb. Azərbaycanın regionun mühüm nəqliyyat və logistika mərkəzinə çevrilməsi siyasətinin tərkib hissəsi olan, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin qovşağında yerləşən Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksi ölkənin tranzit imkanlarının yüsəldilməsində həlledici rola malikdir.

Eyni zamanda prezident İlham Əliyev Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının fəaliyyətinin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncamda bildirilir ki, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının dünya standartlarına cavab verən liman səviyyəsinə çatdırılması, eləcə də limanın normal fəaliyyətinin təmin edilməsi və liman ərazisində yükaşırmaların həyata keçirilməsi üçün zəruri infrastrukturun yaradılması məqsədi ilə qərara alıram:

1. Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı üçün 6 ədəd portal kranın alınması və 2 ədəd mövcud kranın modernləşdirilməsi məqsədilə “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 27 dekabr tarixli 1180 nömrəli Fərmanının 1.14.3.3.9-cu yarımbəndində nəzərdə tutulmuş vəsaitdən “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyətinə müvafiq olaraq 33,2 milyon (otuz üç milyon iki yüz min) manat və 3,6 milyon (üç milyon altı yüz min) manat olmaqla, cəmi 36,8 milyon (otuz altı milyon səkkiz yüz min) manat vəsait ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni təmin etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu