İlham Əliyev: “Ermənistan növbəti dəfə özünü biabır etdi”


İlham Əliyev:


Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyimiz dəyişməz olaraq qalır. Bu mövqe dünyanın ən ali tribunalarından açıq bəyan edilmişdir. Dağlıq Qarabağ bizim tarixi, əzəli torpağımızdır, biz bu torpaqlara qayıtmalıyıq və qayıdacağıq.

Bunu Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2017-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında deyib. Prezident qeyd edib ki, ölkəmizin ərazi bütövlüyü danışıqların predmeti deyil və heç vaxt olmayacaq.

“Biz torpaqlarımızda ikinci erməni dövlətinin yaradılmasına heç vaxt imkan verməyəcəyik və ərazi bütövlüyümüzün bərpası bizim əsas vəzifəmizdir. Bilirsiniz ki, son vaxtlar danışıqlarda heç bir irəliləyiş yoxdur. Ermənistan çalışırdı və hesab edirdi buna nail olacaq ki, danışıqlar pozulsun. Yəni, müxtəlif bəhanələrlə bizi ittiham etməklə çalışırdı ki, danışıqlar bərpa edilməsin və buna nail olmaq üçün bir neçə şərt qoymuşdu. Əlbəttə, mən bəribaşdan bəyan etmişdim ki, heç bir şərt qəbul edilməyəcək. Onlar bu şərtləri irəli sürərkən özlərini çox axmaq vəziyyətdə qoyurlar və məcbur olub bu siyasətdən əl çəkməli olacaqlar. Həyat və reallıq bir daha onu göstərir ki, həmişə olduğu kimi, bizim təhlilimiz və siyasətimiz tam reallığı əks etdirir”.

İlham əliyev bildirib ki, bu gün danışıqlar prosesi heç bir şərt qəbul olunmadan bərpa edilir: “Ermənistan növbəti dəfə özünü dünya ictimaiyyəti qarşısında biabır etdi və danışıqların bərpası bizə edilən hər hansı bir minnət deyil. Onların isterik bəyanatları, başqa ölkələrə qorxu ilə dolu müraciətləri əslində açıq etirafdır ki, döyüşdə onların bizim qarşımızda duruş gətirməsi qeyri-mümkündür. Aprel hadisələri bunu göstərdi. Təmas xəttindəki vəziyyət onu göstərir ki, bu gün biz təmas xəttində hakim mövqelərə tam sahibik. Əlbəttə, Ermənistan daha çox maraqlı olmalıdır ki, danışıqlar bərpa edilsin. Çünki əks təqdirdə onları çox acı nəticələr gözləyir. Məsələ ilə məşğul olan vasitəçilər çalışırlar ki, danışıqlar prosesi bərpa edilsin. Biz də əlbəttə ki, bunu dəstəkləyirik. Ona görə bir daha demək istəyirəm ki, bu il də bu istiqamətdə real nəticə əldə olunmasa da Ermənistan növbəti dəfə özünü dünya ictimaiyyəti qarşısında aciz, gücsüz, asılı ölkə kimi təqdim etmişdir”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu