Parlament seçkiləri gələn il keçiriləcək?- İDDİA


Parlament seçkiləri gələn il keçiriləcək?-


Azərbaycanda prezident seçkilərindən sonra parlament seçkiləri də irəli çəkilə bilər.


İddialara görə, Milli Məclis üzvlərinin yeni seçimi 2019-cu ildə baş tutacaq. Növbədənkənar parlament seçkilərinin gələn il keçirilməsi gözlənilən bələdiyyə seçkiləri ilə eyni vaxta salınması nəzərdə tutulur. Bununla həm də seçki prosesinə çəkilən xərclərin azaldılmasının hədəfləndiyi bildirilir.

Azərbaycan müxalifəti üçün parlament seçkilərinin irəli çəkiləcəyi gözlənilən variantdır. ADP sədri Sərdar Cəlaloğlu hesab edir ki, Azərbaycan Konstitusiyasına edilən dəyişikliklərdən sonra Milli Məclisin yenidən formalaşdırılması bir zərurətə çevrilib: "Yeni konstitusiyaya uyğun olaraq yeni parlament seçilməlidir. Çünki indiki parlamentin fəaliyyəti ilə yeni konstitusiya arasında ziddiyyət var. Yəni Milli Məclis indi qeyri-qanuni fəaliyyət göstərir”.

Partiya sədrinin fikrincə, yeni parlament seçkiləri növbədənkənar prezident seçkiləri ilə eyni vaxtda keçirilsə, daha yaxşı olardı: "2019-cu ilədək gözləməyə ehtiyac yoxdur, yeni parlamen seçkiləri ən qısa müddətdə keçirilməliydi. Daha yaxşı olardı ki, prezident seçkiləri ilə eyni vaxtda salınsın. Amma salınmadı, heç olmasa prezident seçkilərindən dərhal sonraya təyin olunmalıdır”.

Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev də hesab edir ki, növbədənkənar parlament seçkiləri gələn ilə saxlanmamalıdır: "Düşünürəm ki, bələdiyyə seçkilərinə qədər gözlənməyəcək, elə bu ilin payızında yeni parlament seçkiləri keçiriləcək. Əslində Milli Məclisin indiki tərkibi tamamilə yenilənməlidir. Milli Məcliz üzvlərinin mütləq əksəriyyəti seçilmiş deyil, təyin olunmuş, xalqdan uzaq adamlardır. Son vaxtlar deputatın ailə üzvlərinin pensiya təminatı deyilən bir məsələnin ortaya atılması bir daha göstərir ki, onlar xalqın deyil, hakimiyyətin mövqeyindən çıxış edirlər. Ona görə ki, böyük əksəriyyəti Yeni Azərbaycan Partiyasının üzvləridir”.

Qeyd edək ki, xəbəri "Yeni Müsavat" qəzeti yayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu