İlham Əliyev: İndiki Ermənistanın böyük hissəsi Azərbaycanın tarixi torpağıdır


İlham Əliyev:


İndiki Ermənistanın böyük hissəsi Azərbaycanın tarixi torpağıdır.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakıda Novruz münasibətilə keçirilən ümumxalq şənliyində çıxışı zamanı bildirib.

Ölkə başçısı deyib: "Əziz dostlar, mən sizi və bütün Azərbaycan xalqını qarşıdan gələn Novruz bayramı münasibətilə ürəkdən təbrik edirəm. Novruz bayramı bizim sevimli bayramımızdır. Əsrlər boyu Azərbaycan xalqı bu bayramı qeyd edir, öz qəlbində yaşadır. Milli-mənəvi dəyərlərimiz müasir Azərbaycan dövlətinin əsas dayağıdır. Azərbaycan dövləti müasir dövlətdir, ancaq, eyni zamanda, bizim dövlətimiz dərin milli-mənəvi dəyərlər, köklər üzərində qurulubdur. Elə etməliyik ki, gənc nəsil də milli ruhda, vətənpərvərlik ruhunda tərbiyə alsın. Onlar da bizim kimi Vətənə bağlı olsunlar, milli maraqlarımızı hər şeydən üstün tutsunlar.

Azərbaycan Novruzu gözəl nəticələrlə qarşılayır. Ölkəmiz hərtərəfli inkişaf edir. Aparılan quruculuq işləri ölkəmizi gücləndirir, Azərbaycanın beynəlxalq nüfuzunu artırır. Daxili vəziyyət sabitdir. Bu sabitliyin əsas təminatçısı Azərbaycan xalqıdır. Xalq-iqtidar vəhdəti sabitliyin əsas təminatçısıdır. Daxili siyasətlə bağlı görülən işlər, aparılan islahatlar öz gözəl nəticələrini verməkdədir. Dünyada gedən proseslər bir daha onu göstərir ki, ancaq sabit olan ölkələr uğurla inkişaf edə bilər. Ancaq sabit olan ölkələrə xarici sərmayə qoyulur, insanlar rahat, təhlükəsizlik şəraitində yaşayırlar. Bu gün dünyanın müxtəlif yerlərində sabitlik pozulur, qanlı toqquşmalar baş verir, müharibələr alovlanır, yeni risklər yaranır. Bu gün dünya gündəliyinin əsas məsələsi məhz təhlükəsizlik məsələləridir. Azərbaycan bu istiqamətdə apardığı siyasətlə dünyada böyük rəğbət qazanmış ölkələrdən biridir. Ölkəmizdə daxili risklər üçün heç bir mənbə yoxdur. Xarici risklərdən isə biz özümüzü qoruyuruq və bundan sonra da qoruyacağıq, Azərbaycan xalqının rahat yaşamasını təmin edəcəyik.

Bizim beynəlxalq əlaqələrimiz genişlənir. Bu gün Azərbaycan dünya miqyasında çox yüksək reputasiyaya malik olan bir ölkədir və bizim təşəbbüslərimiz regional əməkdaşlığa təkan verir. Bir neçə gün bundan əvvəl VI Qlobal Bakı Forumu keçirilmişdir. Bu forumda 50-dən çox ölkədən 50-yə yaxın fəaliyyətdə olan və sabiq dövlət və hökumət başçısı iştirak etmişdir. Deyə bilərəm ki, Qlobal Bakı Forumu dünyada keçirilən ən mötəbər forumların arasında qısa müddət ərzində özünəlayiq yer tuta bilmişdir. Bu gün Bakı Forumunda müzakirə olunan məsələlər hesab edirəm ki, dünya üçün çox əhəmiyyətlidir. Gələn ay Bakıda Qoşulmama Hərəkatının xarici işlər nazirlərinin konfransı keçiriləcəkdir. Bu da qlobal, mötəbər beynəlxalq tədbirdir. Bu tədbirin Azərbaycanda keçirilməsi Qoşulmama Hərəkatı və təşkilata üzv ölkələr tərəfindən bizə verilən növbəti dəstəyin təzahürüdür.

Azərbaycan regional əməkdaşlıq məsələlərində bir çox hallarda təşəbbüskar kimi çıxış edir. Bir neçə gün bundan əvvəl tarixdə ilk dəfə olaraq Bakıda Azərbaycan, İran, Gürcüstan və Türkiyənin xarici işlər nazirlərinin birinci görüşü keçirilmişdir. Hesab edirəm ki, bu, tarixi hadisədir, tarixi görüşdür. Bundan əvvəlki dövrlərdə yenə də bizim təşəbbüsümüzlə bir neçə regional format yaranmış və uğurla fəaliyyət göstərir. Azərbaycan-İran-Gürcüstan, Azərbaycan-İran-Türkiyə, Azərbaycan-Gürcüstan-Türkiyə, Azərbaycan-İran-Rusiya üçtərəfli və nəhayət Azərbaycan-İran-Gürcüstan-Türkiyə dördtərəfli formatlar yaranmışdır. Qeyd etməliyəm ki, bütün bu çoxtərəfli formatların təşəbbüskarı Azərbaycan olmuşdur. Bu, bölgədə sabitliyi möhkəmləndirir, əməkdaşlığı gücləndirir və bu formatlarda iştirak edən ölkələrin iqtisadi maraqlarını təmin edir. Müzakirə olunan məsələlər siyasi, iqtisadi, mədəni, nəqliyyat və digər sahələri əhatə edir. Bildiyiniz kimi, bizim təşəbbüsümüzlə regionda çox böyük nəqliyyat layihələri icra edilir. Şərq-Qərb nəqliyyat marşrutu artıq reallaşıb. Keçən il Bakı-Tbilisi-Qars dəmir yolunun açılmasından sonra artıq bu marşrut fəaliyyətdədir. Yaxın gələcəkdə Ələtdəki Bakı Beynəlxalq Dəniz Ticarət Limanının tam gücü ilə işləməsi nəticəsində Azərbaycan ərazisindən keçən yüklərin həcmi bir neçə dəfə artacaqdır. Hazırda biz Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılması ilə məşğuluq. Azərbaycan ərazisində bu marşrutla bağlı bütün işlər görülübdür. Eyni zamanda, Azərbaycan bu marşrutun tam həyata keçirilməsi üçün əlavə tədbirlər görəcəkdir. Həmçinin bu iki önəmli nəqliyyat dəhlizi yeni təşəbbüslərlə çıxış etmək üçün bizə imkan yaratdı və Bakıda dörd ölkənin xarici işlər nazirlərinin görüşündə, eyni zamanda, Cənub-Qərb nəqliyyat marşrutu müzakirə edildi. İlk dəfə olaraq, yenə də bizim təşəbbüsümüzlə. Beləliklə, baxmayaraq ki, Azərbaycanın açıq dənizlərə çıxışı yoxdur, biz Avrasiyanın önəmli nəqliyyat mərkəzinə çevriləcəyik və bu istiqamətdə artıq gözəl nəticələr var.

Bir daha demək istəyirəm ki, regional əməkdaşlıq sabitliyi möhkəmləndirir, əməkdaşlığı gücləndirir. Biz bu regionda yaşayırıq, ona görə əlbəttə ki, regional dövlətlərlə bizim uğurlu əməkdaşlığımız davam edəcəkdir.

Biz digər beynəlxalq təşkilatlarla, Avropa İttifaqı ilə fəal əməkdaşlıq aparırıq. Azərbaycan İslam Əməkdaşlıq Təşkilatının fəal üzvüdür. Bu gözəl mənzərə fonunda Ermənistan bütün regional əməkdaşlıq formatlarından tamamilə kənarda qalıbdır. Bu da təbiidir. Çünki bizim siyasətimiz məhz bundan ibarətdir. Ermənistan bütün məsələlərdən təcrid olunmuş vəziyyətdədir, bir dənə də olsun regional əməkdaşlıq formatında iştirak etmir. Təkcə ona görə yox ki, biz buna imkan vermirik, - halbuki, hesab edirəm, bu, əsas amildir, - eyni zamanda, ona görə ki, Ermənistan nə siyasi, nə iqtisadi, nə nəqliyyat baxımından heç bir maraq doğurmur. Siyasi baxımdan bu ölkə müstəqil deyil, bu, satellit ölkədir. Ermənistanın gələcəyi ilə bağlı ölkə daxilində qəbul edilmiş qərarlar böyük məna daşımır. Bu ölkəyə iqtisadi cəhətdən heç bir investisiya qoyulmur, investorlar maraqlı deyillər. Burada bir neçə amil rol oynayır, birinci növbədə, baş alıb gedən rüşvətxorluq, oğurluq, korrupsiya halları, digər tərəfdən vətəndaşların kütləvi surətdə Ermənistandan çıxması, yəni, köç kütləvi xarakter alıbdır. İnvestisiya iqlimi çox bərbaddır və bazar məhdudluğu imkan vermir ki, bu ölkəyə investisiya qoyulsun.

Belə bir mənzərə ilə üzləşən Ermənistan xalqı bir daha çox ciddi fikirləşməlidir və anlamalıdır ki, Ermənistan rəhbərliyinin Azərbaycana qarşı işğalçı siyasətinin gələcəyi yoxdur. Azərbaycan öz ərazi bütövlüyünü onsuz da bərpa edəcəkdir. Ancaq Ermənistan son illər ərzində bölgədə gedən regional əməkdaşlıq proseslərindən tam təcrid olunmuş vəziyyətdədir. Onlar siyasi səhnədə məğlub olublar, bütün aparıcı beynəlxalq təşkilatlar Azərbaycanın mövqeyini dəstəkləyir. BMT, onun Təhlükəsizlik Şurası, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Parlamenti, AŞPA, digər təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıyır və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasını tələb edən çoxsaylı qərar və qətnamələr qəbul etmişlər. Yəni, bu, Ermənistanın siyasi məğlubiyyətidir. Onlar diplomatik cəbhədə məğlubiyyətə uğrayıblar. Dağlıq Qarabağda keçirilmiş qondarma “referendum” heç bir ölkə tərəfindən tanınmayıb, beynəlxalq təşkilatlar da bunu tanımayıblar. Bu, bir daha təsdiqləyir ki, Dağlıq Qarabağ Azərbaycanın torpağıdır, Azərbaycanın əzəli torpağıdır və Azərbaycanın ayrılmaz hissəsidir.

Nəqliyyat siyasəti ilə bağlı Ermənistan dalan ölkədir və açıq deməliyik ki, bunu biz etmişik.

İki il bundan əvvəl Ermənistan döyüş meydanında üzləşdiyi məğlubiyyətdən bu günə qədər də özünə gələ bilmir. Bu gün Azərbaycan bayrağı Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının vaxtilə işğal altında olan torpaqlarında dalğalanır. Gün gələcək ki, bizim bayrağımız Şuşada və Xankəndidə dalğalanacaqdır.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ancaq və ancaq ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapa bilər. Bunun başqa yolu yoxdur. Dəfələrlə demişəm, bir daha demək istəyirəm, bunu hamı bilsin ki, Azərbaycan heç vaxt imkan verə bilməz ki, bizim tarixi torpaqlarımızda ikinci erməni dövləti yaradılsın. Dəfələrlə demişəm və bir daha demək istəyirəm ki, bugünkü Ermənistanın ərazisi tarixi Azərbaycan torpaqlarıdır. Bunu təsdiqləyən çoxsaylı kitablar, xəritələr var. O xəritələrdə indiki Ermənistanın ərazisindəki toponimlərin mütləq əksəriyyəti Azərbaycan mənşəlidir. Tarixi kitablarda göstərilir ki, XIX əsrin əvvəllərində İrəvan xanlığının əhalisinin mütləq əksəriyyəti, daha doğrusu 80 faizi azərbaycanlılar olub. Bu, tarixdir, tarixi həqiqətdir. Bunu bilməyənlər də bilsinlər və ən önəmlisi Azərbaycan gəncləri bunu bilsinlər. Bilsinlər ki, indiki Ermənistanın böyük hissəsi Azərbaycanın tarixi torpağıdır. Biz bunu heç vaxt unutmuruq və unutmayacağıq.

Biz uğurla inkişaf edirik. Azərbaycan iqtisadi sahədə də böyük uğurlara imza atıb. Biz bu bayramı gözəl iqtisadi nəticələrlə qarşılayırıq. İki ayda ümumi daxili məhsul 1,3 faiz, qeyri-neft sektorunda isə 2,3 faiz artmışdır. Sənaye istehsalı 1,4 faiz, qeyri-neft sektorunda isə 8,4 faiz artmışdır. Kənd təsərrüfatı məhsullarının istehsalı təxminən 4 faiz, əhalinin gəlirləri isə 10,2 faiz artmışdır. İnflyasiya 4,7 faizdir. Yəni, bizim nəzərdə tutduğumuz vəzifələr icra edilir. İki ayda valyuta ehtiyatlarımız 2,1 milyard dollar artmışdır və hazırda 44 milyard dollara bərabərdir. Bu, böyük rəqəmdir. Biz valyuta ehtiyatlarımızı il ərzində daha da artıracağıq. Manatın məzənnəsi sabitdir. Bütün infrastruktur layihələri uğurla icra edilir. Bir sözlə, son müddət ərzində iqtisadi siyasətlə bağlı aparılan ciddi islahatlar öz gözəl nəticələrini vermişdir. Biz bu islahatları dərinləşdirəcəyik, bundan sonra da aparacağıq və Azərbaycan iqtisadiyyatının dayanıqlığını bundan sonra da təmin edəcəyik.

Bu rəqəmlər özlüyündə bir göstəricidir və təbii ki, bizim siyasətimizi, aparılan işləri göstərir. Eyni zamanda, Azərbaycan ictimaiyyəti bunu bilir. Bunu bir daha demək istəyirəm ki, beynəlxalq maliyyə qurumları da bizim islahatlarımızı yüksək qiymətləndirirlər. Aparıcı beynəlxalq maliyyə institutları bizim islahatlarımıza yüksək qiymət verirlər. O ki qaldı dünyanın bir nömrəli iqtisadi forumunun – Davos Forumunun hesablamalarına görə, - bu rəqəmlər dəfələrlə səslənib, bir daha səsləndirmək istəyirəm, - bu gün Azərbaycan dünyanın 35 ən rəqabətqabiliyyətli ölkələrinin arasındadır.

Bizim uğurlu iqtisadi islahatlarımız çox ciddi sosial siyasətlə tamamlanır. Həmişə demişik ki, bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Köklü iqtisadi islahatlar bəzən sosial sahəyə mənfi təsir göstərir. Ona görə hətta əvvəlki illərdə - bir-iki il bundan əvvəl iqtisadi böhran dövründə bir dənə də olsun sosial proqram ixtisara düşməmişdir, bütün sosial öhdəliklər vaxtında yerinə yetirilmişdir. İmkanlarımız artdıqca biz dərhal sosial məsələlərə daha da böyük diqqət göstərməyə başladıq. Daha doğrusu, daha böyük maliyyə vəsaiti ayırmağa başlamışıq. Bu il büdcədən maliyyələşən təşkilatlarda əməkhaqqı 10 faiz artmışdır. Əgər biz dünya xəritəsinə baxsaq, görərik ki, indiki dövrdə nadir ölkələrdə maaşlar artır. Biz imkan daxilində bunu edirik və bundan sonra da edəcəyik. Bir daha demək istəyirəm ki, iqtisadi göstəricilərimiz müsbətə doğru getməyə başlayandan dərhal sonra biz, ilk növbədə, sosial məsələlərin həllinə o maliyyəni ayırdıq. Maaşların, müavinətlərin, pensiyaların artırılmasına bu il büdcədən yüz milyonlarla manat vəsait ayrılır. Bu, bizim niyyətimizi, siyasətimizi göstərir. Onu göstərir ki, bizim əsas vəzifəmiz ondan ibarətdir ki, Azərbaycan vətəndaşları daha yaxşı yaşasınlar, onların rifah halı yaxşılaşsın, Azərbaycanda iqtisadi və sosial islahatlar bir-birini tamamlayaraq ölkəmizin inkişafına xidmət etsin.

Regionlarda böyük abadlıq-quruculuq işləri görülür. Bu il icra edilən Dövlət İnvestisiya Proqramı imkan verəcək ki, bölgələrdə bir çox məsələlər öz həllini tapsın. Sosial infrastruktur, məktəblər, xəstəxanalar, idman kompleksləri, yollar, digər infrastruktur layihələri. Keçən il 500 kəndin yolu salınmışdır, bu il ən azı 600-dən çox kəndin yolu salınacaqdır. Rayonlarımızın siması gözəlləşir, abadlaşır.

Artıq bu, həqiqətdir, Bakı dünyanın ən gözəl şəhərlərindən birinə çevrilibdir. Bakıya gələn hər bir qonaq bunu qeyd edir. Bu gün Bakı doğrudan da, gözəlliyi, tarixi, insanların qonaqpərvərliyi baxımından turistlər üçün ən cəlbedici istiqamətlərdən birinə çevrilibdir. Ölkəmizə gələn turistlərin artan sayı bunun gözəl sübutudur. Gələn qonaqların sayı 2016-cı ildə 24 faiz, 2017-ci ildə 20 faiz, bu ilin iki ayında isə 12 faiz artmışdır. Hər bir gələn qonaq əlbəttə ki, Bakının gözəlliyini etiraf edir, bunu görür, sonra sosial şəbəkələrdə öz çəkdiyi kadrları paylaşır. Bakı bizim qürur mənbəyimizdir, bizim tarixi şəhərimizdir, qədimliyi ilə müasirliyi özündə birləşdirən nadir şəhərlərdən biridir. Bakının inkişafı, gözəlləşdirilməsi, müasir infrastrukturunun yaradılması üçün bundan sonra da əlavə tədbirlər görüləcəkdir.

Biz indi qədim Qız qalasının önündə bu bayramı qeyd edirik. Qız qalası Bakının qədim rəmzidir və bizim böyük tarixi abidəmizdir. Ancaq, eyni zamanda, bu gün Bakının müasir rəmzləri də vardır. Onların arasında Heydər Əliyev Mərkəzi dünyanın ən gözəl binalarından biridir və bunu müxtəlif sorğular, reytinqlər təsdiqləyir. Alov Qüllələri həm Bakının rəmzini - alovu əks etdirir, eyni zamanda, göylərə ucalan binalar Azərbaycanın inkişafını göstərir və Bakıya əlavə gözəllik verir. Vaxtilə 3,5 kilometr olan bizim tarixi bulvarımızın uzunluğu indi 16 kilometrə çatıbdır və hər yer abadlaşıb, gözəlləşib. Hesab edirəm ki, bu, dünya miqyasında nadir istirahət və gəzinti zonasıdır. Yeni yollar, parklar, xiyabanlar salınır. Bakı bu gün parklar, bağlar şəhəridir.

Bakının ekoloji vəziyyəti yaxşılaşır. Vaxtilə şəhərimizin havasını çirkləndirən Balaxanı zibilxanası tamamilə aradan götürülübdür, indi park salınıbdır. Böyükşor gölü. Onun bir hissəsi, birinci mərhələsi tamamlanıb və təmizlənib. Bibiheybət buruqları ekoloji fəlakət mənzərəsi idi. Bu gün orada park, idman şəhərciyi salınıb. Bakının o hissəsi ilə bağlı bizim əlavə planlarımız var. Yeni yollar salınıb. Vaxtilə tikilmiş və yararsız vəziyyətə düşmüş binalar sökülür, vətəndaşlara kompensasiya ödənilir və həmin binaların yerində yeni ictimai zonalar yaradılır. Yəni, Bakının gələcək inkişafı ilə bağlı bizim böyük planlarımız var. Bakının nəqliyyat problemləri də həll olunur. Bakıda onlarla körpü, yol qovşağı tikilmişdir. Əgər vaxtilə tikilməsəydi, biz indi tıxacdan hərəkət edə bilməzdik. Şəhərimizin gələcək hərtərəfli inkişaf planı da diqqət mərkəzindədir. Şəhərimizin hər bir yerində abadlıq işləri getməlidir və əminəm ki, gedəcəkdir.

Əziz dostlar, bir daha demək istəyirəm ki, biz bu gözəl bayramı gözəl nəticələrlə, yaxşı əhval-ruhiyyə ilə qarşılayırıq. Əminəm ki, 2018-ci il də, ondan sonrakı illər də ölkəmiz üçün uğurlu olacaq. Azərbaycan uğurla inkişaf edəcək, qarşıda duran bütün vəzifələr icra ediləcək və ölkəmiz bundan sonra da bir çox ölkələr üçün nümunə olacaqdır.

Sizi və bütün Azərbaycan xalqını qarşıdan gələn gözəl bayram münasibətilə bir daha təbrik edirəm, bütün Azərbaycan xalqına uğurlar, cansağlığı, əmin-amanlıq və sülh arzulayıram. Sağ olun".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu