İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını təbrik etdi


 İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını təbrik etdi



Prezident İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasına təbrik məktubu ünvanlayıb.

AFN-in məlumatına görə, təbrik mətnində deyilir:

"Hörmətli həmvətənlər!

Sizi – Azərbaycanın bütün xristian icmasını müqəddəs Pasxa bayramı münasibətilə ürəkdən təbrik edir, hamınıza ən səmimi arzu və diləklərimi yetirirəm.

Fərqli sivilizasiyaların qovuşuğunda yerləşən Azərbaycanda yüz illərdir ki, müxtəlif xalqların və dinlərin nümayəndələri əmin-amanlıq, mehriban qonşuluq, qarşılıqlı etimad və anlaşma şəraitində yaşayırlar. Dərin tarixi köklərə malik tolerantlıq ənənələrimizin qorunub saxlanılması, multikultural dəyərlərə söykənən ictimai münasibətlərin təbliği və təşviqi Azərbaycan dövlətinin həyata keçirdiyi siyasətin başlıca istiqamətlərindən biridir.

Azərbaycan Respublikasında formalaşmış nümunəvi dövlət-din münasibətləri cəmiyyətin bütün təbəqələri kimi, xristian icmasına da öz dini-mənəvi dəyərlərindən lazımınca faydalanmaq imkanı yaradır. Məmnunluq hissi ilə qeyd etmək istəyirəm ki, cəmiyyətimizdə özünəməxsus yeri olan pravoslav xristianlar ölkəmizdə gedən böyük inkişaf və quruculuq prosesinin fəal iştirakçılarıdır.

Əziz həmvətənlər!

Builki Pasxa bayramı bütün dünyanı bürümüş təhlükəli epidemiyanın bəşəriyyəti təhdid etdiyi bir vaxta təsadüf edir. Əminəm ki, üzləşdiyimiz qlobal bəla ilə mübarizədə həmvətənlərimiz yüksək məsuliyyət, həmrəylik və mütəşəkkillik nümayiş etdirəcək, xalqımız bu çətin sınaqdan da uğurla çıxacaqdır.

Yeniliyin, dirçəlişin, birlik və bərabərliyin rəmzi sayılan nurlu Pasxa bayramı günündə bir daha hər birinizə cansağlığı, xoşbəxtlik, ailələrinizə əmin-amanlıq arzulayıram.

Bayramınız mübarək olsun!"



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu