AFN.AZ / İlham Əliyev V Asiya Oyunlarının açılışına dəvət edildi

İlham Əliyev V Asiya Oyunlarının açılışına dəvət edildi



"Türkmənistan və Azərbaycan dünyada təhlükəsizlik, firavanlıq, sabitlik və inkişaf üçün hər şeyi edir". Bunu Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov Azərbaycan Prezidenti İlham Əliyevlə təkbətək görüşündə çıxışında deyib.

Q.Berdiməhəmmədov bildirib: "Əziz qardaşım, icazə verin, Azərbaycana səfərə dəvət olunduğumuza görə bizim bütün nümayəndə heyəti adından Sizə minnətdarlığımı bildirim. Bu səfər böyük əhəmiyyət kəsb edir. Siyasətin ən mühüm postulatlarından biri qonşularla yaxşı münasibətləri saxlamaqdır. Bu münasibətlər müxtəlif istiqamətlər üzrə çoxtərəfli əməkdaşlığın və qarşılıqlı fəaliyyətin necə reallaşdırılmasından asılıdır. Müasir dövrdə Türkmənistan-Azərbaycan münasibətləri özünün yeni mərhələsini yaşayır, yeni məzmun kəsb edir. Bu, həm siyasətdə, həm iqtisadiyyatda, həm də mədəni-humanitar sahədə müşahidə olunur. Xüsusi qeyd etmək lazımdır ki, həm Türkmənistan, həm də Azərbaycan dünyada təhlükəsizlik, firavanlıq, sabitlik və inkişaf üçün hər şeyi edir. Bizim ölkələrimiz bu siyasəti həyata keçirmək üçün Birləşmiş Millətlər Təşkilatı, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı və digər nüfuzlu beynəlxalq təşkilatlarda qarşılıqlı fəaliyyət göstərir, bir-birini dəstəkləyirlər".

Türkmənistan Prezidenti qeyd edib ki, biz Sizə minnətdarıq ki, Siz Türkmənistanın neytral statusa əsaslanan siyasətini həmişə dəstəkləyirsiniz: "Ticari-iqtisadi münasibətlərə gəldikdə, bu gün həm Türkmənistan, həm də Azərbaycan energetika, nəqliyyat və digər sahələrdə iri layihələri reallaşdırmaqla nəinki regionda, həm də dünya miqyasında xüsusi yer tutur. Bu, təkcə iki ölkənin, yalnız regionun inkişafına töhfə verməklə məhdudlaşmır, ölkələrimizin reallaşdırdığı layihələr böyük əhəmiyyət kəsb edir və dünyada da müəyyən rol oynayır. Mədəni-humanitar sahəyə gəldikdə, Siz düzgün olaraq qeyd etdiniz ki, bizim dillərimizin, tariximizin, mənəvi dəyərlərimizin kökləri əsrlərin dərinliklərindən başlanır, onlar bir-birinə yaxın və oxşardır. Bütün bunları qoruyub saxlamaq və növbəti nəsillərə çatdırmaq mühüm məqamdır. Əziz qardaşım, hörmətli cənab Prezident, mən Sizə dövləti fəaliyyətinizdə, Türkmənistan-Azərbaycan münasibətlərinin möhkəmlənməsinə, Azərbaycanın firavanlaşmasına yönəlmiş fəaliyyətinizdə böyük uğurlar arzulayıram".

Q.Berdiməhəmmədov vurğulayıb: "Fürsətdən istifadə edib, Sizi Aşqabadda keçiriləcək qapalı məkanlarda döyüş sənəti üzrə V Asiya Oyunlarının təntənəli açılış mərasimində iştiraka dəvət edirəm. Açılış sentyabrın 17-də olacaq. Sizi və Sizin nümayəndə heyətinin üzvlərini böyük ehtiramla dəvət edirəm. Qardaş Azərbaycan xalqına inkişafda böyük uğurlar və firavanlıq arzu edirəm. Gözəl ölkənizə səfərə dəvət olunduğumuza görə Sizə bir daha dərin minnətdarlığımı bildirirəm".
8-08-2017, 14:59
Geri qayıt