Əsas Səhifə > Rəsmi / Xəbər / Son Dəqiqə > Məktəblərdə pullu test keçirilməsinə

Məktəblərdə pullu test keçirilməsinə


13-02-2018, 15:35.
title}
Məktəblərdə pullu test keçirilməsinə


"Məktəblərdə test keçirmək adı ilə pul yığılır".

AFN xəbər verir ki, belə bir iddia ilə "Milli Mədəniyyətin Təbliği” İctimai Birliyinin sədri Jalə Cəfərova facebook səhifəsində çıxış edib. J.Cəfərova valideynlərdən pul yığılmasında Təhsil Nazirliyini suçlayır: "Hamımız bilirik ki, Təhsil Nazirliyinin icazəsi olmadan məktəbə daxil olub bir müəllimə, bir şagirdə yaxınlaşıb sual ünvanlaya bilməzsən. O ki qala hansısa təşkilat gəlib icazəsiz tədbir keçirə. Müəyyən səbəblərdən məktəblərin ünvanını deyə bilməsəm də, altı məktəbdə "TTM” deyilən bir özəl şirkətin özbaşnalığından hiddətə gəlməmək mümkün deyil. Rusdili bölmənin 4-cü siniflərində test keçirilir.
Deyəcəksiniz nə olsun? O olsun ki, məktəb direktorları da təkidlə valideynlərdən tələb edirlər. Bəli, tələb edirlər ki, uşaqlarınızı test imtahanına gətirməyə də bilərsiniz, ancaq qeydiyyatdan keçirib beş manatı ödəməlisiniz, yoxsa, uşaq dərsə buraxılmayacaq".

Təhsil Nazirliyindən AFN-in sorğusuna cavab olaraq bildirilib ki, Təhsil İnstitutunun Təhsil Texnologiyaları Mərkəzi tərəfindən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil məktəblərində sınaq qiymətləndirmələr təşkil edilir: "Sınaq qiymətləndirmələrin keçirilməsində əsas məqsəd şagirdlərin ayrı-ayrı fənlər üzrə bilik və bacarıqları haqqında daha dolğun və obyektiv məlumatlar əldə etmək, bu məlumatlar əsasında aparılan təhlil nəticələrinin müəllim, məktəb rəhbərliyi və valideynlərə müvafiq qaydada çatdırmaqdan ibarətdir.
Beynəlxalq təcrübədə özünü doğrultmuş müvafiq qiymətləndirmə şagird və abituriyentlər üçün psixoloji cəhətdən imtahan həyəcanını dəf etmək, məktəbliləri uğur qazanmağa ruhlandırmaq və ən əsası, məktəblilərin zəif və güclü tərəfləri ilə bağlı ümumi təhlillər aparmaq məqsədi daşıyır. Son nəticədə, bu, həm də müəllimlərin peşəkarlıq səviyyəsinin müəyyənləşməsinə və onların müvafiq bilikləri şagirdlərə aşılama bacarıqlarının aşkara çıxarılmasına zəmin yaradır.
Sınaq qiymətləndirmə üzrə bütün sual və tapşırıqlar tədris proqramına uyğun təşkil olunur. Qiymətləndirilmənin təşkili prosesi testologiyanın tələblərinə əməl etməklə, yüksək səviyyəli mütəxəssislər tərəfindən hazırlanır və obyektivlik təmin edilir. Məzmunun etibarlılığı, prosesin obyektiv və şəffaf təşkili istənilən qiymətləndirmənin təməl prinsipləridir. Məhz bu baxımdan bu sınaq qiymətləndirmə təhsil prosesinin bütün iştirakçılarına şagirdlərin müxtəlif fənlər üzrə bilik və bacarıqları haqqında dolğun və obyektiv məlumatlar əldə etmək imkanı verir. Məlumdur ki, təhsildə keyfiyyətin təmin olunmasına nail olmaq üçün bu növ məlumatlar mühüm əhəmiyyət kəsb edir. Bu məqsədlə gələcəkdə sınaq qiymətləndirmənin o cümlədən müxtəlif yaş qrupları üçün aparılması planlaşdırılır.
Qeyd edək ki, mərkəzləşmiş şəkildə keçirilən sınaq qiymətləndirmə könüllülük prinsipi təşkil edilir. Sınaq qiymətləndirmədə iştirak etmək istəyən şagirdlər valideynlərinin razılığı ilə www.ttm.edu.az saytında qeydiyyatdan keçərək, onlayn ödəniş etməklə, seçdikləri imtahan mərkəzinə yazıla bilərlər.
Yeni fəaliyyət göstərməsinə baxmayaraq, 16000-dən çox istifadəçinin qeydiyyatdan keçdiyi saytdan imtahan nəticələrini yalnız valideynlər və şagirdlər şəxsi kod yazmaqla öyrənə bilərlər".
Geri qayıt