AFN.AZ / Prezidentdən məmurlara xəbərdarlıq:

Prezidentdən məmurlara xəbərdarlıq:

Prezidentdən məmurlara xəbərdarlıq:


"Narahatlıq doğuran sahələrdən biri də inşaat sektorudur. Son illərdə bu sahədə böyük işlər görülüb. Azərbaycanın demək olar ki, bütün şəhərləri tikinti meydançasına çevrilibdir. Həm dövlət kapital qoyuluşu, həm özəl sektor tərəfindən qoyulan investisiyalar inşaat sektorunun inkişafına böyük təkan verib. Azərbaycanda inşaat materiallarının istehsalı ildən-ilə artır. Deyə bilərəm ki, biz bu gün özümüzü əsas inşaat materialları ilə təmin edə bilirik. İlk növbədə, ona görə ki, daxildə buna tələbat var. Çünki biz çox az miqdarda inşaat materiallarını xaricə satırıq. Qarşıya vəzifə qoyulmuşdur ki, idxaldan asılılığımızı azaldaq və daxili bazarı yerli inşaat materialları ilə təmin edək. Yəni, inşaat sektorunun inkişafı ümumi iqtisadi inkişafa təkan verir, məşğulluğu artırır".



Bunu Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin iclasında deyib.

Dövlət başçısının sözlərinə görə, iki-üç il ərzində inşaat sektorunda müəyyən böhran yaranıb və bu, əmək bazarına da dərhal öz mənfi təsirini göstərib:

"Bunlar bir-biri ilə sıx bağlı olan məsələlərdir. Bir daha demək istəyirəm ki, bu sahədə görülən işlər müsbətdir. Ancaq, eyni zamanda, biz nəyi görürük? Bir çox hallarda aparılan tikintilər heç bir meyara sığmır, nə şəhərsalma meyarlarına, nə tikinti meyarlarına. Bəzən memarlıq baxımından çox eybəcər binalar tikilir. Buna son qoymaq üçün çox ciddi tədbirlər görülməlidir və qanunsuz tikililərə son qoyulmalıdır".

Prezidentin sözlərinə görə, Bakı bu gün dünyanın ən gözəl şəhərlərindən biridir.



"Bunu təkcə biz demirik. Bunu demək olar ki, Bakıya gələn bütün qərəzsiz xarici qonaqlar deyir. Sözün əsl mənasında Bakı parlayan bir ulduzdur. Ancaq, eyni zamanda, Bakı şəhərində elə yerlər var ki, utanc gətirir. Binalar heç bir qaydaya riayət olunmadan biri-birinin yanında, ictimai yerlərdə, həyətlərdə tikilir. Bu binaların tikilməsinə kim icazə verir?! Yerli icra orqanları. Bu icazəni təmənnasızmı verir?! Əlbəttə ki, yox.

Biz paytaxtımızı parklar, bağlar, ictimai zonalar şəhərinə çevirmişik. İndi yadınıza salın, əvvəlki dövrlərdə qanunsuz tikilmiş, bir-birinin içinə girmiş binalar həm orada yaşayanlara, həm də şəhər əhalisinə nə qədər əziyyət verirdi. İndi biz təmizlənmiş və sakinləri köçürülmüş yerlərdə ictimai zonalar yaradırıq, orada binalar tikilmir. Bulvar 3 kilometrdən 16 kilometrə uzadılıb, böyük bir ictimai zonadır. Böyük parklar salınıb. Heydər Əliyev Sarayının arxasında gözəl park yaradılıb. Biz oradan vətəndaşları köçürəndə bəziləri deyirdilər, köçürürlər ki, binalar tikilsin. Gözəl bir parkdır. Azərbaycan Dram Teatrının arxasındakı “Sovetski” adlandırılan ərazidəki biabırçı mənzərə aradan götürülür. Yenə də deyirdilər ki, orada binalar tikilir. İndi orada yol qovşaqları tikilir, yol hərəkətinə nəfəs verilir, parklar salınır. Onlarla, yüzlərlə belə işlər indi göz qabağındadır. Vaxtilə bəzi cinayətkarlar tərəfindən qanunsuz zəbt edilmiş yerlərdə indi parklar yaradılır. Yusif Səfərov küçəsi ilə Babək prospektinin kəsişməsində vaxtilə böyük bir ərazi zəbt edilmişdi, istifadəsiz qalırdı. İndi orada böyük parklar salırıq ki, insanlar gəlib dincəlsinlər, istirahət etsinlər. Heydər Əliyev Mərkəzinin qarşısında böyük ictimai zona yaradılıb. Vaxtilə orada işləməyən, dağılmış vəziyyətdə olan zavod yerləşirdi. Yəni, biz bunu edirik. Ancaq götürüb ictimai yerdə, həyətdə, yaxud da ki, insanların istifadə etdiyi yerdə bina tikmək cinayətdir və bunu edən cavab verəcək. Bir daha demək istəyirəm ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin icazəsi olmadan heç bir bina tikilə bilməz", - deyə o əlavə edib.
10-07-2018, 11:41
Geri qayıt