Rəfail Becanov: “Azərbaycan Minsk qrupunun olmayacağını deyəndə, Fransa da, Rusiya da sakitləşəcək...”


“Lavrovun Bakı səfərindən bizim üçün gözlənilən nəticələr alındımı? İndi əsas sual və düşündürən vacib məqam budur. Məhdud informasiya çeşidi olsa da, publik olaraq bir çox suallara cavab tapılmadı. Təbii ki, publik olmayan şəkildə heç bir məsələdən yan keçilməyib. Azərbaycan tərəfi istər “İsgəndər M”, istər sülhməramlıların və xuntanın özbaşınalığı, Njdenin Xocavənddəki heykəlinin sökülməsinə erməni separatçılarının dirənişi və Rusiyanın güzəşti, Zəngəzur dəhlizinin açılmasına ermənilərin bütün vasitələrlə mane olmaq cəhdi müzakirə mövzusu olub”.


Bunu Cebhe.info xəbər portalı və “Cümhuriyət” qəzetinin baş redaktoru Rəfail Becanov deyib.

Baş redaktor bildirib ki, lakin cəmiyyət minalanmış ərazilərin xəritəsi ilə bağlı məsələdən başqa Lavrovdan açıq nəsə eşitmədi:

“Minalanmış ərazilərlə bağlı isə Lavrov bildirdi ki, bu, Ermənistanda müzakirə edilib. "Nə olacaq", "necə olacaq" sualı açıq qaldı. Bizi isə olacaqlar daha çox maraqlandırır.

Lavrovun sülhməramlılarla bağlı mövqeyi dövlətinin maraqlarını ifadə etsə də, ATƏT-in Minsk Qrupunu xatırlatması müəmmadır. ATƏT-in Minsk Qrupu bundan sonra nə edəcək ki?! Humanitar əməkdaşlıq üçün variantlar da 10 noyabr üçtərəfli razılaşmasında və 11 yanvar Moskva görüşündə detallı müzakirə edilib. Belə də diplomatik və yumşaq şəkildə ATƏT-in Minsk Qrupunu xatırlatmağın məramı nədir?”

R.Becanov xatırladıb ki, Minsk Qrupunun işi Qarabağ konfliktinin həllində ədalətli mövqe idi:

“Lakin bu konflikt artıq bitib və yoxdur. Prezident dəfələrlə bunu bəyan edib. Belə də yenidən o qrupu xatırlatmaq nə anlama gəlir? Azərbaycan birmənalı şəkildə o qrup yoxdur və olmayacaq bəyanatı verincə, Fransa da, elə Rusiya özü də sakitləşib, müzakirələrin birbaşa aparılmasına çalışacaq.

Azərbaycan ATƏT-in Minsk Qrupundan birmənalı və rəsmən imtina etməklə, Ermənistanı aşkar dəstəkləyən Fransanı tamamilə oyundankənar vəziyyətə salmalıdır. Rusiya bu halda özünü bitərəf aparmağa məcbur olacaq. Çünki aşkar şəkildə Ermənistanı dəstəkləmək Azərbaycanı itirmək və Cənubi Qafqazda təklənmək deməkdir”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu