Əli Həsənov Qərb mediasındakı sifarişli yazılar haqda


Bu gün Bakı Dövlət Universitetində (BDU) Azərbaycan Milli Mətbuatının 140 illik yubileyinə həsr olunan “Azərbaycan Milli Mətbuatı-140: “Əkinçi” ənənələri və müasir jurnalistika” mövzusunda elmi praktik konfrans keçirilib.

Konfransı açan BDU-nun rektoru, akademik, deputat Abel Məhərrəmov ilk olaraq I Avropa Oyunlarının çox uğurla baş tutduğunu xatırladıb: “17 gün ərzində qeydə alınan yüksək nailiyyətlərin mediada düzgün işıqlandırılması “Əkinçi” qəzetindən bu günə qədər davam edən uğur idi. Oyunlarda iştirak edən dövlətləri bir tərəfə qoyub, digərlərinə bütün baş verənləri nümayiş etdirmək o qədər də asan deyil. I Avropa Oyunları da bu baxımdan gözəl fürsət yaratmışdı. Odur ki, dövlətçilik fikirlərini dünyaya düzgün şəkildə çatdırmaq lazım idi. Sevindirici haldır ki, bunun da öhdəsindən layiqincə gələ bildik. Bir sözlə, Azərbaycan bu gün Avropa müstəvisində özünü çox gözəl nümayiş etdirə bildi”.

Rektor, həmçinin Azərbaycanın yenidən müstəqiliyyinə qovuşduqdan sonra demokratik, hüquqi, dünyəvi dövlət quruculuğunu özünün inkişaf modeli kimi qəbul etdiyini deyib, ölkədə söz və mətbuat azadlığının təmin edilməsindən, KİV-in sərbəst fəaliyyətinə yaradılan şəraitdən danışıb.

O bildirib ki, ümummilli lider Heydər Əliyevin fərman və sərəncamları ilə mətbuatın maddi-texniki bazası, iqtisadi müstəqilliyi daha da gücləndirilib, jurnalistlərin azad fəaliyyəti üçün əlverişli şərait yaradılıb: “Azərbaycan mətbuatı çox gözəl idarə olunur. Kadr hazırlığı, elmi müstəvidə mətbuatın formalaşdırılması əsas məsələlərdəndir ki, bizim universitetdə bu istiqamət hər zaman əsas götürülüb”.

Əksər KİV nümayəndələrinin BDU-nun yetirmələri olduğunu deyən A.Məhhərəmov çıxının sonunda mətbuat işçilərini qarşıdan gələn 140 illik yubiley münasibətilə təbrik edib.

Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov ölkə başçısı İlham Əliyevin milli mətbuatımızın 140 illik yubileyin ilə bağlı imzaladığı sərəncamın əhəmiyyətinə toxunub. Tədbirin BDU-da keçirilməsinin təsadüfi olmadığını deyən Ə.Həsənov bildirib ki, universitet hər zaman mətbuat sahəsinə verdiyi töhfələrlə seçilib, mətbuat tarixinin araşdırılmasında, jurnalist kadrların yetişdirilməsində danılmaz xidmətlər göstərib.

Ə.Həsənov qeyd edib ki, prezident İlham Əliyevin sərəncamına uyğun olaraq, milli mətbuatın 140 illik yubileyi mərasimləri iyun, iyul və avqust aylarını əhatə edəcək: “3 ay müddətində paytaxt və rayonlarda milli mətbuatın 140 illik yubileyi qeyd olunacaq. Bu zaman kəsiyində mətbuatımızın keçdiyi inkişaf yoluna nəzər salınacaq, mətbuat tarixi təkrar araşdırılacaq. Dəyərli ziyalılar və mətbuatın inkişafında mühüm rolu olan şəxslər yada salınacaq. Eyni zamanda, milli strategiya və platformamızı formlaşadıracağıq. Mətbuatın inkişafında mühüm nailiyyətlər əldə olunmalı və buna müvafiq olaraq jurnalistkanın bugünkü durumunu özündə əks etdirən strategiya hazırlanmalıdır. Elit təbəqə müasir geosiyasətdə yerimizi bilməli, kimlərlə qonşu olduğumuzu, xarici və daxili təzyiqlərin haradan və nədən qaynaqlandığını bilməlidir”.

Müstəqil Azərbaycan mediasınının təməlini qoyan şəxsiyyətin ulu öndər Heydər Əliyevin olduğunu diqqətə çatdıran Ə.Həsənov bildirib ki, senzuranın ləğvi də buna bariz nümunədir: “Milli mətbuatın banisi isə Həsən bəy Zərdabidir. Xalq Cümhuriyyətinin süqutundan sonra müstəqil ölkəmizin mediası yüksələn xətlə inkişaf edib. Azərbaycan ikinci dəfə müstəqillik əldə edəndən sonra ilk başlanğıcında media sahəsində müəyyən böhran yaşadı. Bu zaman bəzi siyasi qüvvələr özlərinə müəyyən adda mətbuat orqanları yaradaq ayrı-ayrı siyasi qüvvələrin tərkibində dövlətimizə qarşı çıxış edirdilər. Lakin çox keçmədi ki onlar da sıradan çıxdı”.

Prezidentin köməkçisi qeyd edib ki, qanunvericilik sahəsində 1998-ci ildən bu günə qədər mühüm addımlar atılıb. O, 1995-ci ildə qəbul olunan konstitusiyada söz, fikir və mətbaut azadlığına dair müddəanın yer aldığını xatırladıb: "2000-ci ildə isə Mətbuat Şurası yaradıldı. Jurnlaistika ilə bağlı normativ və hüquqi sənədləri məhz bu şura qəbul edir. Mətbuatın maddi-texniki bazasının yaxşılaşdırılmasına geniş şəraitin yaradılması xüsusi qeyd edilməlidir. Mediaya güzəştli kreditlərin verilməsi, müəyyən vergilərdən azad edilməsi əsas amillərdən biri idi. 2008-ci ildən mediaya dövlət dəstəyi şəffaf şəkildə həyata keçirilməyə başladı. Çünki əvvəllər bu istiqamətdə müəyyən işlər görülsə də, işlər elə də şəffaf deyildi. Bu gün jurnalistikamız əhalinin informasiya almaq hüququnu tam ödəyir”.

Ə.Həsənov vurğulayıb ki, Azərbaycan mətbuatının işi bir çox dövlətlərin qəzəbinə səbəb olursa, deməli hər şey düzgün istiqamətdə gedir: “Jurnalistlərimiz müstəqil şəkildə Azərbaycan problemlərinin altına öz çiyinlərini verib qərəzli yazılara tutarlı cavab verə bilirlər. Müasir dünyada o qədər çox standartlar yaranıb ki, Qərb və digər sistemlər obyektiv gerçəkliklə çıxır edərək həqiqəti qəbul etmək istəmirlər. Qərbi təmsil edən transmilli mediada bəlli mərkəzlərin sifarişi əsasında informasiyalar hazırlanır".(virtualaz.org)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu