Əli Həsənov: Azərbaycan dövləti gənc nəslə etibar edir


Fevralın 5-də Gənclər və İdman Nazirliyi yanında Gənclərlə İş üzrə İctimai Şuranın növbəti iclası keçirilib.

AzərTAc xəbər verir ki, “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın həyata keçirilməsinə həsr olunan iclasda Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, gənclər və idman naziri Azad Rəhimov, gənclər təşkilatlarının nümayəndələri iştirak ediblər.

İclasda azərbaycançılıq ideologiyasının təbliği və gənclərin siyasi fəaliyyəti, beynəlxalq əməkdaşlığın genişləndirilməsi, gənclərin və tələbələrin ictimai fəallığı, insan kapitalının inkişafı, gənclərin elmi fəaliyyəti, onların məşğulluğu, sahibkarlıq fəaliyyəti, müasir çağırışlar və gənclər, Dağlıq Qarabağ münaqişəsi və s. məsələlərlə bağlı müzakirələr aparılıb.

İclası açan İctimai Şuranın sədri Nurəddin Mehdiyev Azərbaycan dövləti tərəfindən gənclərlə bağlı həyata keçirilən siyasət nəticəsində əldə edilən uğurlardan danışıb. O, “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın gənclər üçün mühüm əhəmiyyət daşıdığını xüsusi vurğulayıb.

Gənclər və idman naziri Azad Rəhimov Prezident İlham Əliyevin imzaladığı Sərəncamla təsdiq edilən Strategiyanın əhəmiyyətini yüksək qiymətləndirib, sənəddə əks olunan müddəalarla bağlı məlumat verib. Sənədin əməli və rəmzi dəyərinin çox yüksək olduğunu vurğulayan nazir bildirib ki, Strategiyanın qəbul edilməsi ulu öndər Heydər Əliyevin təməlini qoyduğu gənclər siyasətinin daha bir uğurudur.

Strategiyanın mərkəzində Azərbaycan gənclərinin maraqlarının yer aldığını diqqətə çatdıran A.Rəhimov sənəddə gənclərin potensialını, imkan və tələbatlarını nəzərə almaq üçün 17 fərqli sosial qrupun göstərildiyini qeyd edib. Sənəddə 32 vəzifə göstərilib ki, onların həyata keçirilməsi təkcə bir nazirliyin deyil, hökumətin digər strukturlarının, həmçinin özəl sektor və qeyri-hökumət təşkilatlarının üzərinə düşür.

Sənəddə institusional tədbirlərin rolunun xüsusi vurğulandığını bildirən nazir bununla da gənclərin və gənclər siyasətinin inkişafında yeni mərhələnin başlandığını qeyd edərək deyib: “Biz gənclərin tərbiyəsini artıq görülən ayrı-ayrı tədbirlər vasitəsilə deyil, institusional əsaslarda təşkil olunmasını normativ-hüquqi sənəddə təsbit edirik. Ölkədə həyata keçirilən gənclər siyasətinin müxtəlif institutları, həmçinin qazanılmış iş təcrübəsi və mövcud mexanizmlər bunu etmək üçün yaxşı əsaslar yaradır”.

A.Rəhimov Strategiyanın dövlət gənclər siyasətinin həyata keçirilməsi istiqamətində qəbul edilmiş ən uzunmüddətli sənəd olduğunu vurğulayıb.

Ölkəmizdə gənclər üçün yaradılan şəraitdən danışan Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev hər il respublikamızda Gənclər Gününün geniş qeyd olunduğunu diqqətə çatdırıb, Strategiyanın həyata keçirilməsi ilə bağlı təkliflərini səsləndirib.

Sonra Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Seymur Orucov “Azərbaycançılıq ideologiyasının təbliği və gənclərin siyasi fəaliyyəti”, Gənclər Təşkilatları Milli Şurasının sədri Şahin Seyidzadə “Gənclər təşkilatlarının fəaliyyəti və beynəlxalq əməkdaşlığın genişləndirilməsi”, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Şahin İsmayılov “Gənclərin təhsili və tələbələrin ictimai fəaliyyəti”, “İrəli” İctimai Birliyinin sədri Mirhəsən Seyidov “Gənclərin vətənpərvərlik tərbiyəsi işinin təşkili və hərbi xidmətdə olan gənclər”, Gənclər üçün Təhsil Mərkəzinin icraçı direktoru Fəxrəddin Həsənzadə “İnsan kapitalının və gənclərin fərdi inkişafı”, Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatının sədri Vüqar Qədirov “Qaçqın və məcburi köçkün gənclər”, Azərbaycan Milli Elmlər Akademiyası Gənc Alimlər və Mütəxəssislər Şurasının idarə heyətinin üzvü Nəzmiyyə Yiğitoğlu isə “Gənclərin elmi fəaliyyəti və gənc alimlər” mövzularında çıxışlar ediblər.

Çıxışlarda Strategiyanın həyata keçirilməsi ilə bağlı təkliflər səsləndirilib, bölgələrdə, xüsusən kənd yerlərində yaşayan gənclərin sosial şəraitinin yaxşılaşdırılması, Tələbə Gənclər Gününün qeyd edilməsi, qaçqınlar və məcburi köçkünlər üçün yeni salınan qəsəbələrdə gənclər mərkəzlərinin yaradılması, gənc alimlərin beynəlxalq elmi bazalara sərbəst çıxışına şərait yaradılması və onların mənzil təminatının yaxşılaşdırılması, güzəştli şərtlərlə xarici dil kurslarının təşkili və s. fikirlər irəli sürülüb.

İclasa yekun vuran Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Azərbaycanda dövlət gənclər siyasətinin uğurlarından, bu sahəyə göstərilən dövlət qayğısından danışıb.

Əli Həsənov bildirib ki, bu gün bizi təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş gənclər siyasətinin başlanmasından 20 il ayırır. 1994-cü ildə Gənclər və İdman Nazirliyinin yaradılmasından sonra 1996-cı ildə Azərbaycan gənclərinin birinci forumunun keçirildiyini xatırladan Prezident Administrasiyasının şöbə müdiri həmin dövrdən başlayaraq müstəqil Azərbaycan dövlətinin gənclər siyasətinin təməlinin qoyulduğunu diqqətə çatdırıb.

Ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində Azərbaycan gənclərinin forumlarının uğurla keçirildiyini vurğulayan Əli Həsənov bildirib ki, bu, dövlət gənclər siyasətinin həyata keçirilməsinin dinamik şəkildə davam etdirilməsini göstərir.

Prezident Administrasiyasının şöbə müdiri bu siyasətin uğurla davam etdirilməsi nəticəsində “Azərbaycan Gəncliyi Dövlət Proqramı (2005-2009-cu illər)”, “Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı (2007-2015-ci illər)”, “Azərbaycan gəncliyi: 2011-2015-ci illərdə” Dövlət proqramlarının qəbul edildiyini, 2007-ci ilin ölkəmizdə “Gənclər ili” elan olunduğunu, Gənclər Evinin, Gənclər Fondunun yaradıldığını diqqətə çatdırıb.

Əli Həsənov, həmçinin Azərbaycan Prezidentinin 2013-cü il 4 mart tarixli Sərəncamı ilə Fondun Müşahidə Şurasının yeni tərkibdə formalaşdırıldığını bildirib. Qeyd olunub ki, bu günə qədər Fondun 6 qrant müsabiqəsi həyata keçirilib, ümumilikdə 1865 layihə maliyyələşdirilib. Həmin layihələrdən 668-i gənclər təşkilatları, 1197-si isə fiziki şəxslər tərəfindən icra olunub. Bu da bütövlükdə Azərbaycanda gənclər təşkilatlarının uğurlu inkişafını təmin edib.

Hazırda respublikamızda 31 Gənclər Mərkəzinin fəaliyyət göstərdiyini bildirən Əli Həsənov bu rəqəmin yaxın illərdə 50-dən çox olacağını vurğulayıb. Qeyd olunub ki, Gənclər mərkəzlərində gənclərin inkişafı ilə bağlı bütün məsələlər bilavasitə onların iştirakı ilə həyata keçirilir.

Prezident Administrasiyasının rəsmisi bildirib ki, Azərbaycan dövləti nəinki özünün siyasətində gənclərə üstünlük verir, bu istiqamətdə siyasəti prioritet fəaliyyət kimi, gənclərin bilavasitə iştirakı ilə formalaşdırıb həyata keçirir. Bu, onu göstərir ki, Azərbaycan dövləti gənc nəslə həm etibar edir, onun qayğıları ilə məşğul olur, həm də gənclərin ideyalarını, təkliflərini bilavasitə özlərindən alaraq həyata keçirir. “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın qəbul edilməsi məhz bu siyasətin bariz nümunəsidir.

Azərbaycan dövlətinin daxili siyasətinin təməlində insan amilinin, onun da əsasında isə gənclərin durduğunu bildirən Əli Həsənov Strategiyanın gənclər təşkilatları tərəfindən diqqətlə təhlil olunmasının, bu sənədin əsasında müxtəlif sahələr, qruplar üzrə proqramların hazırlanmasının vacibliyini bildirib.

Gənclər təşkilatlarının təmsilçiləri tərəfindən yaxşı təkliflərin səsləndirildiyini vurğulayan Əli Həsənov digər gənclər qurumlarından da alınacaq təkliflərin ümumiləşdirilərək Strategiyanın həyata keçirilməsi ilə bağlı konkret, praktiki və səmərəli fəaliyyət proqramlarının hazırlanacağına əminliyini bildirib. Diqqətə çatdırılıb ki, Azərbaycan Prezidentinin gənclər təşkilatları, onların fəaliyyəti ilə məşğul olan qurumlar qarşısında qoyduğu vəzifələri icra edərək on il sonra bu Strategiyanın uğurla həyata keçirildiyinin şahidi olacağıq.

Sonda bildirilib ki, Strategiyanın həyata keçirilməsi ilə bağlı gənclər təşkilatlarının irəli sürdükləri təkliflər Gənclər və İdman Nazirliyinə təqdim olunacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu