Prezident İlham Əliyev Misir Müdafiə Nazirliyi Sərhəd Qoşunlarının Komandanını qəbul edib


Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Misir Ərəb Respublikası Müdafiə Nazirliyi Sərhəd Qoşunlarının Komandanı Əhməd İbrahim Məhəmməd İbrahimini qəbul edib.

“Report”un xəbərinə görə, Əhməd İbrahim Məhəmməd İbrahimi Misir Prezidenti Əbdülfəttah əs-Sisinin salamlarını dövlət başçısına çatdırıb. O, Azərbaycanın Misirə dost ölkə olduğunu vurğulayıb. Misirin ölkələrimiz arasında əməkdaşlığı daha da inkişaf etdirməkdə maraqlı olduğunu bildirib.
İki ölkənin sərhəd xidmətlərinin əməkdaşlığına toxunan Əhməd İbrahim Məhəmməd İbrahimi Azərbaycanın Dövlət Sərhəd Xidmətinin rəisinin Misirə, özünün isə Azərbaycana bu səfərinin ölkələrimizin sərhəd xidmətləri arasında əlaqələrin inkişafına töhfə verəcəyini söyləyib. İki ölkənin müvafiq qurumlarının uğurlu əməkdaşlıq həyata keçirdiklərini deyən qonaq bu əməkdaşlığın təhlükəsizlik, hərbi-texniki və digər sahələri əhatə etdiyini deyib. Azərbaycanın hərbi-texniki sahədə və təlimlərin keçirilməsində yaxşı təcrübəyə malik olduğunu vurğulayan Əhməd İbrahim Məhəmməd İbrahimi sərhəd xidmətləri arasında təcrübə mübadiləsinin önəmini də qeyd edib. O, ölkəmizə sabitlik, firavanlıq və bütün sahələrdə inkişaf arzularını çatdırıb.
Dövlət başçısı Azərbaycan ilə Misir arasında ikitərəfli əlaqələrin uğurla inkişaf etdiyini bildirib. Prezident İlham Əliyev Azərbaycanın ölkələrimiz arasında dostluq əlaqələrinin daha da inkişaf etdirilməsinə böyük önəm verdiyini deyib. Dövlət başçısı iki ölkənin sərhəd xidmətləri arasında uğurlu əməkdaşlığa toxunaraq, ölkələrimizin hərbi, sərhəd xidməti, təhlükəsizlik sahələrində əlaqələrinin inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıb. Azərbaycan Prezidenti yüksək səviyyəli qarşılıqlı səfərlərin bu əlaqələrin genişləndirilməsi işinə töhfə verəcəyini deyib.
Prezident İlham Əliyev Misir Prezidenti Əbdülfəttah əs-Sisinin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Misirin dövlət başçısına çatdırmağı xahiş edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu