İlham Əliyev Angela Merkellə birgə brifinq keçirib


Almaniyada işgüzar səfərdə olan Azərbaycan prezidenti İlham Əliyev bu ölkənin federal kansleri Angela Merkellə görüşüb.

APA-nın verdiyi məlumata görə, görüşdən sonra keçirilən mətbuat konfransında Angela Merkel səmərəli müzakirələr apardıqlarını bildirib. O deyib ki, Azərbaycanın Avropanın, həmçinin Almaniyanın enerji təhlükəsizliyində böyük rol oynayır: "Biz bunu yüksək qiymətləndiririk. Biz Cənub Qaz Dəhlizi layihəsini dəstəkləyirik". Merkel bildirib ki, Azərbaycan prezidenti ilə bir çox məsələlər ətrafında fikir mübadiləsi aparıblar, geosiyasi vəziyyəti müzakirə ediblər: "Biz Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışdıq. Avropa Şurasının, Avropa İttifaqının bu məsələdə töhfə verə biləcəyini müzakirə etdik. Dağlıq Qarabağ münaqişəsi yalnız sülh yolu ilə həll oluna bilər". Almaniya kansleri görüşdə Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığını davam etdirməsi, Şərq Tərəfdaşlığı çərçivəsində münasibətlərin genişləndirilməsi barədə də müzakirələr apardıqlarını qeyd edib.

“Azərbaycanla Almaniya arasında münasibətlər çox uğurla və geniş şəkildə inkişaf edir”.

Bunu isə birgə brifinqdə Azərbaycan prezidenti İlham Əliyev deyib. Prezident bildirib ki, iki ölkə arasında siyasi və iqtisadi əməkdaşlıq davam edir və bundan sonra da davam edəcək: “Bu səfərim münasibətlərə daha güclü təkan verəcək. Azərbaycanda çoxsaylı alman şirkətləri fəaliyyət göstərir və biz onların fəaliyyətini dəstəkləyirik. Alman şirkətləri tərəfindən Azərbaycana sərmayə qoyuluşu davam etdirilməlidir”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu