Ayaz Mütəllibov Surət Hüseynovu dəstəklədi




Azərbaycanın keçmiş prezidenti Ayaz Mütəllibov sabiq baş nazir Surət Hüseynovun səs-küylü müsahibəsi ilə bağlı fikirlərini bildirib.

O, Modern.az-a açıqlamasında Surət Hüseynova haqq qazandırıb və deyib ki, onun əməllərinə hər zaman ləkə vurmağa çalışıblar: “Surət Hüseynovun xeyirxah işlərlə məşğul olması danılmaz faktdır. Ona ləkə atmaq yanlışlıqdır. Bəzi azərbaycanlılar öz övladlarını ləkələyib məsələnin əhəmiyyətini də pozurlar. Surət Hüseynova Milli Qəhrəman adını verən də, alan da əsaslandırmalıdır ki, niyə məsələ belə formada təqdim olunub? Zarafat deyil: Milli Qəhrəman adını verib qısa müddətdən sonra əlindən alırsan. Bu necə olur? Elçibəy iqtidarı dövründə ona qarşı silahlı dəstə göndərilib. Orda da qan tökülüb. Kölgəli məsələlər var.

Surət Hüseynovun müsbət əməllərini inkar etmək olmaz. Hərçənd ki, onun bir çox işləri ilə yaxından tanış deyiləm. Amma bildiyimə görə, Qarabağ məsələsi ilə yaxından məşğul olub və əlindən gələni edib. Bunu inkar etmək olmaz. Qaldı ki ordu məsələsinə, o zaman nizami ordumuz yox idi”.

Eks-prezident sabiq baş nazirin Rusiyanın adamı olması barədə deyilənlərə də münasibət bildirib: “Surət Hüseynovun Rusiyanın adamı olduğunu söyləməzdən öncə bunu izah etmək lazımdır: agent olduğunu kim isbat edə bilər? Belə danışmağa nə var ki! Bunu qısqanclıqdan da söyləmək olar”.

“Heç Surət Hüseynovla Moskvada görüşünüz olubmu” sualına Ayaz Mütəllibov belə cavab verib: “Bir dəfə Moskvada görüşdük. Mənim ona deyiləsi sözüm yox idi. Hər halda söhbətimiz oldu. İndi dediklərinin əksəriyyətini o zaman da demişdi. Böhtan olduğunu dilə gətirməklə haqqında yanlış fikirlər söyləndiyini bildirmişdi.

Hətta bir dəfə Nazirlər Kabinetinin iclasında tənqid etdim ki, Yevlax kombinatında əyri-əskikliklər var. Bu məsələ Surət Hüseynova da çatmışdı. O da bu sözlərimdən incimişdi. Mənsə sadəcə, istintaqın kimin günahkar olub-olmadığını göstərəcəyini demişdim”.

Surət Hüseynovun qalmaqallı açıqlamalar verməsinin hansı məqsədi daşımasına gəlincə, Mütəllibov bunları deyib: “Onun uzun illərdən sonra belə açıqlamalar verməsinin hansı məqsədi daşıdığını deyə bilmərəm Bəlkə də təəssüflənir. Bəlkə, incikliyi hələ də qalır”.

Virtualaz.org-dan xatırlatma: bir neçə gün əvvəl sabiq baş nazir Surət Huseynovun böyük siyasətə qayıdışı mövzusunda ölkənin informasiya məkanında ilk baxışda gözlənilməz xəbərlər peyda oldu. O da maraqlıdır ki, bundan əvvəl sosial şəbəkələrdə hal-hazırda Türkiyədə emiqrasiyada olan S.Hüseynovun şəkilləri yayılmışdı. Məhz həmin şəkillərdən sonra jurnalistlər S.Hüseynova onun böyük siyasətə qayıdışı imkanı haqda suallarla müraciət etmişdilər. Ancaq S.Hüseynov özü bu barədə yayılan şayiə və fərziyyələri qəti şəkildə təkzib etmişdi



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu