Bu təlimlər təhdiddir-Azərbaycan XİN


"Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində növbəti təxribatçı hərbi təlimlərin keçirilməsi işğal və təcavüzə əsaslanan mövcud status kvonu saxlamağa və məqsədyönlü şəkildə regionda gərginliyi artırmağa xidmət edir".

Bunu XİN-nin Mətbuat Xidmətinin rəhbəri Hikmət Hacıyev Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan tərəfindən hərbi təlimlər keçirilməsinə münasibət bildirərkən deyib. O bildirib ki, Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərində həyata keçirilən bu təlim güc tətbiq etmək və güc tətbiq edərək hədələməyin daha bir ifadəsidir: "May ayında Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan tərəfindən yaradılmış qondarma rejimə keçirilməsi nəzərdə tutulan qanunsuz “parlament seçkiləri” də Ermənistanın siyasi-hərbi təxribat əməllərinin növbəti tərkib hissəsidir.

ATƏT-in Minsk Qrupu tərəfindən dəstəklənən Böyük sülh sazişi üzərində işə başlamaq əvəzinə Ermənistan tərəfindən siyasi və hərbi təxribatçı əməllər vasitəsilə danışıqlar prosesinə xələl gətirilir".

XİN rəsmisinin sözlərinə görə, işğal və təcavüzə əsaslanan, qəbuledilməz və qeyri-davamlı olan mövcud status kvonunun dəyişdirilməsi, münaqişənin həlli və nəticə etibarilə, regionda sülh və sabitliyin bərqərar olması üçün ilk növbədə Ermənistanın işğalçı qüvvələri işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalıdır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail afn.news@mail.ru




menyu
menyu