Şahin Mustafayev Macarıstanın səfiri ilə müzakirələr aparıb




Oktyabr ayında Budapeştdə Azərbaycan Respublikası Hökuməti və Macarıstan Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 7-ci iclası keçiriləcək, Azərbaycan iş adamlarından ibarət ixrac missiyası Macarıstana səfər edəcək.



Nazirlikdən AFN-ə verilən məlumatda bildirilir ki, bu məsələlərə, eləcə də Azərbaycan-Macarıstan iqtisadi əlaqələrinə və əməkdaşlıq perspektivlərinə dair İqtisadiyyat naziri, Azərbaycan Respublikası Hökuməti və Macarıstan Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın həmsədri Şahin Mustafayev və Macarıstanın ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Viktor Szederkenyi arasında keçirilmiş görüşdə müzakirələr aparılıb. Qarşılıqlı fikir mübadiləsi şəraitində keçirilmiş görüşdə nazir Şahin Mustafayev səfir təyin olunması münasibətilə diplomatı təbrik edib, yüksək səviyyədə olan Azərbaycan-Macarıstan əlaqələrinin onun fəaliyyəti dövründə daha da inkişaf edəcəyinə əminliyini vurğulayıb. Qeyd olunub ki, qarşılıqlı dostluq prinsipləri üzərində qurulan Azərbaycan-Macarıstan əlaqələri iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən nəqliyyat, energetika, ticarət, kənd təsərrüfatı, səhiyyə, təhsil sahələrində uğurla davam edir və əməkdaşlığın genişləndirilməsi üçün imkanlar böyükdür. Azərbaycan bu potensialın reallaşdırılması və ölkələrimiz arasında əlaqələrin daha da inkişaf etdirilməsində maraqlıdır. Yaxın vaxtlarda Macarıstanda Azərbaycanın ticarət nümayəndəsinin təyin olunması, eləcə də qarşılıqlı ticarətin genişləndirilməsi üçün digər mexanizmlərdən istifadə edilməsi planlaşdırılır. Oktyabrın əvvəlində Azərbaycan nümayəndə heyətinin Macarıstana səfəri, keçiriləcək görüşlər və Macarıstan-Azərbaycan biznes dairələrinin görüşü, həmçinin Macarıstana Azərbaycanın ixrac missiyasının təşkili ölkələrimiz arasında iqtisadi əməkdaşlığın inkişafına, yeni əlaqələrin qurulmasına töhfə verəcək. Nazir Şahin Mustafayev vurğulayıb ki, əczaçılıq sahəsində də ölkələrimiz arasında əməkdaşlıq imkanları genişdir. Macarıstan istehsalı olan dərman vasitələrinin Azərbaycanda istehsalı üçün Pirallahı Sənaye Parkında geniş infrastrukturdan və iş adamları üçün əlverişli imkanlardan yararlanmaq olar. Macarıstanın ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Viktor Szederkenyi sentyabrın 12-də Azərbaycan Respublikasının Prezidentinin onu qəbul etdiyini və bu görüşdən böyük təəssüratını ifadə edib. Macarıstan-Azərbaycan iqtisadi əlaqələrinin genişləndirilməsinə dair fikirlərini bölüşən səfir oktyabrda Macarıstana nəzərdə tutulan ixrac missiyasına bu ölkənin iş adamlarının böyük marağı olduğunu, artıq işgüzar görüşlərdə iştirak etmək üçün 100-dən çox macar şirkətinin müraciət etdiyini diqqətə çatdırıb. Səfir Viktor Szederkenyi iqtisadiyyat nazirini oktyabrın 25-də Budapeştdə keçiriləcək “World Export Development Forum 2017”-yə dəvət edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu