Hikmət Cavadov mətbuat konfransı keçirdi, təzyiqlərdən danışdı- FOTO+VİDEO
Bu gün Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri Hikmət Cavadov və Mixail Saakaşvili tərəfdarları mətbuat konfransı keçiriblər.
AFN xəbər verir ki, mətbuat konfransında ilk çıxış edən Hikmət Cavadov son zamanlar Ukraynada baş verən ictimai-siyasi proseslərdə iştiraklarından dolayı onlara qarşı dövlət səviyyəsində təzyiqlərin başlandığını bildirib.
On ildən çoxdur Ukraynada yaşadığını bildirən H.Cavadov əlavə edib ki, Ukrayna Milli Təhlükəsizlik Xidməti Miqrasiya Xidməti və digər dövlət qurumlarına sorğu göndərərək onun ölkədən çıxarılması üçün bütün vasitələrdən istifadə etməyə çağırıb: “Bizim də gürcü qardaşlarımız kimi deportasiya olunmağımızı tələb edirlər”, - deyən H.Cavadov bəzi sənədləri nümayiş etdirib.
Ukraynanın Azərbaycandakı səfiri A.Mişenkonun da bu prosesdə fəal iştirak etdiyini vurğulayan H.Cavadov onun Azərbaycan Xarici İşlər Nazirliyinə məktub göndərdiyini bildirib: “Səfir məktubda bəyan edir ki, bir az əvvəl AŞPA-da Azərbaycan əleyhinə səs verən ukraynalı deputatlar mənə görə, daha doğrusu Saakaşvili tərəfdarı olduğum üçün bu addımı atıblar”.
Mətbuat konfransında çıxış edən ukraynalı və gürcü natiqlər H.Cavadovun sıxışdırlmasının yolverilməz olduğunu, onun Azərbaycan-Ukrayna münasibətlərinin inkişafında xidmətləri olduğunu bildiriblər. Qeyd ediblər ki, H.Cavadov Yanukoviçin hakimiyyəti dövründə Maydan hərəkatına dəstək verdiyi üçün də təzyiqlərə məruz qalıb.