İlham Əliyev: "Azərbaycan Əfqanıstandakı sülhməramlı missiyasının sayını artıracaq"


İlham Əliyev:


"Azərbaycan hərbçiləri NATO kontingenti ilə birgə Əfqanıstanda sülhün və təhlükəsizliyin təmin edilməsi məqsədi ilə xidmət edir".



Bunu Azərbaycan Prezidenti İlham ƏliyevBrüsseldə NATO-nun Baş katibi Yens Stoltenberqlə birgə mətbuat konfransında deyib.

"Azərbaycanın 94 hərbçisi NATO hərbçiləri ilə çiyin-çiyinə Əfqanıstanda sülh və təhlükəsizliyi təmin etmək naminə xidmət edir", - Azərbaycanın dövlət başçısı bildirib.

İlham Əliyev deyib ki, Azərbaycan və NATO artıq bir neçə ildir əməkdaşlıq edir, ölkə NATO-nun bir çox sülhməramlı əməliyyatlarında iştirak edir, hazırda isə Azərbaycan "Qətiyyətli dəstək" missiyasına öz töhfəsini verir.

"Azərbaycan həmçinin multimodal tranzit təqdim edir və koalisiya qüvvələrinə öz hava məkanından istifadəyə verir" - dövlət başçısı vurğulayıb.

"Azərbaycan həmçinin Əfqanıstan silahlı qüvvələri üçün məqsədli fonda öz töhfəsini verməkdədir və baş katibinin dediyi kimi, biz sülhün, təhlükəsizliyin və sabitliyin təmin edilməsinə daha böyük töhfə vermək üçün Əfqanıstanda kontingentimizin sayını artıracağıq", - İlham Əliyev bildirib.

Öz növbəsində NATO-nun Baş katibi Yens Stoltenberq "Qətiyyətli dəstək" missiyası çərçivəsində Əfqanıstanda sülhməramlıların sayını artırmaq haqqında qərara görə Azərbaycan prezidentinə minnətdarlığını bildirib.

Prezident İlham Əliyev həmçinin vurğulayıb ki, Azərbaycan 2004-ci ildən Fərdi Tərəfdaşlıq Planına qoşulub və 4 mərhələni başa vurub, beşinci mərhələ isə hazırda həyata keçirilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu