Yaqub Eyyubov nazirləri bütün güclərini səfərbər etməyə çağırdı


Yaqub Eyyubov nazirləri bütün güclərini səfərbər etməyə çağırdı


2018-ci ilin iyununda Bakıda velosiped idmanının BMX növü üzrə təşkil olunacaq dünya çempionatı ilə əlaqədar Prezident İlham Əliyevin 2017-ci il 15 noyabr tarixli sərəncamına əsasən yaradılmış Təşkilat Komitəsinin dekabrın 13-də ilk iclası keçirilib.

İclası açan Təşkilat Komitəsinin sədri, Azərbaycan Respublikası baş nazirinin birinci müavini Yaqub Eyyubov dövlət başçısının sərəncamı barədə məlumat verərək vurğulayıb ki, Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) velosiped idmanının “BMX Racing” növü üzrə dünya çempionatının 2018-ci il iyunun 5-9-da Bakıda keçirilməsinə dair qərarı Azərbaycanın idman siyasətinin daha bir qələbəsi və beynəlxalq federasiyalar tərəfindən ölkəmizdə görülən işlərə, o cümlədən idman və bədən tərbiyəsi sahəsində əldə olunan nailiyyətlərə verilən növbəti yüksək qiymətdir. O, gələn il keçiriləcək dünya çempionatının Azərbaycanın idman həyatında növbəti mühüm bir hadisə olacağını qeyd edib və Azərbaycana gələcək qonaqların ölkəmizdən xoş təəssüratlarla ayrılması üçün hazırlanmış tədbirlər planının yüksək səviyyədə və tam həcmdə həyata keçirilməsinin vacibliyini vurğulayıb. Bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Olimpiya idman növü olan BMX üzrə dünya çempionatının Bakı şəhərində layiqincə keçirilməsini təmin etmək üçün geniştərkibli Təşkilat Komitəsi yaratması dövlətimizin başçısının bütövlükdə idmanın, o cümlədən velosiped idmanının inkişafına diqqət və qayğısının daha bir bariz nümunəsidir.

“Artıq Azərbaycan dünyada idman ölkəsi kimi tanınır. Respublikamızda ilk Avropa, IV İslam Həmrəyliyi Oyunları, Ümumdünya Şahmat Olimpiadası, şahmat üzrə dünya kuboku yarışları, Avropa və dünya çempionatları yüksək səviyyədə təşkil olunub və qonaqlar ölkəmizdən xoş təəssüratlarla ayrılıblar. Bütün bunlar Prezident İlham Əliyevin beynəlxalq siyasi arenada, iqtisadi sahədə apardığı uğurlu və məqsədyönlü siyasətin göstəricisidir”, - deyə Yaqub Eyyubov əlavə edib.

Sonra vergilər nazirinin müavini, Azərbaycan Velosiped İdmanı Federasiyasının birinci vitse-prezidenti Sahib Ələkbərov geniş təqdimatla çıxış edərək, dünya çempionatına hazırlıqla bağlı görülmüş işlər barədə məlumat verib və bu işləri əks etdirən videoçarxı iclas iştirakçılarının diqqətinə çatdırıb.

Qeyd edib ki, bu günə qədər artıq 30 ölkə dünya çempionatında iştirakla bağlı müraciət edib və onların sayı getdikcə artmaqdadır. Mötəbər yarışın keçiriləcəyi BMX trekində aparılmış yenidənqurma işlərindən sonra bu ilin oktyabr ayında təşkil olunan dünya sınaq yarışı Beynəlxalq Velosipedçilər İttifaqının rəsmi nümayəndələri tərəfindən yüksək qiymətləndirilib və arenanın dünya çempionatını qəbul etməyə hazır olduğu rəsmi məktubla təsdiqlənib.

Baş nazirin birinci müavini, Təşkilat Komitəsinin sədri Yaqub Eyyubov yarışın yüksək səviyyədə keçirilməsi üçün bütün qüvvələrin səfərbər edilməsinin vacibliyini bildirib, dünya çempionatının təşkilinə cəlb olunmuş dövlət strukturlarının rəhbərlərinə müvafiq tapşırıq və tövsiyələr verib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu