Dini etiqad azadlığının Azərbaycan Respublikasında hüquqi əsasları


Dini etiqad azadlığının Azərbaycan Respublikasında hüquqi əsasları


Hörmətli oxucular, Azərbaycan Respublikası real olaraq dini tolerantlığın, multukultural zəminin ən yüksək səviyyədə qiymətləndirildiyi sivil dövlətlər sırasında yer alıb. Ölkəmizdə dini ideologiyası hər nə olursa-olsun hər kəs qanun və hüquq qarşısında bərabər səviyyədə dayanır. İnsanlıq tarixinin özü qədər qdəim olan dinlərə ibadət etmək hər kəsin sərbəst seçimidir. Biz Azərbaycan Respublikasında dini etiqad azadlığnın hüquqi yöndən hansı formada və necə nizamlandığnı öyrənmək üçün bu yazıda Azərbaycan Respublikası Konstitusiyasının maddələrinə və dini etiqad azadlığı haqqında qüvvədə olan qanunvericiliyə müraciət etməklə bunu həyata keçirməyə çalışacağıq.

Əvvəlcə əsas qanunumuz olan Azərbaycan Respublikasının Konstitusiyasının bu haqda maddələrinə nəzər salaq.
Konstitusiyanın 18-ci maddəsində deyilir ki, Azərbaycan Respublikasında din dövlətdən ayrıdır. Bütün dini etiqadlar qanun qarşısında bərabərdir. İnsan ləyaqətini alçaldan və ya insanpərvərlik prinsiplərinə zidd olan dinlərin (dini cərəyanların) yayılması və təbliği qadağandır. Dövlət təhsil sistemi dünyəvi xarakter daşıyır. Bu maddənin göstərişindən belə başa düşülür ki, Azərbaycanda dövlət işləri və siyasəti həyata keçirilərkən heç bir dini idelogiyaya əsas götürülmür və üstünlük verilmir. Təhsil sistemimiz isə heç bir dini ideologiya çərçivəsində nizamlanmır tamami ilə elmi əsaslara söykənir.
Konstitusiyanın “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təminatı” adlanan 71-ci maddəsində isə qeyd edilir ki, heç bir halda heç kəs din, vicdan, fikir və əqidəsini açıqlamağa məcbur edilə bilməz və bunlara görə təqsirləndirilə bilməz. Bu maddədə isə heç kimin dini əqidəsinə görə hər hansı bir qanunsuz təsirə məruz qalmaması təminatı verilir.
Əsas Qanunumuzda bu barədə göstərişləri qeyd etdik və ölkəmizdə bu sahəni daha konkret və detallı şəkildə hüquqi cəhətdən nizama salan “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununa nəzər salaq. Əvvəlcə qeyd edək ki, haqqında danışacağımız qanun Azərbaycan Respublikasında dini etiqad azadlığının Azərbaycan Respublikasının Konstitusiyasına və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə müvafiq surətdə həyata keçirilməsi üçün təminatların yaradırlması, dini qurumların statusunun, hüquq və vəzifələrinin müəyyənləşdirilməsi, dini qurumların fəaliyyəti ilə bağlı yaranan münasibətlərin tənzimlənməsi məqsədi ilə qəbul edilmişdir.
Qanunun elə ilk maddəsində deyilir ki, hər kəsin hər hansı dinə təkbaşına və ya başqaları ilə birlikdə etiqad etmək, dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququ vardır.
Şəxsin dini etiqadını ifadə etməsinə, ibadətlərdə, dini ayin və mərasimlərdə iştirak etməsinə və ya dini öyrənməsinə hər hansı maneə törədilə bilməz. Heç kəs öz dini etiqadını ifadə etməyə (nümayiş etdirməyə), dini mərasimləri yerinə yetirməyə və ya dini mərasimlərdə iştirak etməyə məcbur edilə bilməz. Dini etiqadın və dini həyat tərzinin zor tətbiq etməklə və ya zor tətbiq ediləcəyi ilə hədələməklə, habelə irqi, milli, dini, sosial ədavət və düşmənçilik yaratmaq məqsədi ilə təbliğinə yol verilmir. İnsan ləyaqətini alçaldan və ya insanpərvərlik prinsiplərinə zidd olan dinlərin (dini cərəyanların) yayılması və təbliği qadağandır.
Dini etiqad azadlığı yalnız qanunda nəzərdə tutulan və demokratik cəmiyyətdə zəruri olan hallarda ictimai təhlükəsizlik mənafeləri üçün, ictimai qaydanın təmin edilməsi, sağlamlığın və ya mənəviyyatın və ya digər şəxslərin hüquq və azadlıqlarının qorunması üçün məhdudlaşdırıla bilər. Bu hissədə dini etiqad azadlığının hansı hallarda və istisnalar ilə məhdudlaşdırlmasının hüquqi əsası qeyd edilir.
Dini mərkəz tərəfindən dəvət edilmiş din xadimləri istisna olmaqla, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən dini təbliğat aparılması qadağandır. Valideynlər və ya onları əvəz edən şəxslər, qarşılıqlı razılıq əsasında, uşaqlarını özlərinin dini əqidəsinə və dinə münasibətinə müvafiq olaraq tərbiyə edə bilərlər.
Hər kəs dini mənsubiyyətindən asılı olmayaraq qanun və məhkəmə qarşısında bərabərdir. Şəxsin dini mənsubiyyətinin rəsmi sənədlərdə göstərilməsinə yalnız onun arzusu ilə yol verilir.
Öz dini əqidəsinə görə heç kəs qanunla müəyyən edilmiş vəzifələrin icrasından imtina edə və ya boyun qaçıra bilməz. Bir vəzifənin icrasının dini əqidəyə görə digər vəzifənin icrası ilə əvəz edilməsinə yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda yol verilir. Buna misal olaraq Konstitusiyanın “Vətəni müdafiə” adlı 76-cı maddəsinin bir hissəsini göstərmək olar ki, orada deyilir ”Vətəndaşların əqidəsi həqiqi hərbi xidmət keçməyə ziddirsə, qanunla müəyyən edilmiş hallarda həqiqi hərbi xidmətin alternativ xidmətlə əvəz olunmasına yol verilir.” Yəni şəxs vəzifənin icrasından dini əqidəsinə görə imtina etmir sadəcə başqa alternativ xidmətlə həmin vəzifəni yenə də icra edir.
Peşəkar dini fəaliyyət və din xadimi. Qanunda peşəkar dini fəaliyyət və din xadimi anlayışlarına da konkretlik gətirlmişdir. Belə ki, qeyd edilir ki, dini tərbiyəyə və dini təhsilə, dindarların dini tələbatının ödənilməsinə, dinlərin yayılmasına, dini ayinlərin icrasına, moizələrin (xütbələrin) oxunmasına, dini qurumun inzibati və təşkilati idarəetməsinə yönəlmiş fəaliyyət peşəkar dini fəaliyyətdir.
Din xadimi peşəkar dini fəaliyyətlə məşğul olan dini ali və orta ixtisas təhsilli şəxsdir.
Dövlət və dini qurumlar. Azərbaycan Respublikasında din və dini qurumlar dövlətdən ayrıdır. Dövlət ona aid olan hər hansı işin yerinə yetirilməsini dini qurumlara tapşırmır və onların fəaliyyətinə qarışmır. Bütün dinlər və dini qurumlar qanun qarşısında bərabərdir. Heç bir din (dini cərəyan) və dini qurum barəsində digərlərinə nisbətən hər hansı üstünlük və ya məhdudiyyət müəyyən edilə bilməz.
Dini qurumlar ictimai həyatda iştirak etmək, habelə ictimai birliklərlə yanaşı kütləvi məlumat vasitələrindən istifadə etmək hüququna malikdirlər.
Dini qurumlar siyasi partiyaların fəaliyyətində iştirak etmir və onlara maliyyə yardımı göstərmirlər. Din xadimləri dövlət orqanlarına seçildikdə və ya təyin olunduqda onların peşəkar dini fəaliyyəti həmin vəzifədə olduqları müddətdə dayandırılır. Din xadimləri dövlət orqanlarına seçildikdə və ya təyin olunduqda onların din xadimi kimi fəaliyyəti həmin vəzifədə olduqları müddətdə dayandırılır. Yəni həm din xadimi kimi, həm də peşəkar dini fəaliyyəti həyata keçirən şəxs kimi dayandırılır.
Dini qurumlar cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasının və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması məqsədi ilə onlar üçün müvafiq qanunvericiliklə müəyyən edilmiş tədbirləri yerinə yetirməlidirlər.
Dinin məktəblə münasibəti. Azərbaycan Respublikasında dövlət təhsil sistemi dindən ayrıdır. Dinşünaslıq, dini-idraki, dini-fəlsəfi fənlər, müqəddəs dini kitabların əsasları ilə tanışlıq dövlət təhsil müəssisələrinin tədris proqramına daxil edilə bilər.
Vətəndaşlar istədikləri dildə fərdi qaydada və ya başqaları ilə birlikdə ilahiyyəti öyrənə və dini təhsil ala bilərlər. Dini qurumlar öz nizamnamələrinə uyğun olaraq qanunvericiliklə müəyyən edilmiş qaydada gənclərin və yaşlıların dini təhsili üçün təhsil müəssisələri yaratmaqla müəyyən olunmuş formada təlim-tərbiyə prosesini həyata keçirə bilərlər.
Dini qurumlar tərəfindən gənclərin və yaşlıların müqəddəs kitabları (Qurani-Kərimi, İncili, Tövratı və.s) öyrənmə kursları (qrupları) həmin dini qurumların nizamnamələrinə uyğun olaraq, tabe olduqları dini mərkəz və idarələrin razılığı ilə yaradılır.
Bəs dini durum nədir? Dini mərkəz və idarələr, dini təhsil müəssisələri və dini icmalar, onların birlikləri dini qurumlardır. Dini qurumlar öz mərkəzi (idarələri) ilə təmsil olunurlar.
Dini qurumlar bu Qanuna və təsdiq olunmuş nizamnamələrinə müvafiq surətdə fəaliyyət göstərirlər. Azərbaycan Respublikasında fəaliyyət göstərən islam dini qurumları Qafqaz Müsəlmanları İdarəsinə öz fəaliyyətləri haqqında hesabat təqdim edirlər. Buradan da belə başa düşülür ki, dini qurumlar dövlətin qanunlarına uyğun formada yaradılan dini mərkəzlər, idarələr, icmalar və.s qurumlardır.
Dini qurumun ləğv edilməsi. Hər hansı bir dini qurum 2 halda ləğv edilə bilər: 1. Qurumun təsisçilərinin və ya nizamnamə ilə buna vəkil edilmiş orqanın qərarı ilə. 2.müvafiq icra hakimiyyəti orqanının müraciəti əsasında məhkəmənin qərarı ilə.
Bundan başqa dini qurum məhkəmə qaydasında aşağıdakı əsaslarla ləğv edilə bilər:
-dini qurum tərəfindən onun yaranma məqsədlərinə zidd olan fəaliyyətin həyata keçirilməsi;
-dini etiqadın və dini həyat tərzinin zor tətbiq etməklə və ya zor tətbiq ediləcəyi ilə hədələməklə, habelə irqi, milli, dini, sosial ədavət və ya düşmənçilik yaratmaq məqsədi ilə təbliğ edilməsi, dini etiqadı ifadə etməyə (nümayiş etdirməyə), dini mərasimləri yerinə yetirməyə və ya dini mərasimlərdə iştirak etməyə məcbur etmə, insan ləyaqətini alçaldan və ya insanpərvərlik prinsiplərinə zidd olan dinin (dini cərəyanın) yayılması və təbliğ edilməsi;
-ictimai təhlükəsizliyin və ya ictimai qaydanın pozulması;
-dini ekstremist fəaliyyətlə məşğul olma;
-terrorçuluğa, terrorçuluğun maliyyələşdirilməsinə, təxribata və ya zorakı cinayət əməllərinə yönəlmiş hərəkətlərin edilməsi;
-dünyəvi təhsil alınmasına mane olma;
-dini qurumun üzvlərinin və digər şəxslərin dini qurumun xeyrinə öz əmlakından imtina edilməsinə təhrik və ya məcbur etmə;
-zor tətbiq etməklə və ya digər qanunsuz əməllərlə şəxsin dini qurumdan çıxmasına mane olma;
-şəxsləri qanunla müəyyən edilmiş vəzifələrin icrasından imtina edilməsinə və digər qanunsuz hərəkətlərin edilməsinə təhrik etmə;
-dövlət qeydiyyatına alınması üçün tələb olunan məlumatlarda və ya sənədlərdə edilmiş dəyişikliklər barədə məlumatın müvafiq icra hakimiyyəti orqanına təqdim edilməsinə dair həmin orqanın bir il ərzində iki yazılı tələbinə əməl olunmaması.

Dini mərkəz və idarələr dini icmalar barədə yuxarıda sıralanan məlumatlara malik olduqda, həmin dini icmaların təsisçilərinin tərkibinin dəyişdirilməsinin və ya icmanın ləğvinin zəruriliyi barədə müvafiq icra hakimiyyəti orqanının qarşısında vəsatət qaldırırlar.
Dini ekstremist fəaliyyətlə məşğul olan dini qurumların fəaliyyəti qadağan edilir. Dini qurumlar qanunvericiliyə və öz nizamnamələrinə müvafiq surətdə hüquqi şəxs statuslu nəşriyyat, poliqrafiya, istehsal, bərpa-tikinti müəssisələri, yetimxanalar, internatlar, xəstəxanalar və sair təsis edə bilərlər. Bununla yanaşı dini qurumların həm müstəqil, həm də təsis etdiyi fondlar, o cümlədən ictimai fondlar vasitəsi ilə xeyriyyəçilik və mədəni-maarif fəaliyyət göstərmələrinə qanun ivazə verir.
Dini ayinlər, mərasimlər və atributlar. Dini qurumlar ibadətlər və dini yığıncaqlar üçün onlara münasib yerlərə, habelə bu və ya digər dində müqəddəs sayılan ziyarətgahlara himayədarlıq edib, onları saxlamaq və onlardan istifadə etmək hüququna malikdirlər.
Qanunun tələbləri nəzərə alınmaqla ibadətlər, dini ayinlər və mərasimlər ibadətgahlarda və onlara məxsus ərazidə, ziyarətgahlarda, qəbristanlıqlarda, dini qurumların idarələrində, vətəndaşların mənzillərində və evlərində maneəsiz keçirilir.
İslam dininə aid ayin və mərasimlərin aparılması yalnız Azərbaycan Respublikasının vətəndaşları tərəfindən həyata keçirilə bilər. Xaricdə dini təhsil almış Azərbaycan Respublikasının vətəndaşları Qafqaz Müsəlmanları İdarəsi tərəfindən Azərbaycan Respublikası Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi ilə razılaşdırmaqla islam dininə aid ayin və mərasimlərin aparılmasına buraxıla bilərlər.
Qoşun hissələrinin komandanlığı (müstəsna hallardan başqa) hərbi qulluqçuların boş vaxtlarında ibadət etmələrinə və dini ayinləri yerinə yetirmələrinə mane ola bilməz. Əsgəri bölmələrdə hərbi rəhbərliyin razılığı ilə ruhanilərin fəaliyyətinə yol verilir.
Xəstəxanalarda, qospitallarda, qocalar və əlillər evlərində, yataqxanalarda, ibtidai həbs yerlərində ibadətlər və dini ayinlər orada olan şəxslərin xahişi ilə keçirilir. Həmin idarələrin müdiriyyəti ruhanilərin dəvət olunmasına yardım göstərir, ibadətin, ayinin və ya mərasimin keçirilməsi vaxtının və başqa şərtlərinin müəyyənləşdirilməsində iştirak edir. Digər hallarda açıq ibadətlər, dini ayinlər və mərasimlər yığıncaq, mitinq, nümayiş və yürüşlərin keçirilməsi üçün müəyyən edilmiş qaydada icra olunur. Dini qurumlar xəstəxanalarda, qospitallarda, qocalar və əlillər evlərində, yataqxanalarda, cəzaçəkmə müəssisələrində olan vətəndaşlara ibadətlər keçirilməsi üzrə təkliflərlə müraciət etmək hüququna malikdirlər.
İbadətgahlardan kənarda, ictimai yerlərdə dini şüarların və digər dini atributların (şəxsin üstündə gəzdirdiyi dini atributlar istisna olmaqla) nümayiş etdirilməsi qadağandır. Dini bayraqlar yalnız ibadətgahların, dini mərkəz və idarələrin qapalı yerlərində yerləşdirilə bilər.
Dini qurumlarda işləyən vətəndaşların əmək hüququ, sosial sığortası və pensiya təminatı. Dini qurumlarda əmək müqaviləsi üzrə işləyən vətəndaşlara əmək qanunvericiliyinin tələbləri istisnasız tətbiq olunur. Dini qurumların işçilərinin sosial sığortası “sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu, pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.
Hörmətli oxucu, haqqında danışdığımız “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununa ümumi nəzər saldıqda nəticədə belə qənaətə gəlirik ki, ölkəmizdə dini etiqad azadlığı qanunla müəyyən edilir və qrounmasına təminat verilir. Həmçinin, qanun yol verdiyi qaydada hər hansı dini inancın ibadətinin yerinə yetirilməsinə qanunvericiliklə dövlət təminatı verilir. Hər kəs dini etiqadına görə qanun və hüquq qarşısında bərabərdir.

Elvin ZEYNAL



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu